Şəkidə ipəkçiliyə maraq azalıb

Paylaşılma tarixi: Apr 05, 2015 5:8:28 PM

Şəhərdə yeganə fəaliyyət göstərən sexin işçiləri maaş azlığından şikayətlənir; halbuki buraxılan məhsullar əmək haqqına ekvivalentdə qat-qat baha satılır İpəkdən söz düşəndə gözümüz önünə ilk növbədə təbii ki, Şəki gəlir. Belə bir deyim var: “Bəsləsən atlas olar tut yarpağından”. Barama qurdundan başlanan bu proses olduqca uzun və çətin proses olsa da, zəhmətsevər şəkililər ondan həmişə halal çörəklərini qazanıblar. Şəkidə ipəyin istehsalına 19-cu əsrin əvvəllərində başlanılıb. Elə o dövrdən Şəki nəinki Azərbaycanın, eləcə də Qafqazın ipək mərkəzi kimi ad qazanıb və bu gün də ipək deyiləndə ağıla ilk olaraq Şəki şəhəri gəlir. Ancaq keçmiş SSRİ məkanında barama istehsalına görə Azərbaycan 2-ci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə 1-ci yeri tutsa da, bu gün vəziyyət heç də ürək açan deyil. Artıq əhali arasında bu sahəyə maraq nisbətən azalıb. Buna səbəb həmin sahə ilə məşğul olan insanların əməyinin yetərincə qiymətləndirilməməsi və gəlirin az olmasıdır.

Vaxtilə fəaliyyət göstərən böyük ipək fabrikinin indi yalnız kiçik bir sexi işləyir. Sexə daxil olub iş prosesi ilə daha yaxından tanış olmaq istəsək də, müxtəlif bəhanələrlə icazə verilmədi. Ancaq öyrəndik ki, sexin işçiləri onlara ödənilən əmək haqqından narazıdırlar. İşini itirməkdən qorxduğu üçün adının açıqlanmasını istəməyən xanım verilən maaşın heç zəhmətlərinə dəymədiyini bildirdi: “Burada işləmək asan deyil. Xeyli əziyyət çəkirik. Ancaq zəhmətimizi istənilən səviyyədə dəyərləndirmirlər. Cəmi 90 manat maaş alıram. Çarəsizlikdən, işsizlikdən məcbur 90 manata razılaşıb çalışıram”.

Kombinatın yaxınlığında “Şəki İpək” adlı mağaza fəaliyyət göstərir. Kombinatda istehsal edilən ipək kəlağayılar, xalçalar əsasən burada satışa çıxarılır. Kəlağayıların və xalçaların qiyməti ilə maraqlanmaq üçün həmin mağazaya daxil olduq. Mağazada alıcı gözə dəymirdi. Satıcı yalnız turistlərin ara-sıra gəlib kiçik kəlağayılardan aldığını, alverin isə olmadığını bildirdi.

Qiymətlərə gəlincə isə kəlağayıların qiyməti 10 manatdan başlayırdı. Yun xalçanın 1 kvadrat metri 600 manata, ipək xalça 700 manata satılırdı. Satıcı bu xalçaların əl əməyi, göz nuru olduğunu da xüsusilə qeyd etdi.

İpək xalçalara toxunmaq kifayət edir ki, onun necə incə, yumşaq, narın və gözəl olmasını hiss edəsən. Bu xalçaya toxunduqca insan ondan qopa bilmir. Bir ipək xalçanı toxumaq onunla eyni ölçüdə olan yun xalçanı toxumaqdan ən az 2 dəfə daha artıq zəhmət və vaxt tələb etdiyindən, qiymətləri yun xalçaya nisbətən daha bahalı olur. İpək xalçaya sahib olmaq ev sahibinin xüsusi zövqündən xəbər versə də, bu kefi yaşamağa hamının imkanı çatmır.

İpəkdən hazırlanan və Şəkidə alınacaq əsas hədiyyələrdən biri kəlağayıdır. Şəkiyə gələn qonaqlar hədiyyə üçün ipək xalçalara elə də maraq göstərməsələr də, kəlağayıları böyük həvəslə alırlar. Azərbaycanda kəlağayı qədimdən bəri ənənəvi qadın baş örtüyüdür. İpəkçiliyin inkişaf etdiyi yerlərdə bu çox məşhur olub.

Qeyd edək ki, kəlağayıların ərsəyə gəlməsində əl əməyindən daha çox istifadə edilir. Bu kəlağayılar təbii yolla boyanır və onlara əllə naxış vurulur. Kəlağayılar toxunduqdan sonra boyaqçılara təhvil verilir. Kəlağayılara vurulan boyalar müxtəlif bitki köklərindən hazırlandığından, kəlağayı köhnəlsə də, rəngi heç vaxt solmur. Boyadılma işi bitdikdən sonra kəlağayı qurudular və üzərinə müxtəlif basma qəliblərlə naxış atılır.

Vaxtilə ipəktoxuma sənəti ilə yalnız kişilər məşğul olub. Onu da qeyd edək ki, bir barama qurdundan 800-1000 metr, bəzən isə 1200 metrədək sap əldə etmək mümkündür.

Günel MANAFLI

http://musavat.com/