Azərbaycan müharibəyə başlayır

Paylaşılma tarixi: Apr 03, 2015 5:28:23 PM

Azərbaycan Müdafiə Nazirliyi ölkə silahlı qüvvələrinin tarixində ilk dəfə irimiqyaslı gecə manevrlərinə başlayacağını elan edib. Bununla bağlı Müdafiə Nazirliyinin rəsmi saytının yaydığı məlumatda bildirilir: “Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında aprelin 5-dən Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə ilk dəfə olaraq gecə vaxtı irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayacaq. Təlimlərə 15000 nəfərədək şəxsi heyət, 200-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 300-dən artıq qurğusu, Hərbi-Hava Qüvvələrinin 12 ədəd döyüş helikopteri və 8 ədəd döyüş təyyarəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə kompleksləri ilə silahlanmış hava hücumundan müdafiə bölmələri və zenit-raket birləşmələri cəlb ediləcək. Təlimlərdə quru qoşunlarının birləşmə və hissələrinin idarə olunması, hücum əməliyyatlarının təşkili və aparılması, gecə vaxtı və məhdud görmə şəraitində tank və PDM qruplarının düşmənin müdafiə xəttini yarması, eyni zamanda taktiki hava desantının düşmən bölmələrinin arxasına atılması, hücumda olan qoşunların dəstəyi üzrə hava hücumundan müdafiə qoşunlarının qarşılıqlı fəaliyyəti məsələlərinin öyrənilməsi mövzularında tapşırıqlar yerinə yetiriləcək.

 Gecə şəraitində motoatıcı və tank bölmələri, raket və artilleriya qurğuları, zenit-raket kompleksləri, təyyarə və helikopterlər döyüş atışlı mərmi və raket buraxılışlarını, o cümlədən bombalamanı icra edəcəklər. Təlimlər aprelin 10-dək davam edəcək”.

 Təlimlərin ssenarisindən də göründüyü kimi, Azərbaycan ordusu işğal altındakı əraziləri düşməndən azad etmək üçün qəfil və irimiqyaslı gecə hücumu taktikasını nəzərdən keçirir. İndiyədək silahlı qüvvələrimiz bir neçə irimiqyaslı manevrlər keçirsə də ilk dəfədir ki, məhz gecə saatlarında bütün qoşun növlərinin iştirakı ilə təlimlər keçiriləcək.

 Nəzərə almaq lazımdır ki, gecə saatlarında bu cür irimiqyaslı hərbi manevrlərin keçirilməsi xüsusi peşəkarlıq, müasir gecəgörmə qurğuları və digər müasir sistemlərlə təchizat tələb edir. Hərb elmində düşməni qəfil haqlamaq üçün gecə saatlarında hücuma başlamaq xeyli taktiki üstünlüklər vəd edir və müharibənin gələcək taleyində həlledici rol oynaya bilər.

http://istiqlal.az/