Səfər Əbiyev Azərbaycanın dağlarını necə satırmış
Paylaşılma tarixi: Apr 02, 2015 5:7:9 PM
Sabiq nazirlə bağlı yeni şok faktlar; Tovuzdakı nəhəng seolit yatağından hər il əldə edilən 130 milyon dollar keçmiş müdafiə nazirinin cibinə axıb; ona bu talançılıqda yaxın adamı Elçin Xəlilov yaxından kömək edib; ölkənin ən strateji məhsullarından biri Qara dəniz üzərindən Avropaya daşınır... Azərbaycan dünyada neft və qaz yataqları ilə məşhurdur. Ölkəmizin dörd bir tərəfi faydalı qazıntılar, müalicəvi su qaynaqları, bir sözlə, yeraltı və yerüstü sərvətlərlə zəngindir. Bu zənginliklər Azərbaycan məmurlarını milyonçuya çevirib. Xalqa məxsus sərvətlər oğurlanaraq ayrı-ayrı nazirlər, digər yüksək rütbəli məmurlar, onların yaxın çevrələri tərəfindən dağıdılır. Xalqın və ölkənin sərvətlərini istismar edən, yeyib-dağıdan məmurlardan biri də sabiq müdafiə naziri Səfər Əbiyev və onun ən yaxın çevrəsi olub. Tovuz rayonundakı Ağdağ seolit yatağı uzun illər Müdafiə Nazirliyinin Elmi-Tədqiqat Mərkəzinin sabiq rəisi, hazırda ev dustağı olan Elçin Xəlilovun nəzarətində olub.
Apardığımız araşdırma nəticəsində bəlli olub ki, Azərbaycanda çıxarılan seoliti almaq istəyən xarici və yerli biznesmenlər bu gün də E.Xəlilova müraciət etməlidirlər. Daha doğrusu, E.Xəlilovun prezidenti olduğu “İntergeo-Tetis” şirkətinə. Çünki bu qiymətli mineralın çıxarılaraq xammal şəklində satılmasında əsas şəxs odur ( bu linkdə İntergeo Tetis-in seolit satışı elanı var - http://baku.all.biz/intergeo-tetis-mmc-e6891#.VRvnJHysVe8)
Linkə daxil olub oradan şirkətin əlaqə telefonunu - 596-30-59 - əldə etdik. Kənd təsərrüfatı ilə məşğul olan şirkətin nümayəndəsi kimi “İntergeo-Tetis”in satış menecerindən mineralın istehsalı ilə bağlı bəzi məqamları dəqiqləşdirə bildik. Məlum oldu ki, hazırda Tovuzdakı seolit yatağında işlər dayandırılıb. Menecer işlərin sentyabr ayında yenidən bərpa olunacağını dedi. Satış meneceri işlərin dayanma səbəbi haqda məlumatsız olduğunu desə də, bu dayanmanın E.Xəlilovun həbsi ilə əlaqəli olmasını ehtimal etmək çətin deyil. Menecerin işlərin sentyabr ayında bərpa olunması haqda dediklərini də E.Xəlilovun məhkəmələrdəki işlərinin sentyabra qəd yekunlaşacağına dəlalət edən məqam kimi qəbul etmək olar.
http://musavat.com/