“Mən komanda oyunçusuyam...” "Bu il başa düşdüm ki, artıq operator rolunu oynamamaq vaxtıdı...

Paylaşılma tarixi: Mar 17, 2015 7:24:40 PM

“125-lər” Siyasi Klubunun üzvü Yeganə Hacıyeva martın 6-da global hökümətlərarası demokratiya naminə koalisiya olan “ Demokratik İctimaiyyət “ təşkilatının İdarə Heyətinin Mərkəzi Avrasiya regionu üzrə təmsilçisi seçilib. Onunla söhbətdə Azərbaycan-Qərb münasibətlərinin maraqlı məqamlarına toxunduq.-Yeganə xanım, yeni missiyanız haqqında bir qədər informasiya verə bilərsizmi?-Qlobal hökümətlərarası demokratiya naminə koalisiya olan “ Demokratik İctimaiyyət “ təşkilatının əsasını Madlen Olbrayt ABŞ-ın keçmiş dövlət katibi olarkən qoyub. Qurum ABŞ Konqresindən maliyyələşir, bir sıra nüfuzlu qurumlarla, o cümlədən Birləşmiş Millətlər Təşkilatı ilə tərəfdaşlıq edir. İdarə Heyətində 25 ölkə təmsil olunur. Həmin şəxslər 2 ildən bir seçilir. Bu il Mərkəzi Avrasiya regionu üzrə İdarə Heyətinin üzvü olaraq mən seçilmişəm. Mərkəzi Avrasiya regionuna Rusiya da daxil Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikstan daxildir. Adını çəkdiyim ölkələrdə qurumun fəaliyyətinə məsul şəxs mənəm. Qurum 2015-ci il ücün yaxın zamanlarda BMT ilə inkişaf etməkdə olan dövlətlərlə bağlı layihələrə başlayır. Əsas məqsəd demokratiyanın inkişafıdır. Çox təəssüf, bu gün Azərbaycanın dünyadakı imici çox pisdir. Bu bizim milli maraqlara həddindən artıq mənfi təsir göstərir. Regionda iri enerji layihələrinin əsas hərəkətverici qüvvəsi olsaq da, son illər bizi regionda planlaşdırılan bir çox qlobal layihələrdən kənarlaşdırmaq cəhdləri var. Azərbaycan hökuməti bunun üçün yetərincə səbəb verir. Beynəlxalq institutlara isə aydındır ki, Azərbaycan stabil olmayınca regiondan demokratiya, sabitlik gözləmək mümkün deyil. Cənubi Qafqaz Qərb üçün Şərqin, Şərq üçün də Qərbin qapısıdır. Bu bölgənin sadəcə neftə görə deyil, həm də coğrafi strateji nöqtəsi Azərbaycandır. Dünya praktikasında belə regionlara tompon regionlar deyirlər. Bu regionlarda sabitlik çox önəmlidir. Bəzən sabitlik üçün demokratiya belə gözardı edilir. Üstəlik, Azərbaycan Rusiya ilə İran kimi iki aqressiv dövlətin arasında yerləşir. Bu faktor demokratiyaya öz pis töhfəsini hər zaman verir. Hər iki ölkənin Azərbaycanda ciddi şəbəkəsi olduğu da bəllidir.

-Yəni Azərbaycanda çoxlarını düşündürən “niyə Qərb demokratiyaya bu qədər basqıya göz yumur” sualının cavabı elə budur?

-Qərb Azərbaycanda demokratiyanın inkişafında maraqlıdır. Ancaq Qərb proses varsa, ona dəstək verməkdə maraqlıdır. Tələb daxildən olmalıdır. Kənardan baxanda Azərbaycan tamamilə fərqli görünür. İçəridə biz cəmiyyətə repressiv üsullarla davranan hökumət görürük. Kənardan isə bu hökumət region, eləcə də postsovet ölkələri arasında yetərincə problemli də olsa, Rusiya qədər aqressiv bir ölkə kimi görünmür. Qərb bu hökumətlə işləməyə meylldir. Hökumət üsullarını dəyişsə, demokratik açılım etsə, çox yaxşı olar, daha çox uğur qazanar.

-Sizcə, demokratiya olmadan uzunmüddətli sabitlilk əldə edilə bilərmi?

-Son 10 ildə demokratik açılım edən dövlətləri götürsək, inkişaf təbii ki, insanı sevindirir. Ancaq fərqli mənzərələr də var. Dövlətlərin daxilində qruplaşmalar olur. Həmin qruplaşmaların maraqlarını beynəlxalq qruplar ifadə edir. Mənə bəzən deyirlər ki, sizin yanaşmanızda dəyişiklik var. Bunu deyənlər hansısa anlamda haqlıdırlar. Mən görəndə ki, Azərbaycanda demokratiya naminə atdığımız addımlar bəzi beynəlxalq qurumlar vasitəsi ilə digər dövlətlərin əlində başqa alətə çevrilir və onlar bunu Azərbaycan hökümətindən iqtisadi dividentlər əldə etmək ücün istifadə edir, bu zaman baxış dəyişir. Çünki hökuməti sevib-sevməməyimizdən asılı olmayaraq onu təmsil edən şəxslərin beynəlxalq dairələrə hansısa imtiyazlar verməsi bizim dövlətimizdən gedir. Bir təşkilat olaraq ən çox çalışdığımız Azərbaycanda demokratik ənənələri bərqərar etməkdir. Bu bilirsizmi nəyə bənzəyir? Biz bir ailəyik, deyirik ki, bizdə filan şey yoxdur. Bir nəfər həmin olmayanı ağrılı, çətin olsa da əldə etmək üçün təmənnasız çalışmalıdır. Demokratiya yalnız belə yarana bilər.

-Azərbaycan cəmiyyəti ilə bağlı bədbin proqnozların əsasında həm də ölkədə radikalizmin güclənməsi informasiyaları dayanır? Sizcə, hakimiyyət bu durumu təhlükə olaraq qəbul edir?

-Əgər Azərbaycanda son 10 ildə heç nə yaxşılığa doğru dəyişməyibsə, demək, hakimiyyət düzgün siyasət qurmayıb. Bu göstəricilər haqqında ciddi fikirləşmək lazımdır. Bəzilərinə elə gələ bilər ki, hökumət prosesləri dəyərləndirmir. Dərinə getdikcə anlaşılır ki, qətiyyən belə deyil. Hətta bəzi məqamlarda demokratiyanı qoruduğunu iddia edən bir çox qurumlardan daha vətənpərvərdir. Çoxları deyə bilər ki, sən 2 il öncə fərqli danışırdın – bu həqiqətdir. Amma bi illər ərzində mənim prosesləri yaxından izləmək və daha düzgün dəyərləndirmək imkanım oldu. Mənimçün önəmli olan Azərbaycan dövlətidir.

-Dövlət vətəndaş üçün deyilmi, vətəndaş əzilirsə, sadəcə o dövlətin yaşaması üçün bütün basqılara göz yummaq nə qədər doğrudur?

-Dövlət vətəndaş üzərində məsuliyyətini itirməməlidir. Heç bir halda Azərbaycan hökumətinin repressiv üsullarına haqq qazandırmaq olmaz. Hökumət bəzən obrazlı desək, ipi ona görə boş buraxmır ki, o həm də bayaq dediyiniz radikal qrupların inkişafından narahatdır. Açıq danışaq. Bu gün həyatında olan heç bir siyasi qrup hökumət üçün təhlükə deyil. Özünü hökumətə opponent sayanlar bellərinə bomba bağlayıb terror eləmək, qarışıqlıq yaratmaq fikrində olanlar deyil, onlar seçki yolu ilə hakimiyyətə gəlmək istəyirlər. Belə bir sivil cəmiyyətin son 2 ildə gördüyü repressiv hərəkətlər yolverilməzdir. Hakimiyyətin bunu nəyə görə etdiyi bəllidir – o, özünü siyasi proseslərdən sığortalamaq istəyir. Bunun üçün də gənclər təşkilatlarını, vətəndaş cəmiyyəti institutlarını sıradan çıxardı, seçkiləri müstəqil dəyərləndirə biləcək şəxsləri həbs etdi. Son illərin repressiyaları o nəticəni verdi ki, Azərbaycanda qarşıdakı seçkiləri obyektiv müşahidə edəcək bir qurum belə yoxdur. Beynəlxalq qurumlar bu haqda soruşanda hakimiyyət heç də ağıllı cavablar vermir. Bu günlərdə baş tutan nüfuzlu tədbirlərin birində yüksək rütbəli məmurundan biri dedi ki, Azərbaycanda müxalifət yoxdur. Ona cavab verən Avropalı deputat bildirdi ki, sizdə müxalifət var və səsləri sizin səsiniz gələn yerlərdən daha dərin yerlərdən gəlir. Ancaq siz bunu görməməzliyə vurursunuz.

Qərb onu da anlayır ki, daxildə hökumət qədər müxalifət də problemlər içərisindədir. Son 20 ildə Azərbaycanın hansı müxalifət partiyasını üzü dəyişib, ya dəyişənlərin hansı yaxşılığa doğru olub? Bu sualın müsbət cavabı yoxdur.Bu özü bir göstəricidir.

-Yeganə xanım, Milli Şuradan niyə getdiniz?

-Milli Şurada üzv olaraq təmsilçiliyim yox idi. Milli Şuranın sədri Cəmil Həsənli məni sədr aparatına dəvət etmişdi və mən orada beynəlxalq əlaqələndirmə ilə məşğul idim. Mən Müsavatdan gedəndən sonra düşünürdüm ki, siyasi qurum adına heç bir təmsilçiliyim olmasın. Milli Şuradakı fəaliyyətim quruma, Azərbaycanda demokratiya naminə təmənnasız töhfəm idi. Nəticədə Milli Şura ilə xeyli qərb institutları ilə əlaqələr yarandı. Bundan sonrakı fəaliyyət isə onların özlərindən asılı olacaq.

-İndi “125-lər” Siyasi Klubunda təmsilçiliyiniz var. Niyə bu qurumu seçmisiniz?

-Seckidə iştirak üçün bu klubu secdim və fikirləşdim ki, bu addımı daha loyal qrupla davam daha doğru saydığım üçün.

-Dairənizi müəyyənləşdirmisinizmi?

-Bəli. Seçkiyə 26 saylı Sabunçu Birinci dairədən gedəcəm. Öncə tam müstəqil iştirakı düşünürdüm. Sonra yetərincə məqbul şərtlərlə çalışan gənclər qruplarının olduğunu gördüm, fikirləşdim ki, onların tərkibində olmaq daha uyğundur. İlk baxışdan elə görünür ki, Azərbaycan siyasi həyatında passivlikdir, ancaq özünəməxsus fəaliyyət də var.

-Beynəlxalq qurumların dediyiniz bu təşkilatlarla işləmək istəkləri varmı?

-Öncə onu deyim ki, beynəlxalq qurumların bütün ölkələrdə hakimiyyətlə münasibətləri xoş olan insanlarla, qurumla işləmək istəyi var. Azərbaycan siyasətindəki qurumların yanaşmasından fərqli olaraq beynəlxalq qurumlar biliyi, təcrübəsi, prosesə uyğun görüşü olan insanları dəyərləndirirlər. Son 3 ildə beynəlxalq qurumlardakı dostlarından aldığım ən birinci məsləhət – hökumətlərinizlə münasibətləri qoruyun olur. Mən komanda oyunçusuyam. İndiyə qədər Azərbaycanda gördüyüm işlərin hamısında kommunikasiya operatoru işi görmüşəm. Bəzən deyirlər ki, karyeristəm. Siyasi baxışlarına görə Dünya Bankındakı yetərincə uğurlu, perspektivli işindən imtina edən biri kimi bu iddiaları qəbul etmirəm, təbii. Mənə post yox, siyasi fəaliyyət gərəkdir. Bu il başa düşdüm ki, artıq operator rolunu oynamamaq vaxtıdır. İndi operator xidmətini daha çox özümə göstərirəm.

-Azərbaycan Qərbə yaxınlaşmaq üçün daha çox əyləncə xarakterli layihələri seçir. İndi ölkədə ən çox müzakirə olunan məsələlərdən biri də Avropa Oyunları, bu məqsədlə xərclənən milyardlardır. Qərb institutları Azərbaycanın bu addımını necə qiymətləndirir?

-Bəziləri hesab edir ki, bunlar gərəksiz addımlardır. Ancaq belə aksiyaların Azərbaycana gətirdiyi böyük dividentlər var. Bu birmənalıdır. Mən də hesab edirəm ki, Azərbaycan bütün iştirakçıların xərclərini ödəməməlidir. Fikrimcə, iqtidar əyləncə xarakterli tədbirlərlə yanaşı böyük beynəlxalq siyasi tədbirlərin Azərbaycanda keçirilməsinə də çalışmalıdır. Hakimiyyət qlobal institutlardan modern işləmək üsulu öyrənməlidir. Eyni zamanda beynəlxalq institutlar Azərbaycan hökumətini təcrid etməməlidir. Bu fikri beynəlxalq qurumlardakı çıxışlarım zamanı da deyirəm. Belarus və Rusiya təcrübəsi göstərdi ki, sanksiyalar və izolyasiya arzu eilən nəticəni vermir. Çünki təcrid edildikcə repressiya daha da çoxalır. Ortada Rusiya faktoru var. Rusiya gözləyir ki, Qərb Azərbaycanı izolyasiya etsin və Azərbaycan onun yanında yer alsın. İzolyasiya olmayanda hüquq müdafiəçisi həbs edilsə belə, heç olmasa, həbsxanada döyə bilmir. Beynəlxalq nəzarət olduğu üçün hakimiyyət işgəncədən və Turkmənistan və Özbəkstanın həbsxanalarının təcrübəsini istifadə etməkdən cəkinir. Bu nəzarət olmasa, sivil cəmiyyəti tamamilə sıradan cıxararlar.

-Sizcə, ölkənin bu duruma gəlməsində beynəlxalq qurumların nə qədər payı var?

-Az deyil. Dəfələrlə demokratik düşərgəyə basqılara göz yummağın qarşılığında Azərbaycan hökumətindən iqtisadi dividentlər alındığının şahidi olmuşuq. Biz küçələrə çıxırıq, etiraz edirik, döyülürük, bu haqda reportu hansısa bir əcnəbi alır əlinə, Azərbaycan rəsmiləri ilə danışıqlardan öncə onları səsləndirir, rəsmiləri danlayır, sonra da öz iqtisadi maraqlarını səsləndirir. Məsələn, filan yeri təmir etmək lazımdır, filan toplantının keçirilməsinə vəsait lazımdır və s... Təbii, Azərbayca iqtidarı da bütün bu şərtləri yerinə yetirir. Ancaq iqtidar bu siyasəti dayandırmalı, bir yerdə açılım etməlidir. Açılım etməsə, sıradan çıxardığı demokratik qrupların yerini demokratik olmayan üsullarla mübarizə aparan qruplar tutacaq. Sivil mübarizənin alternativi radikalizmdir. Hökumətin başı siyasi müstəvidəki demokratik rəqiblərini zərərsizləşdirməyə daha çox qarışdıqca, radikal qruplar daha çox güclənir. Bu çox təhlkəli durum yarada bilər. O zaman sabitlikdə ciddi təhlükə altında düşəcək.

http://moderator.az/