Türkiyədən İrəvana böyük həmlə

Paylaşılma tarixi: Nov 17, 2015 5:25:24 PM

Ankara NATO-nun böyük dəstəyinə nail oldu.

MüəllifÇingiz Rüstəmov

Antaliyada G20 sammiti getdiyi bu günlərdə Türkiyə Çindən raket alınması ilə bağlı dörd milyard dollarlıq layihədə imtina etmək qərarına gəlib.

ANS PRESS-ini məlumatına görə, bu xəbəri Türkiyə hökumətindəki mənbə “Reuters” informasiya agentliyinə bildirib. Agentliyin məlumatına görə, Ankara bu qərarını milli raket istehsalı qurmaq niyyətində olması ilə izah edib.

Türkiyə 2013-ci ilin payızında ilk uzun mənzilli raket layihəsi barədə Çin ilə müqavilə bağlamaq üçün danışıqlara başlamışdı. Layihə üçün təklif verən Fransa-İtaliya ortaqlığı və ABŞ tenderdə uyğun olaraq ikinci və üçüncü olmuşdular.

Twrkiyənin almaq istədiyi Çin raketləri

Türkiyənin bu önəmli layihədə Çin ilə müzakirələrə başlaması xüsusilə NATO və ABŞ-ın sərt reaksiyasına səbəb olmuşdu. Ancaq Çinlə texnologiya ixrajı sahəsində yaşanan problemlər layihənin gerçəkləşdirilməsinə çətinlik törədirdi.

Həm də Çin raketlərinin NATO müdafiə radarlarına inteqrasiya edilə bilməməsi bu sistemləri yalnız qurulduğu yeri müdafiə edə biləcək lokal silahlar halına gətirəcəkdi. NATO üzvü bir ölkənin NATO-dan kənar bir müdafiə sistemi almaq istəməsi də Qərbin sıx siyasi təzyiqlərinə səbəb olurdu.

Amma Türkiyənin başqa yolu yox idi. Çünki NATO rəhbərliyi bu ölkədən “Patriot” müdafiə sistemlərini çıxarmaq qərarına gəlmişdi. Yəni rəsmi Ankara ölkənin müdafiə qüdrətinin qeydinə qalmalı idi. Bu tərəfdən də, Rusiya Ermənistanla birgə raket əleyhinə müdafiə sistemi qurmaq qərarına gəlib. Bu sistemin rəsmən Ermənistanı Azərbayjanda qorumaq məqsədi ilə qurulduğu iddia edilsə də, erməni KİV-ləri əsas hədəfin İsrail və Türkiyə olduğunu irəli sürür. Belə olan şəraitdə Ankaranın 4 milyard dollarlıq bir müdafiə sistemindən imtina etməsi qəribə gəlir.

Müdafiə Nazirliyinin sabiq əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov baş verənləri Türkiyənin müdafiə sisteminin zəifləməsi kimi yox, gücləndirilməsi kimi qəbul edir. «Görünür, Ankara NATO ölkələri ilə raket hücumundan qorunmaq üçün nəzərdə tutulmuş"Patriot" raketlərinin Türkiyədə qalmasına razılıq ala biliblər»,- deyə Üzeyir Cəfərov ANS PRESS-ə bildirib.

Üzeyir Cəfərov - Müdafiə Nazirliyinin sabiq əməkdaşı, polkovnik-leytenant

Məsələ bundadır ki, «The Defense News» portalının bu yay yazdığına görə, noyabrdan başlayaraq Amerikanın «Patriot» hava hücumundan müdafiə sistemləri Türkiyədən çıxarılacaq. 2013-cü ilin əvvəlindən Türkiyənin cənub-hərqinin üç bölgəsinə Ankaranın xahişi ilə 6 ədəd «Patriot» sistemi yerləşdirilmişdi. Sistemlər Almaniya, ABŞ və Niderland tərəfindən təqdim edilmişdi. Hər ölkə 2 sistem vermişdi.

ABŞ rəhbərliyi «Patriot» sistemlərini modernləşdirmə üçün götürmək istədiyini bildirsə də, bir sıra Rusiya və Ermənistan ekspertləri bunu NATO-nun Türkiyədən imtinası kimi dəyərləndirirdilər. Məsələn erməni əsilli Rusiya hərbi eksperti Semyon Baqdasarov Türkiyənin «Patriot» sistemləri yerləşdirilmiş bölgələrində vətəndaş müharibəsi getməsi ilə izah edirdi: «NATO təmsilçiləri problemlə üzləşməmək üçün bu zenit sistemlərini çıxarırlar».

Üzeyir Cəfərov artıq Türkiyənin bu problemi həll etdiyini düşünür: «G20 sammiti göstərdi ki, NATO yenə Türkiyəni Yaxın Şərqdə əsas tərəfdaşı sayır. Bu məsələdə Rusiyanın Ermənistanla birlikdə hava hücumundan müdafiə sistemi yaratması da, İŞİD-in Parisə hücumu da rol oynayır. Sammitin Antaliya keçirilməsi göstərdi ki, Türkiyə qərb üçün çox önəmlidir».

"Patriot" sistemi

Əslində, Türkiyənin uğuru Azərbaycanın da uğuru sayılmalıdır. Sirr deyil ki, Türkiyə ilə münasibətləri soyuyan Qərb dövlətləri Azərbaycana da qarşı ikili standartları gücləndirmişdi. Ermənilər Qarabağ münaqişəsinin həllində bu məsələdən sui-istifadə etməyə çalışırdılar. Avrasiya İttifaqına girərək Rusiyanın yarım müstəmləkəsinə çevrilmiş Ermənistan həm də Qərbin dəstəyini qazanmağa çalışırdı. Amma, göründüyü kimi, İrəvanın bu arzusu ürəyində qaldı.

Ermənilər Azərbaycanın bu addımından qorxur