Hökumət «siqaret mafiyası»na bata bilmədi

Paylaşılma tarixi: Mar 03, 2015 12:48:39 PM

 «Azadlıq» qəzeti yazır ki, «siqaret mafiyası» martın 2-si səhər qiyməti ucuzlaşdırsa da, az sonra yenidən əvvəlki qiymətinə qaytarıb. Bu barədə «Azadlıq» qəzetinə ticarətçilər məlumat verib.  «Günün birinci yarısında mal götürəndə bəlli oldu ki, siqareti manatın ucuzlaşmasından əvvəlki qiymətinə qaytarıblar. Biz də sevindik. Lakin az keçmədi ki, dedilər siqaret yoxdur və bildirdilər ki, almaq istəyirsinizsə, yeni qiymətlərlə verəcəyik», - deyə ticarətçilər bildirib. Qəzet yazır ki, «siqaret mafiyası» bu oyunu ilə bəzi mağazaları da çətin vəziyyətdə qoyub: «Elə mağazalar olub ki, köhnə qiymətlə siqaret götürüb, ucuz satmağa başlayıblar. Lakin sonradan bəlli olanda ki, bu oyundur qiymətlər əvvəlki vəziyyətinə qaytarılıb. Bu xüsusilə kiçik dükanlarda baş verib. Onlar az mal götürür. Siqareti köhnə qiymətlə satdıqlarına görə, qısa müddətə mal qurtarıb. Yenidən mal götürəndə isə artıq baha qiymətə alıblar və bu səbəbdən köhnə qiyməti dəyişiblər».

 Manatın devalvasiyasından sonra siqaret 35-40 faiz bahalaşıb. Topdansatış məntəqələrində 1 manat 44 qəpik olan «Davudoff» siqareti birdən-birə 63 qəpik bahalaşaraq 2 manat 7 qəpik, 1 manat 26 qəpik olan «Winston Classic»1 manat 80 qəpik, 90 qəpik olan «LD Silver»1 manat 35 qəpik olub.