İş adamlarına qarşı “vergi terroru” – gizlində qalan təfsilat

Paylaşılma tarixi: Mar 05, 2015 7:4:21 PM

 Vergi işçiləri ölkə boyunca bütün sahibkarlara total basqınlar edir, onlara yeni xərac kəsir; oliqarxlarla başlayan proses kiçik tacirləri də ağuşuna alıb...  Manatın məzənnəsinin dollar və avroya nisbətdə təxminən 30 faiz ucuzlaşması ən çox sahibkarları çıxılmaz duruma salıb. Bir tərəfdən monopolistlərin təzyiqi, digər tərəfdən, gömrükdə, vergi orqanlarında onların “soyulması” iş adamlarını onsuz da təngə gətirmişdi. Üstəlik, bir tərəfdən də manatın devalvasiyası sahibkarlara ikiqat zərbə vurur.  Ekspertlər təklif vermişdilər ki, manatın ucuzlaşmasından sonra ərzaq və qeyri-ərzaq mallarının qiymətinin bahalaşmasının qarşısının alınması üçün optimal variant gömrükdə rüşvəti yığışdırmaq, iqtisadiyyatda monopoliyanı yumşaltmaq, iş adamlarına vergi güzəştləri etmək lazımdır.  Nəzərə çatdıraq ki, ölkə prezidenti süni qiymət artımına yol verənlərin cəzalandırılacağını bildirib. Dövlət başçısının tapşırığından sonra bir sıra malların qiyməti əvvəlki həddinə qaytarılıb. Süni qiymət artımı edənlərlə bağlı tədbir görüldüyü bir vaxtda orta və kiçik sahibkarlar vergi müfəttişlərinin “qəfil hücumu”na məruz qalıblar. Həm də bu proses bütün ölkə boyunca baş verib.

Redaksiyamıza bununla bağlı xeyli sayda iş adamı müraciət edib. Onlar bildirir ki, dövlət başçısının vergi müfəttişlərini nəzarətə almaqla bağlı da göstəriş verməsini arzulayırlar. Daxil olan məlumatlardan aydın olur ki, vergi müfəttişləri bütün ölkə boyunca sahibkarları soyurlar. Bir sahibkarın dediklərindən: “Əvvəllər bizdən illik ”haqqı" iyun ayında alırdılar. Növbəti ilin həmin vaxtına qədər incitmirdilər. Manatın devalvasiyasından sonra biz güzəştlər gözləyirdik, amma vergi müfəttişləri bizə “sürprizlər” edirlər. Bütün qaydalar yenidən “yazılır”. Deyirlər ki, yeni qayda tətbiq olunur, bundan sonra sahibkarlardan “haqqı” illik yox, aylıq alacağıq. Bu, qeyri-rəsmi ödənişdir, dövlətin vergisini onsuz da veririk. Kim “haqq” verməsə onun başına oyun açılır, mağazasını, obyektini bir bəhanə ilə qapadırlar. Həmçinin yeni kassa aparatları gətiriblər, deyirlər ki, bunları almalısınız, köhnə cihazları ləğv edirik. Yeni kassa aparatının qiyməti də modelindən və obyektin kvadratından asılı olaraq, dəyişir. Biz faktiki olaraq “vergi terroru” ilə üzləşmişik".

Sahibkarlar həmçinin bildirdilər ki, monopolistlər bazalardan mal satışını məhdudlaşdırıblar: “Bir sıra malların ölkəyə idxalı iri məmur-oliqarxların nəzarətindədir. Dollar bahalaşandan sonra onlar bazadan mal vermirlər, deyiblər ki, martın 15-dən sonra satışı bərpa edəcəyik. Karqodan da mal çıxarmaq mümkün deyil. Həmçinin özümüzün xaricdən sifariş etdiyimiz mallar üçün gömrükdə, karqoda rüşvəti də dollarla tələb edirlər. Məsələn, əvvəllər 1000 kub mala görə 5000 manat istəyirdilərsə, indi 5 min dollar tələb edirlər”. Sahibkarlardan həm də tələb olunur ki, hətta günəmuzd çalışdırdıqları işçiləri də sənədləşdirsinlər. Elə sahibkar var ki, obyektində kiçik təmir-tikinti işləri gördürmək üçün “qul bazarı” deyilən, qeyri-rəsmi əmək birjasından günəmuzd işçilər cəlb edib. Obyektləri “basan” vergi müfəttişləri onları qeydə alıb, sənədlərinin surətlərini götürməklə, işçi kimi protokollaşdırıb və sahibkardan tələb edir ki, onlarla müqavilə imzalasın, rəsmən işə götürsün. Bu cür uyğunsuz şərtlər artıq xeyli sahibkarı şirkətini müvəqqəti də olsa, qapatmaq məcburiyyətində qoyub.

  “Yeni Müsavat” qəzetinə məlumdur ki, ümumiyyətlə, total vergi yoxlamaları yalnız orta və xırda sahibkarları yox, bundan əvvəl də yazdığımız kimi, vəzifəli oliqarxlara məxsus olan iri şirkətləri də əhatə edir. Həm də bütün bunlar bir ilkdir. Ölkənin ən qüdrətli oliqarxlarına bağlı olan və toxunulmaz sayılan, ciddi monopolist qurumlar da ilk dəfədir ki, vergi yoxlamalarına cəlb olunurlar. Həm də onlara, qısa müddətdə “dövriyyəni yoxlayaraq”, haqq qoyurlar. “Yeni Müsavat” qəzetinə 10-15 milyon manat qeyri-rəsmi rüsum yüklənən böyük şirkətlərin adları da məlumdur. Əslində isə bu paralar həmin şirkətlərdən yox, mövcud hakimiyyətin sayəsində zəngin olmuş oliqarxların özlərindən istənilir. Əgər bu proses xırda sahibkarları, “bacasından tüstü çıxan” bütün obyektləri əhatə etməsəydi, əslində normal sayıla bilərdi. Ölkə çətinə düşəndə, təbii ki, onun sərvətləri sayəsində milyarder olanlardan xərac alınmalıdır. Bunu bir çox dövlətlər edir. Lakin sadə taciri, az qala gündəlik ruzuya çalışan sənətkarları, sex və digər obyektləri bu prosesə qatmaq vəziyyəti neqativə doğru dəyişdirir.

 Yazının sonunda obyektivlik naminə bir məsələni də yazmalıyıq. Bəlkə də ilk dəfədir ki, yığılan pullar ciddi nəzarət altında büdcəyə yönəldilir. Bu da ölkədəki durumun ciddiyyətini və mövcud iqtidarın manevr imkanlarının necə də qısıtlı olduğunu göstərir.

http://musavat.com/                                                                                                                                                                                                                                                    T.ƏHMƏDLİ