BDU-da qalmaqal: tələbələr etiraza qalxdı

Paylaşılma tarixi: Feb 05, 2015 6:41:13 PM

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi, hüquq elmləri doktoru, professor Sərvər Süleymanlının işdən uzaqlaşdırılması ilə bağlı aparılan hazırlıqlara tələbələr kəskin etiraz ediblər. “Hüquq elmləri üzrə doktor, professor, mülki hüquq üzrə mübahisəsiz ekspert olan Sərvər Süleymanlı adı Azərbaycan təhsil sistemində ləyaqəti, elmi, tətbiqi yöndən müasir standartlara cavab verən müəllim kimi başa düşülür. Bu ad həm də Azərbaycan hüquq sisteminin formalaşmasında müstəsna rolu olan Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında da mövcuddur”.Bu sözlər S.Süleymanlının çoxsaylı tələbələri tərəfindən imzalanan və AzNews.az-a ünvanlanan məktubda əksini tapıb. Məktubda qeyd edilir ki, bir çox qərarlarda ekspert qismində çıxış edən bu şəxs pedoqogikası qədər şəxsi keyfiyyətlər yönündən də zənginliyi ilə seçilir: “Bütün tədris ocaqlarında tələbələri ilə səmimi münasibətlərin qurulması, ən başlıcası, fərq qoymadan hər kəsin biliyinə görə qiymətləndirilməsi bu müəllimin əsas prinsiplərindədir. Hazıra Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi olan və mülki hüquq sahəsində Azərbaycanda ən çox qəbul edilən bir ekspertin başına açılan oyunlar tələbələrin etirazına səbəb olmaqdadır.

 Bir milləti məhv etmək istəyirsənsə, öncə təhsilini məhv etməlisən, - deyiblər. Sərvər müəllimə qarşı olan bu qanunsuzluqlar öncə Azərbaycanın təhsil sisteminin imicinə xələl gətirməkdə, hüquqi potensiallı tələbələrin bu şəxsdən bəhrələnməsinə maneçilik törətməkdədir. Dəfələrlə ölkə başçımız cənab İlham Əliyev qeyd edib ki, biz neft istehsalı potensiallmızdan istifadə edərək, insan resurslarını və təhsilimizi gücləndirməliyik. Dövlət başçımızın bu cür siyasətinin əks olaraq, ideal bir müəllimə qarşı haqsız repressiyaların səbəbi nədir?”

 Tələbələr qeyd edirlər ki, Sərvər müəllim heç vaxt rüşvət almır, müəllim adını heç nəyə satmır, şərəfli insan və gözəl pedaqoqdur:

 “Onun tələbələr arasında, universitet daxilində bu qədər rəğbət qazanması, Azəbaycan Respublikasının Ali Məhkəməsində və Konstitusiya Məhkəməsində bir çox məsələlərdə ekspert kimi qəbul edilməsi Hüquq fakültəsinin dekanatlığını qısqandırmağa başlamış, ilk öncə onun dekan müavini kimi vəzifədən kənarlaşdırılmasına nail olmuşlar. Səbəb isə onun guya Türkiyədəki “paralel yapı" ilə əlaqəli olmasıdır”.

 Tələbələri müəllimlərinə vurulan bu ləkəni cəfəngiyyat adlandırmaqla bərabər, Sərvər müəllimə qarşı ədalətsiz repressiyanın bəhanəsi sayırlar:

 “Hazırda xüsusi “Sabah” qrupunda olan tələbələri məcbur edir, onun əleyhinə ifadə alır, guya Sərvər müəllimin tədrisini istəmədikləri yönündə ərizələrə imza atmalarını tələb edirlər. Bu işə canfəşanlıq edən isə imtahan öncəsi Sərvər müəllimə zəng edən və ondan oğluna yuxarı qiymət yazılmasını xahiş edən, ona imkanının yaxşı olmasını və müəllim olaraq ona köməyinin dəyəcəyini vəd edən bir valideyndir. Hələ adını açıqlamaq istəmədiyimiz bu valideyninin canfəşanlığı Hüquq fakültəsinin dekanatlığına Sərvər müəllimi işdən uzaqlaşdırmaq üçün bəhanə olmuş və dekan Əmir Əliyev tərəfindən rektorluğa təqdimat yazılıb. Təqdimatda qeyd olunur ki, guya Sərvər müəllimin dərs demə metodu çox aşağı imiş. Nə qədər gülünc səslənsə də, dünya səviyyəli bir hüquq müəlliminin və ekspertin qiymətləndirməsini bioloqlar və kimyaçılar həyata keçirib. Əsas məsələ ondan ibarətdir ki, dərs demə metodunu tələbələr müəyyən etməli olduğu halda, bunu texniki təmayüllü komissiya müəyyən edir”.

 Tələbələri hüquq elmləri doktoru, professor Sərvər Süleymanlını ləkələməyin mümkünsüz olduğunu deyirlər:

 “Onu başqa adla ləkələmək mümkün deyil. Rüşvət almır, tapşırığa qulaq asmır... Tələbələrə daha çox nəzəri biliklərlə bərabər dərsləri “case”lər üzərində quran müəllimə başqa necə şər atmaq olar?!”

 Sonda bu məsələni ictimailəşdirməyə məcbur olduqlarından təəssüf hissi keçirdiklərini yazan tələbələr rektorun bu oyunlara getməyəcəyini, ədalətli qərar verəcəyinə ümid etdiklərini bildirirlər:

 “Ümid edirik ki, bu məsələ rektorluq tərəfindən obyektiv qiymətlədiriləcək, haqq-ədalət öz yerini tapacaq”.

                                                                                                                                 AzNews.az