“Şəki-İpək” ASC-nin normal rejimdə işləməsi barədə deyilənlər həqiqətə uyğun deyil

Paylaşılma tarixi: Aug 16, 2015 5:33:27 PM

Avqustun 14-də bəzi xəbər saytları cəsarət edərək “Şəki-İpək” ASC-nin baş müəssisəsində istehsalın tam dayanması barədə məlumatı yaydılar. Lakin az keçmədən onların demək olar ki hamısı yaydıqları bu xəbəri təkzib etdilər.Əslində isə birinci yayılan xəbər tamamilə doğru idi... Həqiqətən, artıq bir həftədir ki, “Şəki-İpək” ASC-nin baş müəssisəsininin fəaliyyətdə olan sonuncu sexi - Pambıq əyirici sexi də istehsalı dayandırmış və bu sexin də işçiləri “öz xahişləri ” ilə öz hesablarına 2 həftəlik məzuniyyətə göndərilmişlər. Səbəb kimi istehsel prosesində istifadə edilən konusun olmaması, daha doğrusu onu almaq üçün pulun olmaması vurğulanır.  Elə pulun olmaması ucbatından iyulun 1-nə qədər baş müəssisənin digər sexlərində də istehsal dayandırılmış, işçilər isə yenə də “öz xahişləri ” ilə öz hesablarına 3 aylıq məzuniyyətə göndərilmişdilər. Səbəb isə Çindən ipək gətirilməsi üçün lazım olan 1 milyon dollar məbləğində pulun olmaması göstərilir. Əvvəllər xammal almaq üçün pulu Azərbaycan Beynəlxalq Bankı ödəyirdi. İndi isə bu bankda bütün əməliyyatlar dayandırıldığından, Çindən ipək gətirilməsi üçün lazım olan 1 milyon dolları da ənənəvi qaydada ödəmək mümkün deyildir. Əgər xammal almaq üçün 1 milyon dollar ödəyən tapılarsa, xammalın Çindən Şəkiyə gətirilməsi üçün ən yaxşı halda 3 ay vaxt lazımdır.

 Yeri gəlmişkən əlavə edək ki, “Şəki-İpək” ASC-nin Beynəlxalq Banka kredit borcu 70 milyon manatı keçib. Ən pisi isə budur ki, müəssisə son illər ildə ən yaxşı halda cəmi 5-6 milyon manatlıq məhsul istehsal etdiyi halda, paralel olaraq kredit borcu da 13 % artır. Məsələn, 5 milyon manatlıq məhsulun qazancı ən yaxşı halda 1 milyon manat olarsa, deməli, bu il müəssisə 5 milyon manatlıq məhsul istehsal edəndə kredit borcunu azaltmaq imkanına malik olmayacaq və paralel olaraq kredit borcu 10 milyon manat artaraq 80 milyon manata çatacaqdır.

 Göründüyü kimi, “Şəki-İpək” ASC-nin baş müəssisəsində istehsalın tam dayandırılması xammal, aqreqat çatışmamazlığı ilə bağlı olmaya da bilər.

“Şəki-İpək” ASC-də işin bərpası üçün birinci növbədə kredit borcunun silinməsi, yaxud dondurulması vacibdir. Daha  sonra Azərbaycanda baramaçılığın bərpasına nail olmaq lazımdır. Unutmayaq ki, neft-qaz tükənən sərvətlərdir, təbii ipək isə heç vaxt tükənə bilməz. İpək strateji məhsuldur, ipək valyutadır, dünya bazarında ipəyin daima alıcısı var. Xanlıq dövründə də, Çar Rusiyası dövründə də, Sovet hökuməti dövründə də ipəkçilik daima dövlətin ciddi nəzarətində olmuş, bu sahənin inkişafı üçün dövlət tərəfindən ciddi tədbirlər görülmüşdür. Barama həm də sənayedə iş yeridir. Məsələn, 1917-ci ildə Şəkidə 8 min fəhlə barama emalı ilə məşğul idi. 1990-cı ildə isə barama emalı sahəsində 3 mindən çox fəhlə işləyirdi. “Şəki-İpək” ASC-nin Baramaaçan istehsalatı 2011-ci ildə dayananada isə 300 nəfər fəhlə işsiz qaldı. İndi heç bir ölkə xaricə barama satmır, fikirləşirlər ki, baramanı xaricə satmaqdansa, emal edib ipək şəklidə satsalar, öz əhalilərini iş yeri ilə təmin etmiş olarlar. Biz isə kənd təsərrüfatında barama istehsal etmirik, min illik baramaçılıq ənənəmiz məhv olur, nəticədə ipək sənayemizi də məhv edirik.

Aydın Məmmədov