İqtisadçıdan SENSASİON BAHALAŞMA AÇIQLAMASI
Paylaşılma tarixi: Feb 21, 2015 5:8:58 PM
“Manat barədə Azərbaycan hökumətinin verdiyi qərardan sonra valyuta bazarında hələ də çalxalanmalar hökm sürür. Mərkəzi Bank rəhbəri Elman Rüstəmovun ilk açıqlamasından dərhal sonra valyutadəyişmə məntəqələrində dollar milli valyutamıza nisbətən yüksəlməyə başladı. Və artıq açıqlamadan səhəri gün dollar satışı demək olar ki, dayandırıldı. Düzdür, Elman Rüstəmov ikinci açıqlama verərək, əhalini panikaya düşməməyə çağırdı və narahatçılığa əsas olmadığını söylədi, amma bu, heç nəyi dəyişmədi. Çünki indiyə qədər əhalinin narahat olmaması barədə ayrı-ayrı məmurların verdikləri açıqlamalar sonradan göstərdi ki, sən demə, narahat olmaq lazım imiş.” Bu, iki gün əvvəl hazırladığımız materialın girişidir. Mərkəzi Bankın bu gün açıqladığı bəyanatda bildirildi ki, milli valyutamızın dollar və avroya nisbətən qiymətində kəskin ucuzlaşmalar baş verib. 1 dollar 1.05, 1 avro isə 1.20 AZN olub. Yəni görünən odur ki, qeyd etdiyimiz kimi, nə zaman məmurlar televiziya ekranlarından xalqı narahat olmamağa çağırırsa, bu dəhşətli tufandan qabaq sakitçiliyin əlamətidir.
Sözügedən məsələ ilə əlaqədar FaktXəbər-ə açıqlama verən iqtisadçı alim Vüqar Bayramov bildirdi ki, Mərkəzi Bank yumşaq devalvasiya olacağına dair açıqlama verməsinə baxmayaraq, əslində kəskin devalvasiya getdi: “Bu istehlak bazarında qiymət artımına gətirib çıxaracaq. Çünki idxal olunan malların alqısı dollarla aparıldığı üçün, onların manatla dəyişdirilməsi qiymət fərqi yaradacaq. Amma bu ixracata stimul verəcək.”
Dolların bahalaşmasının kredit bazarına da təsirinin olacağını deyən V.Bayramov bildirdi ki, “kommersiya banklarından dollarla kredit götürən vətəndaşlar indi daha çox manat xərcləyərək dollar alacaqlar. Yəni əvvəlcə 10000 dollar kredit götürən şəxs 7800 manat+faiz ödəyirdisə, indi 10000 manat+faiz ödəyəcək. Amma manatla kredit götürən şəxslərə bu devalvasiya müsbət təsir göstərəcək.”
Son olaraq Azərbaycanda gözlənilən inflyasiyanın həcmi barədə danışan ekspertin açıqlaması dəhşət doğurucu oldu: “Mərkəzi Bank ilkin açıqlamasında bu il Azərbaycanda inflyasiyanın həcminin 7% olacağını açıqlamışdı. Və biz də 1 AZN = 1 Avro həcmində götürərək, inflyasiyanın 10% həcmində olacağını hesablamışdıq, bu barədə açıqlama da vermişdik. İdxal olunan malların ümumi istehlak bazarındakı payını nəzərə alsaq, mövcud devalvasiya ilə 2015-ci ildə inflyasiya Mərkəzi Bankın açıqladığından 2 dəfə çox - 14% olacaq.”
http://bizimyol.info/