Azərbaycan üçüncü qızıl medalı qazandı - FOTO
Paylaşılma tarixi: Jun 13, 2015 4:1:31 PM
Bu gün "Bakı-2015" I Avropa Oyunlarında yunan-Roma güləşçilərinin mübarizəsinə start verilib. 71 kq çəki dərəcəsində güləşən Rəsul Çunayev də yarışa 1/8 finaldan start verib. Universiadanın qalibi, dünya və Avropa çempionatının mükafatçısı ilk görüşdə moldovalı Daniel Kataraqa ilə üz-üzə gəlib. Millimizin liderlərindən olan Çunayev arenaya toplaşan azarkeşlərə sevinc bəxş edib. O, rəqibinə asanlıqla qalib gələrək, mərhələ adlayıb. Rəsul 1/4 finalda Dominik Etlinqerlə (Xorvatiya) gücünü yoxlayıb. Təmsilçimiz qələbə seriyasını davam etdirərək, rəqibini 4:0 hesabı ilə məğlub edib. Yarımfinalda Rəsul çətinliklə üzləşməyib. O, Svilen Kostadinovla (Bolqarıstan) görüşü 10:0 hesabı ilə öndə bitirərək, finala çıxaraq, ən azı gümüş medalı təmin edib. Çunayev finalda macarıstanlı Balint Korpasi ilə üz-üzə gəlib. İdmançımız rəqibini 3:1 hesabı ilə məğlub edib və Azərbaycan üçüncü qızıl medalı qazandırıb.