Politoloq: "Baş verənlərdən məlum oldu ki, Putinin imici Lukaşenkodan da aşağıdır"

Paylaşılma tarixi: Feb 13, 2015 12:13:32 PM

 "O, sadəcə Putinə izah etmək istəyirdi ki, hər kəs ayaq üstündədirsə, sənin əyləşməyin yaxşı deyil" Politoloq Ərəstun Oruclu Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və Ukrayna prezidenti Pyotr Poroşenkonun iştirakı ilə baş tutan Minsk görüşündən danışıb. Bütün dünyanın diqqətində olan görüş barədə Ölkə.az-a danışan politoloq bildirdi ki, əgər Qərb Lukaşenkoya dəstək verərsə, o, Rusiyaya qarşı gedəcək. "Bu görüş çox maraqlı və incə məqamdır. Mən hesab edirəm ki, bunların hər biri Rusiyaya qarşı çox maraqlı gediş idi. Baş verənlərdən məlum oldu ki, Putinin imici Lukaşenkodan da aşağıdır. Və Lukaşenkonu Putinin üzərinə qaldırdılar. Şübhəsiz ki, o da bundan istifadə edərək, Putin üzərində həmin stol zarafatını etdi. Əslində, o zarafat deyildi, o, sadəcə Putinə izah etmək istəyirdi ki, hər kəs ayaq üstündədirsə, sənin əyləşməyin yaxşı deyil. Bunu isə yumorla izah etdi.

 Mənə elə gəlir ki, bu özü də bir mesaj idi. Onu da deyim ki, Lukoşenko heç də pis dövlət başçısı deyil, əhalisinin böyük bir hissəsinin rəğbətini qazana bilib. Ukrayna Rusiya məsələsində isə kifayət qədər obyektiv idi.

 Hər halda bu Qərbdən bir mesaj idi. Yəni artıq Lukoşenko Qərblə tərəfdaş ola bilər və o, bu əməkdaşlığı qəbul edirmiş kimi göründü. Bu zarafat da göstərdi ki, əgər Qərb ona dəstək verərsə, demək o, Rusiyaya qarşı gedəcək".

 Qeyd edək ki, 16 saatlıq Minsk danışıqları zamanı Donbasda atəşkəsin elan edilməsi haqqında razılıq əldə olunub.

Fatimə İbrahimova

Ölkə.az