Şəki qapıları
Paylaşılma tarixi: Mar 04, 2019 10:33:18 AM
Qədim Şəki memarlıq üslubu bu gün də orada qonaq olan hər kəsi görkəmi, əzəməti və özünəməxsus forma - dizyn baxımdan təəccübləndirməkdə davam edir. Qala divarlarını xatırladan məhəlli sədlər, sədlərarası qapılar və üzərindəki möhkəm dəmirdən emal olunmuş çağırış döyəcləri hələ də bu xalqın maddi, mənəvi mədəniyyətini, o mədəniyyətin xarakterik xüsusiyyətlərini, düşüncə tərzini nümayiş etdirməkdədir. Londondan gəlmiş qonağın Şəki ilə bağlı təəssüratını bölüşməyə cəhd edərək, bizə yanaşdı:
"-İlk gəldiyim gün qala tipli divarlara malık məhəlli sədləri və bir-birinə möhkəm pərçimlənmiş taxta lövhələrdən ibarət iri tağlı qapıları görüncə bu yerin adamlarının qaraqabax, eqoist və çətin adamlar olacağını güman etmişdim. Amma yaxından tanış olduqca tamamilə əksini gördüm və yanıldığımı anladım. Hər addımda məni məftun edən şəhər və onun qonaqpərvər sakinləri ilə tanış oldum. Cavabını tapa bilmədiyim suallardan qurtulmağa yardım etsəniz minnətdar olaram"-deməsini də təbii qarşıladıq və söhbətə şərait yaratdıq:
-Bu qədər mehriban, qonaqpərvər bir xalqın bu gün də qala divarları arxasında gizlənməsi nə demək?
-Mənim evim, mənim qalam!-prinsipi ilə yaşayan xalq tamamilə özünəməxsus dünyagörüşü, davranış və düşüncə tərzinə malik olduğunu ifadə edir. Bu da möhkəm və azad ailə ənənəsinə söykənən, kimsənin həyatına müdaxilə etməsini arzulamayan, müstəqil bir xalq olduğunun göstəricisi olaraq dünyaya bəyan edir.
-Elə isə bu hündür qapılar varikən aşağıda adam boyundan kiçik girişin anlamı nədir?
-Böyük qapılar yalnız xeyir-şər məclislərində elin üzünə taybatay açılar ki, bu da ürəyimiz geniş, ocağımızin isti olduğu anlamına gəlir. Kiçik qapılar isə gündəlik giriş-çıxış üçün nəzərdə tutulmuşdur. Bu ünvana üz tutan hər kəs adam boyundan kiçik olan qapıdan içəri keçərkən ev sahibinə, ailə ənənəsinə hörmət əlaməti olaraq baş əyməli və hər addımın fərqində olmalıdır. O cümlədən öz dünyasından kənara çıxan ev sahibi də tələbinə uyğun mənsub olduğu xalqa, adət-ənənələrə ehtiram olaraq boyun əymiş olur. Təbii ki, bu xalqın qoruyub saxladığı və gələcək nəsillərə ötürdüyü bir mesajdır.
-Bu qədər böyük fəlsəfəsi olan bir xalqın mədəniyyətinə baş əyməmək günahdır!-deyən qonaq razılıqla əlimizi sıxdı.
Şair, tənqidçi Akəm Xaqan