Seçkiqabağı təhlükə altında olan 12 partiya hansılardır?
Paylaşılma tarixi: Jul 13, 2015 4:19:34 PM
Sərdar Cəlaloğlu: “MSK deyir ki, sən get haradansa əlavə maliyyə tap, özünün maliyyə fəaliyyətinin olmaması ilə bağlı arayış gətir” Mərkəzi Seçki Komissiyası (MSK) növbəti iclasını keçirib. İclasda 2014-cü ilin illik maliyyə hesabatını təqdim etməyən 12 siyasi partiya ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edilməsi haqda qərar qəbul olunub. Maraqlıdır, seçkiqabağı təhlükə altında qalan o 12 partiya hansılardır? Etibarlı mənbədən aldığımız məlumata görə, heç bir partiyanın qeydiyyatı ləğv edilməyəcək. Siyahıda adı olan 12 partiyanın heç bir fəaliyyəti yoxdur. Onlara xəbərdarlıq ediləcək ki, sənədlərini qaydaya salsınlar. Əsas partiyaların heç biri bu siyahıda yoxdur. Görəsən, siyasi partiyalar bu haqda nə düşünür? Bu proses hakimiyyətin seçkiqabağı ələmə prosesi ola bilərmi? Müsavat Partiyasının başqan müavini Elman Fəttah bildirdi ki, heç bir maliyyə vəsaiti ayrılmayan siyasi partiyanın maliyyə hesabatının yoxlanılması absurddur: “2014-cü ilin oktyabrında verilən qərar maliyyə qanunlarına zidd qərardır. Çünki Mərkəzi Seçki Komissiyası heç bir maliyyə fəaliyyəti göstərməyən bir təşkilatdır. Ənənəvi olaraq partiyalar hesabatlarını Maliyyə Nazirliyinə verir və verməli idi. O vaxt bununla bağlı bir məsələ qoymuşdular.
Maliyyə ayrılmayan partiyalardan maliyyə hesabatı tələb etmək isə absurddur. Əksər partiyalar heç bir maliyyə almırlar, amma maliyyə hesabatı tələb olunur. Xüsusilə də xərclərlə bağlı audit hesabatı tələb edirlər. Bu məsələ məhz siyasi partiyaların qeydiyyatı ilə bağlı tələ qurmaq üçün bir oyundur. Bəlkə Müsavat Partiyasının da bu siyahıda adı var. MSK-nın Ədliyyə Nazirliyinə sırf maliyyə məsələsi ilə bağlı müraciət etməsi çox absurddur. Çünki siyasi partiya hər hansısa bir kommersiya təşkilatı deyil ki, hansısa maliyyə hesabatı bəhanəsi ilə Ədliyyə Nazirliyində müzakirəyə çıxarılsın. Bu həm də təkpartiyalılığa doğru keçiddir. Avtoritarizmi möhkəmləndirmə siyasətinin hüquqi elementlərindən biridir”.
Ümid Partiyasının sədri İqbal Ağazadə partiyaların maliyyə hesabatlarının MSK-ya təqdim edilməsinin əleyhinə olduğunu dedi: “Bunun nə ilə bağlı olduğunu deyə bilmərəm. Amma hər bir partiya maliyyə hesabatı verməlidir. Partiyalar qanunvericiliyin tələblərinə uyğun olaraq maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməli deyil. Mən hesabatın Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinin əleyhinə olmuşam. Bunun siyasi tərəflərini də parlamentdə demişəm. Mərkəzi Seçki Komissiyasının belə bir səlahiyyəti olmadığını da bildirmişəm. Qanunvericilikdə göstərilir ki, hökmən maliyyə hesabatı verilməlidir. Əgər hansısa partiyaların maliyyə hesabatlarında qüsurlar varsa, o partiyanın taleyi Ədliyyə Nazirliyinin, sonra isə məhkəmənin verəcəyi qərardan asılıdır”.
ADP sədri Sərdar Cəlaloğlu heç bir maliyyə gəlirləri olmadığı halda onlardan hesabat tələb edildiyini dedi:“Əgər siyasi partiyalar konstitusiyada qadağan olunmamış fəaliyyətlə məşğuldurlarsa, onların fəaliyyətindəki digər qüsurlara görə partiyaları ləğv etmək olmaz. Çünki konstitusiya ali hüquqa malikdir. Məsələn, bizim heç bir maliyyə fəaliyyətimiz yoxdur. Dövlət bizi maliyyələşdirmir. Biz heç yerdən ianə almırıq. Partiyamızın üzvləri də könüllülük əsasında xidmət göstərir. Mərkəzi Seçki Komissiyasına heç bir maliyyə əməliyyatımızın olmaması ilə bağlı məlumat göndərmişik. Ədliyyə Nazirliyi də bizə yazıb ki, siz heç bir maliyyə fəaliyyətinizin olmaması ilə bağlı auditdən arayış almalısınız. Audit də bizə deyir ki, 300-500 manat verin ki, sizə audit xidməti göstərək. Mən buna deyirəm ki, mənim heç bir maliyyə imkanım və fəaliyyətim yoxdur. MSK da deyir ki, sən get haradansa əlavə maliyyə tap, haradansa özünün maliyyə fəaliyyətinin olmaması ilə bağlı arayış gətir. Yəni belə bir absurd mövqe nümayiş etdirirlər. Audit maliyyə fəaliyyətinin düzgünlüyünü yoxlamaq üçün bir orqandır. Bu yalnız biznes strukturları üçün özünü doğrulda bilər. Siyasi partiyaların fəaliyyətini ağırlaşdıran, çətinliklər yaradan biznes strukturlarına aid olan məsələləri də siyasi partiyalara tətbiq etmək nə dərəcə düzgündür?! "Siyasi partiyalar haqqında" Qanunda da açıq şəkildə göstərilir ki, partiyanın fəaliyyətini maliyyə orqanlarından başqa heç bir qurum təftiş edə bilməz. MSK isə bizi məcbur edir ki, audit gəlib bizim fəaliyyətimizə müdaxilə eləsin. Axı audit maliyyə orqanı deyil. Əgər mənim maliyyə fəaliyyətimlə bağlı bir şübhən, iddian varsa, Maliyyə Nazirliyinə müraciət elə, onlar öz xətti ilə yoxlasınlar. Mən bilmirəm 12 partiyanın arasında bizim adımız var ya yox, amma bizə belə bir məktub göndəriblər ki, sizin maliyyə hesabatınızda audit yoxlamanızın arayışı yoxdur. Mən də yazmışam ki, mənim maliyyə fəaliyyətim sıfırdır. Bu sıfırın nəyini yoxlayacaq audit?!”
Günel MANAFLI http://musavat.com/news/olke