AZƏRBAYCANLI DEPUTAT ÖLKƏDƏN QAÇDI

Paylaşılma tarixi: May 22, 2015 5:38:17 PM

“Beynəlxalq Bank işi” ərəb saçına döndü; Prezidentin qəti mövqeyindən sonra Beynəlxalq Bankda külli-miqdarda kredit borcu olan iş adamlarının həbsinin yeni dalğası başlayıb; “Azərenerji” prezidenti BMCMİ-də nə deyib? Cahangir Hacıyevin qohumu olan Dünyamin Xəlilovun ölkədən qaçdığı deyilir...

 İslaminsesi.org - Prezident İlham Əliyevin mayın 20-də keçirdiyi toplantıda dövlət əmlakının mənimsənilməsi ilə bağlı sərt mövqeyindən sonra Beynəlxalq Banka külli miqdarda kredit borcu olan iş adamlarının həbsinin yeni dalğası başlayıb. Xatırladaq ki, dövlət başçısı Bakıda baş vermiş yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı həbs edilən iş adamları haqda çox sərt mövqe bildirib.

 “Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsus ki, onlara himayədarlıq edən dövlət məmurları da var, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Burada oturanlar mənim mövqeyimi bilir. Bir adam, xüsusilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək. Məsuliyyətli olmaq lazımdır. Cinayət törətmisənsə, get, cəzasını çək” - deyə, prezident bildirib.

 Mayın 21-də yayılan xəbərə görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən saxlanılan sahibkarların 6 nəfəri barədə həbs-qətimkan tədbiri seçilib (virtualaz.org). Məlumata görə, bu gün - mayın 22-də adı banklardan kredit kimi götürülmüş pulların mənimsənilməsində keçən daha 6 iş adamının Baş Prokurorluğun sanksiyası ilə həbs ediləcəyi gözlənilir. Bu cinayət işi ilə bağlı artıq neft oliqarxı Nizami Piriyev, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov, “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyev və Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı barədə həbs-qətimkan tədbiri seçilib.

 “Beynəlxalq Bank işi”ndə saxlanılan şəxslərdən daha biri Şəki “Aqro-İndastri ” MMC-nin süd emalı zavodunun direktoru Rəfael Rəhimovdur. Onun həyat yoldaşı Kifayət Rəhimova qafqazinfo.az saytına bildirib ki, əri digər iş adamları kimi mayın 12-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub və orada saxlanılıb. K.Rəhimova bildirib ki, sözügedən süd emalı zavodu 2006-cı ildə açılıb, əri isə 2009-cu ildən həmin quruma rəhbərlik edib. Şirkət Beynəlxalq Banka məxsus olub. Onun sözlərinə görə, həyat yoldaşının 54 yaşı var.

 Xəbərlərə görə, Beynəlxalq Banka ən çox borcu olanlardan biri, eks-deputat, “Globus Plaza” şirkətinin sahibi Dünyamin Xəlilov istintaqdan yayınıb. Onun ölkədən qaçdığı deyilir. Bir neçə gün əvvəl həbs olunması barədə xəbərə “mən hazırda müalicədəyəm” deməklə kifayətlənən eks-deputat ölkədə olmadığına işarə etmişdi.

Qeyd edək ki, Dünyamin Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal 2011-ci ildən başlayıb. Dünyamin Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Maraqlıdır ki, Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib. Yalnız bu iş üzrə həbslər başladıqdan sonra bankın fəaliyyəti dayandırılaraq oradan köçürülüb. Eks-deputatın barəsində hələ ki rəsmi nə həbs edildiyi, nə də axtarışda olması xəbəri yoxdur.

 Prezidentin dövlət məmurlarından danışarkən “cinayət törətmisənsə, get, cəzasını çək” sözləri Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həbs ediləcəyi barədə xəbərləri artırıb. Bəzi mənbələr iddia edir ki, prezidentin etimadını doğrultmayan C.Hacıyevin həbsdən yaxa qurtarması sadəcə mümkünsüzdür. Hələ ötən həftə “Yeni Müsavat” yazmışdı ki, C.Hacıyev istefa verən gündən - yəni martın 18-dən “gözaltındadır”, borclularla bağlı istintaqda əsas fiqur kimi nəzarətdə saxlanılır. Mayın 21-də isə belə xəbər yayılıb ki, sabiq bank rəhbəri BMCMİ-də istintaqa cəlb olunan iş adamlarının dindirilməsində və üzləşmədə iştirak edir.

Daha bir sensasion məlumat “Azerenerji” prezidenti Etibar Pirverdiyevin də istintaqa cəlb edilməsidir. Mənbə “Yeni Müsavat”a deyib ki, E.Pirverdiyev mayın 19-da BMCMİ-nə çağırılıb. Onun bir neçə saat dindirildiyi deyilir. Qeyd edək ki, E.Pirverdiyevlə Beynəlxalq Bank arasında borca görə məhkəmə çəkişməsi də olub. Beynəlxalq Bank tərəfindən 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə iddianı iki il əvvəl Sumqayıt İnzibati İqtisad Məhkəməsi təmin edib. Məhkəmə borcun “Azərenerji” ASC-dən tutulması barədə qətnamə çıxarıb. Qətnamədən apelyasiya şikayəti verilib, amma təmin olunmayıb.

 Yəni Pirverdiyevin 104 milyon manatı Beynəlxalq Banka ödəməli olduğu qətiləşib.

“Azərenerji” bu vəsaiti Beynəlxalq Banka qaytarmayıb. Qaynağımızın dediyinə görə, E.Pirverdiyev məhz bu borc məsələsinə görə istintaqa çağırılıb. Səlahiyyətlərinin əsas hissəsi “Azərişıq”a verildikdən sonra mövqeləri xeyli zəifləyən E.Pirverdiyevin işini çətinləşdirən daha bir mühüm fakt da var.

 Məlumdur ki, Bayraq Meydanının sabiq rəhbəri, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov və onun şirkətdəki şəriki Azər Əsgərov həbs olunublar. Bayraq Meydanının tikilməsi E.Pirverdiyevə həvalə olunmuşdu və R.Məmmədovun həbsindən sonra tikinti zamanı baş vermiş yeni korrupsiya faktları üzə çıxıb. Böyük ehtimalla MTN-ə həvalə olunan bu işin istintaqı E.Pirverdiyevə də gəlib çıxacaq. Bu səbəbdən “Azerenerji” prezidentinin iki tərəfdən çıxılmaz vəziyyətə düşə biləcəyi gözləniləndir.

 Bundan başqa, Etibar Pirverdiyevin biznesinin də ciddi böhran içərisində olduğuna dair məlumatlar son vaxtlar xeyli dərəcədə intensivləşib.

Prezidentin qəti mövqeyindən də görünür ki, həbslər artıq daha iri fiqurlara çatır..

http://islaminsesi.org