Baş Göynük və Aşağı Göynük kənd ağsaqqalları və ziyalıları adından Prezidentə müraciət

Paylaşılma tarixi: Feb 14, 2016 5:48:14 PM

Azərbaycan Respublikası prezidenti İlham Əliyev cənablarına

Baş Göynük və Aşağı Göynük kənd ağsaqqalları və ziyalıları adından

Aşağı Göynük – Baş Göynük – Baş Şabalıd avtomobil yolunun tikintisinin yarımçıq qalması və bunun səbəbləri ilə bağlı müraciət

Hörmətli cənab Prezident!

Sizin göstərdiyiniz diqqət və qayğının nəticəsinə Şəki şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2013-cü il avqustun 20-də və 2014-cü ilin iyulun 3-də imzaladığınız sərəncamlara əsasən on səkkiz min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük–Baş Göynük–Baş Şabalıd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 2,5 milyon (iki milyon beş yüz min) manatı və sonradan 3,3 milyon manatı Şəki Şəhər İcra Hakimiyyətinə ayrılmışdır.

Aşağı Göynük–Baş Göynük–Baş Şabalıd avtomobil yolunun tikintisi məqsədilə vəsait ayrılması barədə sərəncamlar o vaxt Baş Göynük və Aşağı Göynük kənd sakinlərini çox sevindirmişdi.

Amma görülən işlərin 2014-cü ilin avqustundan yarımçıq qalması biz sakinləri pərişan etdi. Belə ki iş icraçısı hesab edilən “Azəryolservis”in Şəki rayonu üzrə yol idarəsi tenderin “qalibi” olaraq başladığı işi yarımçıq qoymasının səbəbini vəsaitin qurtarması ilə izah edir. Ümid edirdik ki 2016-cı ilin yanvarında dövlət büdcəsindən yenə 5,8 milyon manat avtomobil yolunun tikintisinin başa çatması üçün ayrılacaq. Amma respublikadakı iqtisadi böhrana görə belə bir vəsaitin bir daha ayrılmayacağını bildiyimizdən hamımızın qanı qaralmışdır.

Əslində cənab Prezident, cəmi 15 km uzunluğu olan bu yolun başa çatdırılması üçün sizin tərəfinizdən ayrılmış 5,8 milyon manat (kursa görə isə 7,5 milyon ABŞ dolları) pul əgər düzgün xərclənsəydi, hesab edirik ki yolumuz çoxdan hazır olardı.

Hazırda sözgedən yolun 5 km-i daşlı-çınqıllıdır, 6 km-i tam hazırdır, 4 km-lik hissəsi isə astar vurulmuş vəziyyətdədir. Yolun eni 5,5 m-dir. Yolun asfaltdan əvvəlki hissəsinə yoldan 50 m aralıda olan çaylaqdan daş və çınqıl material tökülmüşdür. İşin icrası zamanı idarənin texnikasından və işçi qüvvəsindən istifadə edilmişdir. Hansı ki həmin fəhlələrə idarə əvvəldən maaş verdiyindən onlara ayrılan əsas vəsaitdən əlavə pul ödənişləri edilməmişdir. Bir sözlə, yolun çəkilişi zamanı yalnız bişmiş asfalt üçün ayrılmış 5,8 milyon manatdan pul xərclənmişdir. Hesab edirik ki bu yolun çəkilişi üçün icraçı təşkilat cəmi 400 000 – 450 000 manat pul xərcləmişdir. Burada dövlət vəsaitinin mənimsənilməsi faktı göz qabağındadır.

Yolun bərbad və yarımçıq qalması nəticəsində kənd sakinlərinin şəxsi avtomobilləri tez-tez sıradan çıxır. Sürücülər (Ələkbər, Fərman...) dəfələrlə yuxarı orqanlara şikayət etdiyi zaman onları çağırıb hədə-qorxu gəlmişlər. Eləcə də cənab Prezident, sizin birbaşa göstərişiniz əsasında 2005-ci ildə Şin çay üzərində inşa edilmiş körpü də hazırda qəzalı vəziyyətə düşmüşdür. Belə ki bu körpünün tikintisinə ayrılan 6 milyon manat vəsaitin də cüzi hissəsi bu tikintiyə sərf edilmişdir. Körpünün əsas 100 metr uzunluğu olan 2 ədəd dayaq dəmirləri isə kolxoz dövründən qalmışdır ki, onu da “Körpü-Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov öz işləri kimi sənədləşdirib ayrılan vəsaiti mənimsəmişdir.

Yollarımızın tikintisinə göstərdiyiniz böyük diqqətə görə göynüklülər sizə hədsiz minnətdardırlar. Həqiqətən də yol həyatdır, yol sakinlərin rahatlığı üçün nəzərdə tutulsa da dövlət vəsaitini mənimsəyənlər hələlik buna imkan vermirlər.

Hörmətli cənab Prezident, göynüklülər həmişə qədirbilən, sözünü cəsarətlə deyən, vəfalı və sədaqətli insanlar olublar. Bu gün də belədir. Hesab edirik ki, bu böhranlı dövrdə öz varidatlarını artırmaq naminə xalqı dövlətdən narazı salanların tezliklə tapılaraq ifşa olunmasının zamanıdır. Bircə xahişimiz var ki, tezliklə yolumuzu və körpümüzü pis günə qoyan korrupsiyalaşmış dəstə üzvlərinin işlərinin qanunauyğun surətdə təftiş edilərək layiqli cəzalarının alınması barədə göstəriş verəsiniz.

Bütün bunlara görə Baş Göynük və Aşağı Göynük kənd ağsaqqalları və ziyalıları adından sizə dərin minnətdarlığımızı bildiririk.

09 fevral 2016-cı il

Əlavə:

Bu şəkildə sol aşağı tərəfdə iri çala görünür. Buradan daş-çınqılı yığıb daşıyıblar cəmi 50-150 m rəsmiləşdiriblər ki, guya Zaqataladan, Qəbələdən çınqıl və asfalt gətiriblər?! Hər maşın yükə 200 AZN olmaqla. Amma burada Yol İdarəsinin texnikası və fəhlələri işləyib. Fəhlələr isə həmişəki kimi yalnız 200-300 AZN əmək haqlarını alıblar. Onlara yol tikintisi üçün ayrılan puldan heç nə verilməyib. "Qara Mühasibatlıq" sənədinə görə isə bəlkə də hərəsinə aylıq 2500AZN yazılıbdır. Məntiq var, axı belə yolun tikintisinə birinci növbədə tender keçirilməli və qalib firma verdiyi səmərəli təkliflərinə görə tikintidə öz fəhlə briqadası və texnikası ilə bu işi görməli idi. İstənilən halda inşaat ekspertizası keçirilsə onların gizlədəsi heç nəyi qalmayacaq və hər şey ortalığa çıxacaq. Bu quldurlar da bundan qorxurlar və məsələnin şişməsi tərəfdarı deyillər.

Sadıq Fətəliyev

Qəzalı vəziyyətdə olan yeni körpü: