Şəkidə internet-kompüter salonları niyə bağlandi? Saytlar bəs niyə açılmır?

Paylaşılma tarixi: Dec 07, 2018 10:22:59 AM

1 il əvvvəl Şəki şəhərindəki internet-kompüter salonlarının bir-birinin ardınca bağlanması diqqətimizdən yayınmamışdı. Təbii ki o vaxt bunun səbəbini öyrənməyə cəhd etmişdik, lakin cəhdimiz uğursuz oldu, internet-kompüter salonlarının sahibləri bizə heç nə demədilər.

Yalnız bir ildən sonra öyrənə bildik ki polis internet-kompüter salonlarının işləməsi üçün şərt irəli sürübmüş; şərt isə bu imiş ki ya internet-kompüter salonlarının sahiblləri bütün müştərilərin nə işlə məşğul olması və kimliyi barədə polisə məlumat ötürməlidirlər, ya da salonda gizli izləmə kameraları quraşdıraraq müştərilərin polis tərəfindən izlənilməsini təmin etməlidirlər.

Bağlanan internet-kompüter salonlarının sahibləri hesab ediblər ki müştərilərin nə işlə məşğul olmasını izləmək imkanları yoxdur, o cümlədən, gündəlik qazancları 5-10 manatı keçmədiyinə görə 2 min manat dəyəri olan gizli izləmə kameraları quraşdırmaq da onlar üçün sərfəli deyil.

Hal-hazırda Şəki şəhərinin mərkəzində cəmi 2 internet-kompüter salonu fəaliyyət göstərir ki bunlar da bir-biri ilə yanaşıdır. Onlardan birində 5 yerdə gizli izləmə kamerası quraşdırıldığının şahidi olduq.

Saytların açılmamasına gəlincə, ucuzluğuna görə Şəkidə Global Network provayderi nisbətən populyardır. Lakin bu provayder yüzlərlə saytı bəzən günlərlə açmır. Ən yaxşı halda 2-3 gündən bir, gündə 2-3 saat bloklayır. Bu məqalə yazılan vaxt, provayderin blokladığı saytalardan biri də bizim ipekchi.info saytımızdır. Məqaləni IP-ni dəyişərək yazırıq. Ən maraqlısı budur ki, əslində saytlar yox, domenlər yox, hostlar bloklanıb…

Global Network təmsilçilərinə dəfələrlə müraciət etsək heç bir nəticəsi olmayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə bu gün məsləhət gördülər ki nazirliyin alt qurumlarından birinin 1654 qaynar xətt nömrəsinə zəng edək. Zəng etdik, dedilər provayderlər müstəqildirlər, biz onların işinə qarşa bilmərik, amma nazirliyə rəsmən müraciət etsəniz, məsələni araşdıracağıq. Nazirliyə rəsmən müraciət etdiyimizi dedik, dedilər hələ gəlib bizə çıxmayıb, çıxanda baxacağıq…

Dərc edən: Aydın Məmmədov