Norveçdə ana olmaq
Paylaşılma tarixi: Aug 22, 2017 11:22:13 AM
Günel Mövlud
Ən yaxşı qohum dövlətdir
Səkkiz ay əvvəl rezidenti olduğum ölkədə, Norveçdə hamilə olduğumu öyrəndim. Bu barədə qeydiyyatında olduğum həkimimə dedim. Həmin andan etibarən, illik ödəməsi 200 avronu keçməyən (bundan artıq məbləği pasient sadəcə ödəməməlidir) bütün tibbi xidmətlər mənim üçün pulsuz oldu. Səkkiz ay müddətində hər ay bir dəfə həkim, bir dəfə də mamaça müayinəsindən keçdim. Görüşlərin vaxtı bir, ya iki həftə əvvəl mobil nömrəmə gəlirdi. Təyin olunmuş saatda gedir və heç bir növbə gözləmədən qəbula düşürdüm.
Norveç dilini bilmədiyimə görə, mamaça adətən rus dilindən tərcüməçi sifariş edirdi. Tərcümə xidmətinin haqqını dövlət ödəyir. Həkimimlə isə tərcüməçim həyat yoldaşım olurdu, çünkü o, artıq norveç dilini öyrənib.
Həkimlə və mamaça ilə görüşlərə 3 yaşlı oğlumu da aparırdım. Bəzən yarım saat, bəzən 40 dəqiqə çəkən müayinələr zamanı oğlumun orda olması heç bir narahatlıq yaratmırdı – çünki həkimin də, mamaçanın da gözləmə otağında irili-xırdalı, rəngli, maraqlı o qədər oyuncaq olurdu ki, uşaq o oyuncaqlardan ayrıla bilmir və bizə mane olmurdu.
Hamiləliyimin 7 ayında Norveç hökuməti doğulacaq körpənin bütün ehtiyaclarını qarşılamaq üçün müəyyən məbləğdə pul köçürdü hesabıma. Bu pulu almaq üçün heç bir məmurun yanına getmədim. Məlumatlar onlayn şəkildə lazımi orqanların saytına ötürülmüşdü və pul avtomatik olaraq bank hesabıma yatırıldı. Bu məbləğ körpənin çarpayı, bələk masası, 2 uşaq arabası, bir yaşına qədər paltarı, oyuncaqları və bütün xırda-xuruşuna çatmalı idi və Norveç kimi bahalı ölkədə çatdı da.