Putinin Avropadakı Radikal Müttəfiqləri
Paylaşılma tarixi: Mar 04, 2015 4:24:4 PM
Avropanın Rusiya təcavüzünə qarşı sanksiyalar tətbiq etməsi ilə bir vaxtda utanmadan Kremli dəstəkləyən partiyalar Avropa İttifaqı daxilində möhkəmlənməyə davam edirlər. Avropanın radikal sağçı partiyaları qitə miqyasında irəliləyir və Avropa İttifaqı daxilində “beşinci kolonna” titulunu qazanırlar. Fransanın Milli Cəbhə, İtaliyanın Şimal Liqası, Almaniyanın Milli Demokratik Partiya, Macarıstanın isə Jobbik partiyası Rusiya Prezidenti Vladimir Putinin tərəfində olduqlarını açıq şəkildə bildirən partiyaların sadəcə bir qismidir. Bu hal heç də milli səviyyə ilə məhdudlaşmır – Avropa Parlamentinin 751 üzvündən 76-sının Rusiyanın tərəfində olması siyasi analitiklər arasında təşvişə səbəb olub.
Şərqi Ukrayna münaqişəsinin təsirlərinin Avropa İttifaqına çatmasının qarşısını almaq üçün Avropanın göstərdiyi səylər nəticəsində bu vəziyyət daha da önəmli hal alıb. Rusiyanın Ukraynaya müdaxiləsinə görə Brüssel Moskvaya qarşı daha da sərt sanksiyalar tətbiq etdikcə Kremlin Avropa İttifaqındakı müttəfiqləri öz mövqelərini daha da açıq şəkildə bildirməyə başlayıblar. Təhlükədə olan isə Avropa İttifaqının birliyi və Rusiyaya qarşı birgə fəaliyyət göstərmək imkanıdır.
“Avropanın radikal sağçıları ilə Kreml Avropa İttifaqına qarşı birgə düşmənçilik bəsləyirlər” – deyə Paris Beynəlxalq və Strateji Əlaqələr İnstitutunun tədqiqatçısı Jan-İv Kamü bildirir. Bu, həmçinin, Yunanıstanın radikal sağçı “Syriza” partiyasına da aiddir və bu partiyanın lideri Aleksis Tsipras bu yaxınlarda Yunanıstanın baş naziri seçilib.
Kamü bildirir ki, Rusiya Brüsselin izlədiyi strategiyalar haqqında Avropa İttifaqı daxilində yaranan mövcud narazılıqdan müvəffəqiyyətlə istifadə edir. O, eyni zamanda şaquli hakimiyyət bölgüsü daxil olmaqla, hökumətin idarə edilməsi üsulları baxımından da Kreml və Avropanın radikal sağçı partiyalarının siyasi fikirləri arasında qarşılıqlı əlaqə olduğunu hesab edir.
Aİ ilə narazılıq olmasının müxtəlif üzv dövlətlərdə bir sıra müxtəlif səbəbləri var. Aİ-nin sərt strategiyaları Yunanıstan kimi iqtisadiyyatı yaxşı olmayan ölkələrdə Brüsselin gözdən düşməsinə səbəb olub. Almaniya və Böyük Britaniya kimi Aİ-nin lider ölkələrində isə avroskeptisizm (Aİ-ə leyhdarlıq) daha çox iqtisadi cəhətdən zəif olan üzv ölkələrə yardımın gətirdiyi maliyyə problemlərinə etirazdan irəli gəlir.
Britaniyalı siyasi analitik Andryu Foksol belə bir xəbərdarlıq edir ki, avropalılar Kremlin tələsinə düşmək üzrədirlər. “Avropalı seçicilər başa düşməlidirlər ki, radikal sağçı partiyaların lehinə səs verilməsi sadəcə siyasi çoxluq əleyhinə yox, Putinin lehinə səs verilməsi deməkdir.”
Heç şübhəsiz ki, Putin Avropada mümkün qədər çox lobbiçini öz tərəfinə çəkməkdə fəaldır.
Avropanın Siyasi Araşdırmalar Mərkəzində çalışan analitik Maykl Emersonun sözlərinə görə, Böyük Britaniya, Fransa və Almaniya daxil olmaqla Aİ-nin ən önəmli qərar qəbul edən üzv ölkələri daxilində Rusiyanın nüfuzu artmaqdadır. Bu artmaqda olan nüfuzu xüsusilə Avropa Parlamentinə seçkilər göstərir. Hal-hazırda Avropa Parlamentində 23 yer Fransanın Marin Lö Pen tərəfindən idarə edilən Milli Cəbhə partiyasına, 24 yer isə Britaniyanın ultra-mühafizəkar UKIP (Birləşmiş Krallıq Müstəqillik Partiyası) partiyasına məxsusdur.
Aİ əleyhdarı olan bu partiyalar Putini dəstəklədiklərini nümayiş etdirmək üçün bir-birlərilə rəqabət aparırlar. UKIP partiyasının lideri Nigel Faraj Avropanı açıq şəkildə Rusiyanın İŞİD əleyhinə göstərdiyi yardımların əvəzində Ukraynanı Rusiyaya təhvil verməyə çağırıb. Marin Lö Pen isə öz növbəsində Rusiya ilə enerji və hərbi sahədə daha sıx əməkdaşlığın qurulmasını tələb edib və Almaniyanı Paris-Berlin-Moskva anlaşmasının yaradılması üçün göstərdiyi təşəbbüsə qoşulmağa çağırıb.
Putin rejiminə sədaqətin gəlir gətirdiyi müşahidə olunub. Verilən məlumatlara görə, Milli Cəbhə partiyası Kremllə əlaqələri olduğu şübhə edilən və nisbətən tanınmayan Birinci Çex-Rusiya Bankından 9 milyon avro kredit götürüb. Bu kreditlə bağlı KİV-də çıxan qalmaqaldan sonra Lö Pen partiyanın rus mənbələrdən maliyyə yardımı aldığını təsdiqləyib.
“Biz İspaniya, İtaliya, Asiya və Rusiyada olmaqla, hərtərəfli fəaliyyət göstəririk” – deyə radikal sağçı partiyasının lideri Lö Pen bildirib – “İlk cəhddə müqaviləni imzaladıq və bu, bizi olduqca məmnun edir.”
Lö Penin atası Jan-Mari də rus mənbələrdən böyük məbləğdə maliyyə yardımı almaqda ittiham olunub. Məlumatlara görə, Milli Cəbhə partiyasının əsasını qoymuş və partiyaya liderlik etmiş Jan-Mari Lö Pen Kremllə əlaqələri olan mənbələrdən İsveçrə banklarından birinə 2 milyon avro pul qəbul edib.
Milli Cəbhə partiyasının Rusiya ilə təkcə ortaq maliyyə maraqları yoxdur, Lö Penin partiyası eyni zamanda Kremllə eyni siyasi fikri bölüşür. Stanford Universitetində çalışan, bu partiya haqqında kitab yazmış Sesil Alduy bildirir ki, anti-kommunizmdən uzaqlaşan partiya artıq ideoloji baxımdan Putin rejiminin avtoritarlıq və milliyətçiliyi istiqamətinə yönəlib. Lö Pen və onun tərəfdarları Putinin Rusiyasını ABŞ-ın “dominantlığı” və Aİ-nin “diktatorluğuna” qarşı gələ biləcək bir ölkə hesab edirlər.
“Milli Cəbhə partiyasının gözündə Putinin Rusiyası Vaşinqton və Brüsselə tabe olmağı rədd edən güclü bir ölkədir” – Alduy bildirir.
Emerson isə bildirir ki, bir çox avropalı müxalif seçici Rusiyanı öz ölkələrinin olmasını istədikləri kimi güclü və millətçi bir dövlət kimi görürlər.
Putinin düşməni və keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin agenti Aleksandr Litvinenkonun ölümü ilə bağlı şayiələrə baxmayaraq, Böyük Britaniyada Putinə hələ də böyük dəstək var.
Birləşmiş Krallığın Britaniya Milli Partiyasına rəhbərlik edən Nik Qriffin ictimaiyyət qarşısında cinsi azlıqlar məsələsində Rusiyanın mövqeyini yüksək qiymətləndirib və Putin rejiminin “sağlam, şəffaf və tam demokratik sistem” olduğunu bildirib.
2011-ci ildə Rusiyanın parlament seçkilərində seçki müşahidəçisi olan Qriffin daha sonra səsvermənin Britaniyadakı seçkilərdən daha dürüst şəkildə keçirildiyi rəyini bildirmişdi. Qriffin eyni zamanda Rusiyanın dövlət tərəfindən dəstəklənən TV kanalı RT üçün ictimai yardımlar da göstərərək sosial şəbəkədə bu kanalın “həqiqəti bilmək” istəyən insanlar üçün olduğunu bildirib.
Uzun müddət Britaniyanın kütləvi informasiya vasitələrində Kreml tərəfindən Britaniyanın iş adamlarına, ictimai xadimlərinə və hökumət rəsmilərinə, xüsusilə də, Lordlar Palatasının üzvlərinə təkliflər edilməsi ilə bağlı xəbərlər çıxıb. Məsələn, məlumatlara görə, “Gazprom” şirkətinə bağlı olan “Energy Enterprises” şirkətində yüksək vəzifə sahibi olan Peter Truskot 2013-cü ildə Nobel Sülh Mükafatı üçün Putinin namizədliyinin irəli sürülməsini tələb edib.
Putin rejiminin Lordlar Palatasının bir çox üzvlərinə öz səxavətini göstərdiyi bildirilir. Sabiq Toni Bler hökuməti rəsmisi (və rus oliqarx Oleg Deripaskanın dostu) Lord Peter Mandelson rus oliqarx Vladimir Yevtuşenkonun sahib olduğu “Sistema” şirkətinin direktorudur.
Böyük Britaniyanın keçmiş naziri Lord Paul Mayners Kremlin yaxın müttəfiqi olan və Rusiyanın ən varlı insanı Alişer Usmanov tərəfindən idarə edilən “Megafon” şirkətinin idarə heyətinin üzvüdür.
Putin rejimi eyni zamanda Milli Demokratik Partiya və AfD (Almaniya üçün Alternativ) partiyası kimi radikallar və avroskeptiklərlə (Aİ əleyhdarları) əlaqələr vasitəsilə Almaniyada da möhkəmlənməkdədir.
Britaniyalı siyasi şərhçi Lyuk Hardinq bildirir ki, Rusiya Avropada mövcud siyasi meyllərdən faydalanır. “Aİ daxilində radikal sağçı partiyaları Kreml yaratmasa da, siyasi və maliyyə yardımı təmin edərək Avropada neofaşizmin güclənməsinə kömək edir.”
Hardinq Kremlin hazırkı fəaliyyətlərini on illər bundan əvvəl Avropada kommunist partiyalarına dəstək verən Sovet İttifaqının strategiyaları ilə müqayisə edir.
Rusiyanın Avropada ən güclü tərəfdarlarından biri Çexiya Respublikasının Prezidenti Milos Zemandır. Ötən ilin seçki kampaniyası ərzində Çexiya mətbuatında dəfələrlə Zemanın Rusiyanın enerji nəhəngi olan “Lukoil” şirkəti ilə əlaqələri haqqında xəbərlər çıxdı. Çıxan xəbərlərə görə, seçki kampaniyası üçün maliyyəni bu şirkət təmin edib. Zeman bu iddiaları təkzib etmiş və kampaniyasının xüsusi ianələr vasitəsilə maliyyələşdirildiyini bildirmişdi. Buna baxmayaraq, Çexiya başçısı Rusiyanın tərəfində olduğunu bildirdiyi ictimai bəyanatları ilə məşhurdur. O, fevral ayında Rusiyaya qarşı Avropanın tətbiq etdiyi sanksiyaların heç bir təsiri olmadığını və ölkəsinə zərər verdiyini bildirmişdi.
Moskva Macarıstanın milli parlamentində 23, Avropa Parlamentində 3 yerə sahib olan ifrat-sağçı Jobbik partiyası ilə yaxın əlaqələr qurub. Partiyanın lideri Gabor Vona Rusiyanın Avropa üçün strateji bir müttəfiq olduğunu bildirib və Krımda keçirilən referendumu götürülməsi lazım olan bir nümunə kimi yüksək qiymətləndirib.
Ötən il Macarıstan prokurorları Rusiya üçün casusluq etdiyi iddiaları olan AP və Jobbik partiyasının üzvü Bela Kovacsın toxunulmazlıqdan məhrum edilməsi ilə bağlı Avropa Parlamentinə müraciət ediblər. Kovacs Kremlin keçirdiyi referendum üçün Krıma getmiş çox az sayda üzvdən biri idi.
Jobbik partiyasından olan AP üzvlərinin davranışı təkcə Rusiyanın Ukraynanı işğal etməsini dəstəkləyən avropalı siyasətçilərin nümunəsi deyil. Milli Cəbhə partiyasının öndə gedən üzvlərindən biri Jan-Luk Şofoser hətta 2014-cü ilin sonunda Donetsk Xalq Respublikası tərəfindən təşkil olunan təsdiqlənməmiş seçkilərdə müşahidəçilik edib. O, sonradan Şərqi Ukraynaya AP üzvü kimi rolu ilə heç bir əlaqəsi olmayan şəxsi bir məsələ ilə bağlı səfər etdiyini bildirib.
Son illər Aİ daxilində radikal sağçı partiyaların əldə etdikləri qazanclara baxmayaraq, Kreml tərəfdarı olan qüvvələr hələ də azlıq təşkil edir. On illərlə Aİ tərəfdarı olan partiyaların üstünlük təşkil etməsindən sonra avroskeptik partiyaların ortaya çıxması təbii bir haldır. Bununla belə, əvvəllər azlıq təşkil edən bu qüvvələrin necə sürətlə siyasi güc əldə edə bildiklərini görmək vacibdir. Hazırda bu ekstremist qüvvələr yalnız Yunanıstanda hakimiyyəti ələ ala biliblər.
“Prezident seçkilərində Lö Penin qalib gəlməsi dəhşətli bir hal olar” – fransız seçicilərin əksəriyyətinin Milli Cəbhəni dəstəkləməyəcəyini düşündüyünü söyləyən Emerson bildirir.
Stanford universitetinin professoru Alduy hələlik Kremlin radikal müttəfiqlərinin azlıq təşkil etməsi fikri ilə razılaşır: “Onlar Krımın öz müqəddəratını təyin etməsi məsələsini qaldıra bilərlər, ancaq Avropa İttifaqının daha geniş xarici siyasətinin qarşısını ala biləcək nüfuza sahib deyillər.”
http://4npress.com/news