Rusiyanın məqsədi nədir?
Paylaşılma tarixi: Feb 15, 2015 10:50:46 AM
Qərblilərin bir çoxu Vladimir Putinin Ukraynada apardığı müharibənin müəmmalı olduğunu düşünür. Bu müharibə Rusiyanın iqtisadi problemlərlə üzləşməsinə (sanksiyalar və kredit reytinqinin kəskin şəkildə aşağı salınması) və beynəlxalq ictimaiyyətdən təcrid olunmasına səbəb olub. Bir ölkə niyə bütün gücü ilə başqa bir ölkənin zəif bir regionu üçün mübarizə aparsın? Bu, Qərbin bölünməsi və zəiflədilməsi üçün mənfur bir strategiya, Rusiyaya qarşı xarici bir təhlükənin olması ilə bağlı məntiqsiz bir şübhə və ya ölkədaxili diqqətin rejimin siyasi və iqtisadi uğursuzluğundan yayındırılması üçün ümidsiz bir cəhd ola bilərmi? Kreml Rusiyanın hərbi dəniz bazasının yerləşdiyi Krım yarımadasını ilhaq edib və Ukraynanın şərqində yerləşən Luqansk və Donetsk vilayətlərində separatçı üsyan başladıb. Rusiyanın hərbi və kəşfiyyat qüvvələrinin dəstəklədiyi üsyançılar həmin vilayətlərdə “xalq respublikaları” elan edib, sentyabr ayında Minskdə imzalanmış atəşkəs razılaşmasını heçə sayaraq Ukraynanın digər yerlərinə doğru irəliləməyə davam ediblər. Müharibədə məğlub olan Ukraynanın qərbin maddi və hərbi dəstəyinə çox böyük ehtiyacı var. ABŞ silah tədarükü haqqında düşünsə də, hələ Fransa-Almaniya diplomatiyasının göstərdiyi son cəhdlə barışıq əldə edilib-edilməyəcəyini görmək üçün gözləyir. Rusiyadan başqa çox ölkə onun müharibə aparmaq üçün gətirdiyi əsaslara inanmır. Ukraynadakı ruslar heç də təqib edilmirdi. Kiyev hökuməti “faşist” deyil (Ukraynadakı ifrat sağçı partiyalar Qərbi Avropada olduğundan daha pis fəaliyyət göstərir). Rusiyanı heç də hədələməyən NATO yenidən silahlanan Rusiyanın əksinə müdafiə xərclərini kəskin şəkildə azaldıb.
Vladimir Putinin motivasiyaları haqqında üç əsas fərziyyə irəli sürülür: Birinci fərziyyənin tərəfdarları belə düşünürlər ki, Rusiya Qərb dövlətlərinin zəifliyindən istifadə edir və buna xüsusi önəm verir. Avropa bölünmüş vəziyyətdədir, Amerika isə diqqətini bu məsələyə verə bilmir. Keçmiş Sovet imperiyasının qalıqları enerji, rüşvət, təbliğat və təxribata əsaslanan hegemonluğun yenidən qurulması üçün yaxşı vaxtdır. İkinci fərziyyənin tərəfdarlarının fikrinə görə, özündən əvvəlki bir çox avtokratlar kimi Putin də təhlükəli etnik millətçilik, Sovet nostalgiyası və Rus imperializmi ideologiyalarını mənimsəyib və özünün ixtira etdiyi, getdikcə amansızlaşan qərb təhlükəsinə qarşı mübarizə aparır. Üçüncü fərziyyəni dəstəkləyənlər isə Rusiya haqqında əsas məsələnin ölkənin öz zəifliyi olduğunu düşünürlər. Durğun iqtisadiyyat, endemik (yerli xüsusiyyətli) korrupsiya, dağılan infrastruktur və elit təbəqədən tutmuş sadə xalqa qədər xalqın reallığı görməsi Rusiya prezidenti üçün həlli mümkün olmayan problemlərdir. Neft və qaz gəlirlərinin bol olduğu bir vaxtda hakimiyyətə gələn Putin gəlirlər azaldıqca uğursuzluğa məhkum olur. Təbliğat aparmaq və hərbi güclə hədələmək nə olur olsun, iqtisadi gücü əvəz edə bilməz. Qərb dövlətləri möhkəm və səbrli olmalı, Ancaq Rusiyanın hədələrini böyütməməlidirlər.
Bu fikirlər bir-birini istisna etmir: hər üç fərziyyədə həqiqət payı var. Bir önəmli ortaq fikir də var. Bu fərziyyələrdə Ukrayna üçün kiçik də olsa, ümid olduğu görünür. Putinin Ukraynanın sabitliyini pozmaqda məqsədinin Qərb dövlətlərini alçaltmaq olub-olmaması və ya bunun bir gün Avropa üslubunda bir müvəffəqiyyət hekayəsi ola biləcəyindən qorxduğu üçün edib-etməməsinin həlak olan minlərlə insanın ailələri, yaxud da yoxsulluq və səfalət içində yaşayan milyonlarla insan üçün elə də böyük fərq etmir.
http://4npress.com/