Putin xilas ola biləcəkmi?

Paylaşılma tarixi: Mar 26, 2015 6:40:52 PM

Corc FridmanRedaktorun Qeydi: Bu həftə 2014-cü ilin iyun ayında yayımlanmış, Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı proqnozlarının səhv çıxmasına baxmayaraq, hakimiyyətdə qalıb-qala bilməyəcəyini araşdıran məqaləni yenidən nəzərdən keçiririk. Belə ki, bu mövzu Putinin ictimaiyyətin gözündən uzaq olması ilə yenidən əhəmiyyət qazanıb. Putin o vaxtdan bəri görünsə də, onun yoxa çıxması ilə üzə çıxan məsələlər davam edir. Ümumi bir fikir var ki, Putin Rusiya Federasiyasını diktator kimi idarə edir, öz rəqiblərini məğlub edib və geri çəkilmələrinə nail olub, qonşu ölkələr üçün böyük bir təhlükə yaradıb. Bu fikirlər məntiqli olsa da, son vaxtlar baş verən hadisələri nəzərə alaraq yenidən dəyərləndirilməlidir.

 Əlbəttə, ilk olaraq Ukraynadan başlamaq lazımdır. Bu ölkənin Rusiya üçün Qərb dövlətlərinə qarşı bir vasitə, Rusiya iqtisadiyyatının əsası – Avropaya enerji nəqli üçün marşrut kimi mühüm əhəmiyyəti var. Yanvar ayının 1-də Ukraynanın prezidenti Rusiyaya meylli oluğu hesab edilən Viktor Yanukoviç idi. Ukrayna cəmiyyəti və siyasətinin mürəkkəbliyini nəzərə alsaq, Viktor Yanukoviçin sırf Rusiyanın oyuncağı olduğunu demək düzgün olmaz. Ancaq Yanukoviç və onun dəstəkçiləri ilə Rusiyanın Ukraynada maraqlarının qorunduğunu deyə bilərik.

 Bu isə Putin üçün son dərəcə əhəmiyyətli idi. Putinin 2000-ci ildə Boris Yeltsini əvəz etməsinin bir səbəbi Yeltsinin Kosovo müharibəsində göstərdiyi fəaliyyətlə əlaqədar idi. Rusiya Serbiya ilə müttəfiq olduğundan NATO-nun Serbiyaya qarşı müharibə başlatmasını istəmirdi. Rusiyanın istəklərinə məhəl qoyulmadı. Rusiyanın fikirlərinin Qərb dövlətləri üçün heç bir əhəmiyyəti yox idi. Ancaq hava hücumu ilə Belqradın təsliminə nail ola bilmədilər və Rusiya müqavilə üçün danışıqları apardı və bu müqavilə ABŞ və NATO-nun digər qoşunlarının Kosovoya daxil olmasına imkan verdi. Həmin müqaviləyə görə, Rusiya qoşunlarına Kosovodakı əməliyyatlarda xüsusi fəaliyyət göstəriləcəyi vədi verildi, lakin Rusiyanın bu əməliyyatlarda iştirakına heç vaxt imkan verilmədi, Yeltsin isə bütün bunlara qarşılıq verə bilmədi.

 Putinin Yeltsinin yerinə gəlməsinin digər səbəbi də Rusiya iqtisadiyyatının çox pis vəziyyətdə olması idi. Rusiyanın həmişə yoxsul bir ölkə olmasına baxmayaraq, onun həmişə beynəlxalq məsələlərdə çox güclü bir qüvvə olduğu düşünülürdü. Yeltsinin prezidentliyi dövründə isə Rusiya daha da yoxsullaşdı və artıq beynəlxalq məsələlərdə yaxşı qarşılanmamağa başlandı. Putin bu problemlərin hər ikisini həll etməli oldu. Putin Sovet İttifaqının dağılmasının XX əsrin ən böyük geosiyasi fəlakəti olduğunu əvvəldən bildirsə də, Rusiyanın gücünü bərpa etməsinə başlaması çox çəkdi. Bu, o demək deyildi ki, Putin Sovet İttifaqını yenidən qurmaq istəyirdi. O, Rusiyanın gücünə yenidən ciddi yanaşılmasını, Rusiyanın milli maraqlarının qorunmasını və möhkəmləndirilməsini istəyirdi.

 Ukraynada qırılma nöqtəsi 2004-cü ildə Narıncı İnqilabla gəldi. Yanukoviç şübhəli şəkildə prezident seçildi, ancaq nümayişçilər ikinci dəfə seçki keçirilməsinə nail oldular. Yanukoviç məğlub oldu və Qərb tərəfdarı hökumət iqtidara gəldi. Həmin vaxtlarda Putin bu nümayişlərin təşkil olunmasında MKİ (CIA) və Qərbin digər kəşfiyyat idarələrini günahlandırdı. Putin Qərbin məqsədinin Sovet İttifaqı kimi Rusiya Federasiyasını dağıtmaq olduğundan tam əmin olduqdan sonra bunu açıq şəkildə bildirdi. Putinə görə, Rusiya üçün Ukraynanın əhəmiyyəti açıq-aşkar idi. Ona görə də, o, MKİ-nin Rusiyanı təhlükəli vəziyyətdə qoymaq üçün etiraz nümayişlərini təşkil etdiyini və bunun yeganə səbəbinin Rusiyanı məhv etmək olduğunu düşünürdü. Kosovodan sonra Putinin Qərbə qarşı olan şübhələri düşmənçiliyə çevrildi.

 Rusiya 2004-cü ildən 2010-cu ilə qədər Narıncı İnqilabın təsirlərinin aradan qaldırılmasına cəhd etdi, hərbi qüvvələrini yenidən qurmağa, kəşfiyyat vasitələrini cəmləşdirməyə və Ukrayna ilə əlaqələri yenidən formalaşdırmaq üçün əlində olan bütün iqtisadi nüfuzdan istifadə etməyə çalışdı. Əgər Rusiya Ukraynanı idarə edə bilməsəydi, ABŞ və Avropa tərəfindən idarə olunmasını da istəməzdi. Rusiyanın yeganə beynəlxalq marağı bu olmasa da, əsas marağı bu idi.

 Gürcüstanın Rusiya tərəfindən işğalı Qafqazdan çox, Ukrayna ilə əlaqədar idi. Həmin vaxt ABŞ-ın başı İraq və Əfqanıstana qarışmışdı. ABŞ-ın Gürcüstan qarşısında rəsmi öhdəliyi olmasa da, sıx əlaqələr və gizli şəkildə verilən zəmanətlər var idi. Gürcüstanın işğalında iki məqsəd olub. Birincisi Rusiyanın 2000-ci ildə dağılmış vəziyyətdə olanhərbi qüvvələrinin 2008-ci ildə qətiyyətlə fəaliyyət göstərə biləcəyini, ikincisi isə regiona, xüsusilə də Kiyevə ABŞ-ın açıq və ya gizli şəkildə verdiyi zəmanətlərin heç bir mənasının olmadığını göstərmək idi. 2010-cu ildə Yanukoviç Ukraynanın prezidenti seçildi, bu da Narıncı İnqilabı məhv etdi və Qərbin ölkədəki nüfuzunu məhdudlaşdırdı.

 Rusiya ilə güclənən qarşıdurmanı və regionda ABŞ-a qarşı yönələn ümumi tendensiyanı görən Obama administrasiyası Rusiya ilə köhnə əlaqələri bərpa etməyə çalışdı. Putin isə bunda maraqlı deyildi. O, ABŞ-ın müdafiə mövqeyində durduğunu bilirdi və onun məqsədi öz üstünlüyündən istifadə etmək idi.

 Putin ilk növbədə Avropaya daha da yaxınlaşmaq üçün Aİ ölkələrinin, xüsusilə də Almaniyanın Rusiya enerjisindən asılılığından istifadə etdi. Onun əsl məqsədi isə Suriya məsələsində özünü göstərdi. Dəməşq təhlükəni dəf etmək üçün kimyəvi silahlardan istifadə etdikdən sonra Obama administrasiyası Suriyanı hava hücumları ilə hədələdi. Rusiya Obamanın hücumuna aqressiv şəkildə qarşılıq verdi. Rusiya bu böhrandan ABŞ-ın əksinə qətiyyətlə çıxdı. Rusiyanın gücü də müvafiq olaraq, artdı və iqtisadiyyatının zəifləməsinə baxmayaraq, bu, Putinin mövqeyini də gücləndirdi.

 Bu il Ukraynada baş verən hadisələr isə Putin üçün dağıdıcı təsirə malik oldu. Yanvar ayında Rusiya Ukraynada ağalıq etdi. Fevral ayına qədər isə Yanukoviç ölkəni tərk etdi və Qərb tərəfdarı qüvvələr hakimiyyəti ələ keçirdilər. Yanukoviçin devrilməsindən sonra Putinin Şərqi Ukraynada Kiyevə qarşı gözlədiyi ümumi üsyan heç vaxt çıxmadı. İyul ayına qədər Rusiya Ukraynanın yalnız kiçik ərazilərini ələ keçirdi. Bu ərazilərə Rusiyanın həmişə böyük sayda hərbi qüvvə saxladığı Krım vəRusiyanın xüsusi əməliyyat dəstələri tərəfindən dəstəklənən üsyançıların hökmranlıq etdiyi Donetsk, Luqansk və Severodonetsk daxil idi.

 Ukraynada heç bir üsyan baş vermədiyi halda Putinin strategiyası Kiyevdə hökumətin məcburiyyət olmadan məsələni həll etməsinə imkan vermək və Rusiyanın Avropa ilə ticarət və enerji üzrə güclü əlaqələrindən istifadə etməklə ABŞ-ı Avropadan ayırmaq idi. “Malaysia Airlines” şirkətinə məxsus təyyarənin qəzaya uğraması da elə burda mühüm əhəmiyyət kəsb edir. Rusiyanın separatçılar üçün hava hücumundan müdafiə sistemləri təchiz etdiyi və bu sistemlərin idarəsi üçün heyət göndərdiyi ortaya çıxarsa, Rusiya təyyarənin vurub yerə endirilməsindən məsul tutula bilər. Bu isə Moskvanın avropalıların amerikalılardan ayırması imkanının yox olacağı deməkdir.

 Putin öz sələflərinin keçmiş taleyinə baxmalıdır. Nikita Xruşşov 1964-cü ilin oktyabr ayında məzuniyyətdən qayıtdıqda Leonid Brejnevin onu əvəzlədiyini gördü. Xruşşov Kuba raket böhranında da ittiham edilib. Xarici məsələlərdəki çatışmazlıqlar və iqtisadi uğursuzluqlar məğlubedilməz bir xadimin devrilməsi ilə nəticələndi.

 Rusiyada iqtisadiyyatın vəziyyəti Xruşşov və ya Yeltsinin dövründə olduğu qədər pis olmasa da, son vaxtlar əhəmiyyətli dərəcədə pisləşib və daha önəmlisi, gözləntiləri qarşılamayıb. 2008-ci il böhranından çıxdıqdan sonra Rusiyada bir neçə il ümumi daxili məhsulun artım sürətinin azaldığı müşahidə olunub. Rusiyanın mərkəzi bankı isə bu il iqtisadi artımın sıfır faiz olacağı proqnozunu verir. Hazırkı təzyiqləri nəzərə aslaq, təxmin edə bilərik ki, Rusiya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Regional hökumətlərin borcu ötən dörd il ərzində ikiqat artıb, bir neçə region isə müflis olmaq üzrədir. Bundan başqa, bəzi metal və mədənçilik üzrə şirkətlər iflasla üzləşirlər. Ukrayna böhranı isə vəziyyəti daha da pisləşdirib. İlk altı ayda Rusiyadan çıxan kapitalın məbləği 76 milyard dollar olub, 2013-cü ildə isə bu rəqəm 63 milyard idi. 2014-cü ildə birbaşa xarici investisiya 2013-cü illə müqayisədə 50 faiz azalıb. Bütün bunlar neft qiymətlərinin bir barrel üçün 100 dollardan yüksək qalmasına baxmayaraq, baş verib.

 Soçidə keçirilən Qış Olimpia Oyunlarından və Qərb mətbuatı Putini Krımda qəsbkar kimi göstərdikdən sonra Rusiya prezidentinə ölkədə rəğbət artdı. Hər şeydən əvvəl o, öz reputasiyasını sərtlik və istilaçılıq üzərində qurmuşdu. Ukraynadakı vəziyyət haqqında reallıq aşkar edildikcə isə böyük qələbə ciddi iqtisadi problemlərin olduğu bir vaxtda geri çəkilmənin üstünün örtülməsi kimi görüləcək. Bir çox liderlər Ukraynada baş verən hadisələrin belə böyük bir problem yaratmayacağını düşünür. Ancaq Putin öz reputasiyasını sərt xarici siyasət üzərində qurub və iqtisadiyyat Ukraynadan əvvəl onun reytinqlərinin o qədər də yüksək olmadığını göstərib.

 Putinin qurulmasına kömək etdiyi rejimdə proqnoz verilməsi üçün əsas məsələ demokratik proses olmaya bilər. Putin hətta özünə ən yaxın nazirlər kabineti üçün “Politburo” (kommunist partiyalarının icraedici komitəsi) terminindən istifadə edərək Sovetə məxsus xüsusiyyətləri hökumətin strukturunda bərpa edib. Belə kabinetlərdəki şəxslərin hamısını Putin özü seçir. Ona görə də, onların Putinə sadiq olacaqlarını deyə bilərik. Ancaq Sovet tərzində yaradılmış “Politburo”-da çox vaxt qorxu yaradanlar elə bir-birlərinə yaxın olan həmkarlar olurdu.

 “Politburo” liderin fraksiyalar arasında koalisiyalar yaratması üçün hazırlanır. Putin bu işi, eləcə də, indiyə qədər gördüyü bütün işləri yaxşı bacarıb və uğurlu olub. Putinin imkanlarına inam azaldıqca isə onun bir neçə şeyi bir arada tutmaq imkanı da azalır və uğursuz bir liderə bağlı qalmağın nəticələri haqqında narahat olan müxtəlif fraksiyalar hərəkətə keçirlər. İqtisadi və xarici siyasətdə uğursuz olan Xruşşov kimi Putini də öz həmkarları devirə bilər. Demokratik mövqedən Müdafiə Naziri Sergey Şoyqu və Moskvanın meri Sergey Sobyanin xalq tərəfindən Putin qədər rəğbət görür və onlar vaxtı gələndə daha çox rəğbət qazanacaqlar. Sovet tipli mübarizədə isə Rusiya prezident aparatının sədri Sergey İvanov və Təhlükəsizlik Şurasının Rəisi Nikolay Patryuşevin rəqib olmaları mümkündür. Hər şey bir qırağa, Mixail Qorbaçovun ortaya çıxmasını kim gözləyərdi?

 Nəticə etibarilə, hesablamalarında yanılan və idarəni düzgün həyata keçirməyən siyasətçilər xilas ola bilmirlər. Putin Ukraynada yanıldı və müttəfiqin süqutunu təxmin edə, effektiv şəkildə qarşılıq verə bilmədi və ciddi səhvlərə yol verdi. Putinin iqtisadiyyatı idarəsi isə son vaxtlar nümunəvi olmayıb. Onun daha yaxşı işlər görə biləcəklərinə inanan həmkarları, Avropada isə Putinin vəzifədən getməsinə sevinəcək mühüm insanlar var. Putin bu tendensiyanı sürətli bir şəkildə geri çevirməlidir, əks halda o, devriləcək.

 Putinin işi hələ bitməyib. Rusiya prezidenti Dmitri Medvedyevin rəsmi olaraq vəzifədə olduğu vaxtı da hesabladıqda 14 il ölkəni idarə edib və bu, uzun bir müddətdir. Putin mövqeyini yenidən qazana bilər, lakin indiki məsələlər durduqca onun həmkarlarının fikirlərinin qarışacağını düşünürəm. Putin özü də öz seçimlərini yenidən nəzərdən keçirməlidir. Putini hakimiyyətə gəlməyə Kosovo məsələsinin sövq etdiyini və onun illərlə Ukrayna haqqında dediklərini nəzərə alsaq, Qərbə qarşı geri çəkilmək və Ukraynadakı status-kvonu qəbul etmək çətin ola bilər. Mövcud vəziyyət isə belə davam edə bilməz. Putin siyasi cəhətdən ciddi çətinliklə üzləşərsə, daha da aqressivləşə bilər. Putinin real çətinliklə üzləşib-üzləşmədiyi haqda əmin deyiləm, ancaq son vaxtlar onun üçün bir çox şey tərs gedib. İstənilən siyasi böhranda olduğu kimi vəziyyət pisləşdiyi halda getdikcə daha ekstrim seçimlər haqqında düşünülür.

 Putinin həm repressiv, həm də aqressiv lider olduğunu düşünənlər unutmamalıdırlar ki, Lenin dəhşətli bir lider olsa da, Stalin ondan da pis idi. Eyni şəkildə elə bir vaxt gələ bilər ki, dünya Putinin dövrünü liberallıq dövrü hesab edər. Putinin xilas olmaq, rəqiblərinin isə onu devirmək mübarizəsi gərginləşərsə, onların zülmü də arta bilər.