Azərbaycanın şimalından cənubuna gedən yol bağlandı
Paylaşılma tarixi: Sep 20, 2015 5:35:31 PM
Azərbaycanın şimal bölgələrindən cənub bölgələrinə getmək mümkün deyil. Çünki bu yolu polis əməkdaşları bağlayıblar.
Milli.Az xəbər verir ki, Bakıya rayon qeydiyyat nişanlı avtomobillərin girişinin qadağan edilməsi belə bir neqativ faktı ortaya çıxarıb. Yollarda qurulan polis postlarında şimal bölgəsindən gələn maşınların cənuba - Bakı istiqamətinə hərəkətinə məhdudiyyətlər qoyulur.
Belə postlardan biri Sumqayıt şəhərinin çıxışında, Sumqayıt dairəsi adlanan yerdə qurulub. Digəri isə Xırdalan şəhərinin başlandığı ərazidə, başqa biri isə Masazır gölünün yanında quraşdırılıb. Oradan keçən maşınları polis cənub istiqamətində buraxmır. Vətəndaşlar izah etməyə çalışırlar ki, Bakıya yox, başqa bölgəyə gedirlər, bu, heç bir fayda vermir. Polislər "icazə yoxdur" deyib buraxmırlar vətəndaşı.
Belə bir problemlə üzləşən Quba rayon sakini bu barədə Milli.Az-a yazıb. O deyir ki, məqsədi hərbi xidmətdə olan oğluna baş çəkmək üçün cənub bölgəsinə getmək idi. Ancaq Sumqayıt yaxınlığında polis yolu bağlayıb, onu buraxmayıb. Xeyli xahiş-minnətdən sonra postu keçə bilsə də, növbəti dəfə polis əməkdaşları Xırdalan şəhərinin yaxınlığında onu saxlayıblar. Onun oğlunun yanına getmək istəyi xeyli əsəb, narazılıq və vaxt itkisi hesabına başa gəlib.
Oxucunun üzləşdiyi problem göstərir ki, Bakıya rayon maşınlarının buraxılmaması neqativ hallara yol açıb. Əslində, Bakıya girişi deyil, vətəndaların ölkə ərazisində sərbəst hərəkətini məhdudlaşdırıb. Əgər rayon maşınlarının Bakıya girişi qadağandırsa, polis postlarını Sumqayıtda və ya Xırdalanda deyil, Bakının girəcəyində qursaydılar, daha məntiqli olmazdımı?
HerGun.Az