“Putin strateji baxımdan məğlub oldu” – Vəfa Quluzadə
Paylaşılma tarixi: Feb 15, 2015 11:31:3 AM
Ukraynadakı münaqişənin həlli ilə bağlı fevralın 11-12-də Minskdə aparılan danışıqlar və əldə olunan nəticələrlə bağlı müxtəlif fikirlər səslənir. Razılaşdırılan sənədin birinci bəndini ekspertlər mühüm addım kimi dəyərləndirir. Önəmli məqam Ukraynanın unitar dövlət olaraq qalması və bunun Rusiya tərəfindən tanınmasıdır.
Daha bir mühüm məqam separatçıların hazırda nəzarətində olan ərazilərin Ukrayna yurisdiksiyasına qaytarılmasıdır. Ukrayna ərazisindən xarici qoşunların çıxarılması da danışıqlarda əldə olunan ən böyük uğur sayılır.
Ekspertlər Rusiyanın görüşdə əldə etdiyi nəticələri önməli saymır. Rusiya separatçılar üçün yalnız cüzi hüquqlar əldə edə bilib. Və ən önəmlisi isə odur ki, Rusiya istədiyi kimi, münaqişəni növbəti dondurulmuş münaqişəyə çevirə bilmədi.
Bəs, Minsk görüşünün nəticələri necə dəyərləndirilməlidir? Əldə olunan sənədlə bağlı gözləntilər nədən ibarətdir? Politoloq Vəfa Quluzadə azadlıq.info-ya açıqlamasında qeyd edib ki, Minskdə əldə olunun razılaşmaya iki səpkidən yanaşmaq lazımdır. Onun fikrincə, sənəd taktiki baxımdan Putinə xeyir verir. Yəni Putin şərqi Ukraynada Qarabağ problemi yaratmaq istəyir. Əldə olunan atəşkəs, Luqansk və Donetskdə keçirilən seçkilər Qarabağ probleminin yaranmasına imkan verir. Amma əldə olunan razılaşma strateji baxımdan Putinin məğlubiyyətidir: “Çünki sülhün sürdüyü müddətdə Ukrayna Avropa və ABŞ-ın köməyi ilə hərbi cəhətdən güclənəcək. Ukraynaya müasir silahlar veriləcək. Kiyevin apardığı islahatlar dövləti inkişaf etdirəcək. Luqans və Donetsk isə bu inkişafdan qalacaq. Rusiya isə bu separatçılara dəstək ola bilməyəcək. Çünki öz iqtisadiyyatı bərbad vəziyyətdədir. Rusiya öz iqtisadiyyatı ilə məşğul olmaq əvəzinə boynuna yeni yük götürür. Putin yeni ərazilərlə də məşğul olmalıdır. Amma Putin özünün ”kiçik Rusiya” planını tam həyata keçirə bilmədi. Rusiya Ukraynanın tam şərqini tuta bilmədi”.
Qərblə Rusiya qarşıdurmasının uzun proses olacağını deyən V.Quluzadə bildirdi ki, məhz bu qarşıdurma SSRI-ni çökdürdü. Rusiyanın hazırda seçim qarşısında qaldığını söyləyən V.Quluzadə qeyd etdi ki, ABŞ hazırkı qarşıdurmada qalib gəlməkdədir. Yalnız ABŞ Rusiyanı aqressiv siyasətdən çəkindirə bilər.
http://azpolitika.info/