“Şəki-İpək” ASC-nin bəzi istehsalat və sexləri  heç işə düşmədi, işə düşənləri isə dayandı...

Paylaşılma tarixi: Jan 10, 2018 6:31:10 PM

Ötən ilin sonunda - 25 dekabrda, AzərTAC-ın saytında AzərTAC-ın  bölgə müxbirinin  "Şəki-İpək" ASC İdarə heyətinin sədri Nizami Qəribovdan götürdüyü müsahibə dərc edilmişdir  (bax:  “Şəki-İpək” ASC yeni inkişaf mərhələsində: nəticələr ürəkaçandır >> ). ASC İdarə heyətinin sədri AzərTAC-ın bölgə müxbirinə verdiyi müsahibəsində nəticələri birmənalı olaraq "ürəkaçan" qiymətləndirib. Əgər söhbət yalnız  ölkədə ipəkçiliyin inkişafından getsəydi, həqiqətən də nəticələrin ürəkaçan olmasını vurğulaması tamamilə doğru görünərdi. Əlbəttə ki bu sahədə vəziyyət ürəkaçandır: Prezidentin göstərişi ilə ölkədə barama istehsalı bərpa olunmuş, 2016-cı ildə birdən-birə 71 ton, 2017-ci ildə isə 244 ton yaş barama istehsal edilmişdir. Cari il üçün isə 500 tondan artıq barama istehsal ediləcəyi gözlənilir. Təşkilati işlərə artıq start verilib (bax: Bu il Oğuzda barama istehsalının 4 tona çatdırılması nəzərdə tutulur >> ) və bu il üçün 500 tondan çox barama istehsal ediləcəyinə heç  bir şübhə yoxdur. Lakin bu işlərin hamısını Kənd Təsərrüfatı Nazirliyi, yerli icra hakimiyyətləri  və digər qurumlar həyata keçirirlər, bu işlərin "Şəki-İpək" ASC-yə heç bir qatışacağı yoxdur. "Şəki-İpək" ASC-nin işi yerlərdə yetişdirilmiş yaş baramanı öz qapısında kq-nı 4 manata satın almaqla bitir. Dövlət isə kümdarlara  yetişdirdikləri baramanın  hər kq-na 5 manat subsidiya ödəyir...

2016-cı ildə  barama istehsalına hələ subsidiya ayrılmamışdı. O vaxt "Şəki-İpək" ASC yaş baramanı öz qapısında kq-na 8 manat ödəməklə satın almışdı. Emaldan sonra məlum oldu ki  burada hasil olunan 1 kq xam ipək 82 dollara başa gəlib (bax: "Şəki-İpək" ASC-nin baraması yenə qurtardı, 46 milyon borc isə dondurulub...). Bunu adi məktəbli uşaq da asanlıqla hesablaya bilər. 70 000 kq  yaş baramanın qiyməti (70 000 X 8) 560 000 min manatdır. 70 000 kq yaş baramadan 25 000 kq quru barama, 25 kq quru baramadan isə 8 333 kq xam ipək hasil edilir. Baramaaçan istehsalatının 300 işçsinə orta hesabla SMF-na ödənişlər də daxil olmaqla hər ay 300 manat məvacib verilib.  Ayda 90 min. Baramaaçan istehsalatının 4 ay işlədiyini nəzərə alsaq, fəhlələrə 4 ayda 360 min manat  məvacib verilib. İndi 360 000  manatı 70 ton baramaya ödənmiş pulun üzərinə gələk: 560 000+360 000=920 000. 920 000 manat 70 ton baramaya ödənilən pul ilə, 70 ton baramanı emal edən fəhləyə verilmiş pulun cəmidir. 920 000 manata  8 300 kq xam ipək ihasil olunub. 920 000 manatı 8 300-ə böləndə 110 manat 80  qəpik edir. Buraya qazanxananın təmiri üçün, elektrik üçün, qaz, yaxud mazut üçün ödənişləri də əlavə etsəydik 1 kq xam ipəyin maya dayəri daha  çox görünəcəkdi... Lakin 2016-cı ildə  dünya bazarında xam ipəyin 1 kq-ının qiyməti 40 dollar civarında idi. Hətta Türkmənistan öz ipəyinin  kq-ı 37 dollara satışa çıxarmışdı.  "Şəki-İpək" ASC-nin mütəxəssisləri, ekspertləri yaylıq götürüb  ağladılar ki, bəs ipək parçaya Azərbaycanda tələbat yoxdur, dünya bazarına isə çıxa bilmirik, çünki bizdə ipək parça dünya bazarından 2 dəfə baha qiymətə başa gəlir; əgər yaş baramanın  kq-nı 8 manatdan deyil, 4 manatdan satın alsaq, o zaman hər şey qaydasına düşər və dünya bazarına çıxmaq şansı qazana bilərik. Növbəti il dövlət "Şəki-İpək" ASC üçün baramanın satınalma qiymətini 4 manata endirdi. Bundan sonra məlum oldu ki parçanı bişirmək və gülləmək üçün avadanlıqlar köhnəlib, standartlara, müasir tələblərə cavab vermir.  "Şəki-İpək" ASC yalnız İrana və Türkmənistana bir az xam parça sata bildi, vəssalam. Məhsulu anbarlara yığdılar, fevralın 1-dən etibarən baş müəssisənin hələ işləyən istehsalat və sexlərində də işin dayandırılması qərara alındı. Bir qədər əvvəl, yanvarın 15-də isə  baramanın tükənməsi səbəbindən Baramaaçan istehsalatında iş dayandırılmış və 250 nəfər işçi öz hesablarına, Həmkarlar Təşkilatının gözü qarşısında heç bir kompensasiya ödənilmədən,  5-6 aylıq məzuniyyətə göndərilmişdir. "Şəki-İpək" ASC İdarə heyəti sədrinin müşaviri Teymur Musayevlə  telefon əlaqəsi  yaradaraq  vəziyyətə aydınlıq gətirməsini xahiş etdik. Bildirdi ki xammalın olmaması səbəbindən Baramaaçan istehsalatı yalnız iyun ayında fəaliyyətə başlayacaqdır...

Baş müəssisədəki bir çox istehsal sahələri isə ümumiyyətlə heç işə düşməmişdir. Məsələn Pambıq əyirici sex xammalın olmaması səbəbindən ötən ilin sentyabrından dayanıb. 

Respublikada bu il 200 min tondan artıq pambıq tədarük olunduğuna baxmayaraq, "Şəki-İpək" ASC sap istehsal etmək üçün mahlıc ala bilməyib. Və həmin sexin 40-50 nəfər  işçisi heç bir kompensasiya ödənilmədən işsiz qalıb. "Şəki-İpək" ASC İdarə heyəti sədrinin müşaviri Teymur Musayev Pambıq əyirici sexin işləməməsinin səbəbini konkret olaraq "pambıq vermədilər" deyə cavablandırdı və bundan başqa bir şey deyə bilməyəcəyini bildirdi. 

İşə düşməmiş  digər istehsal sahəsi isə xalça sexidir:

 Bu artıq neçə ildir işləmir,  azı 50 nəfər də heç bir kompensasiya odənilmədən orada işsiz qalıb. Həmin sexdə ipək xalçalar toxunurdu. Sex fəaliyyətə başlayanda xalçanın 1 m2-i 400 dollara başa gəlmişdi və dünya bazarında İranın Qum şəhərinin, Türkiyənin Bursa şəhərinin məşhur ipək xalçaları ilə rəqabətə davam gətirə bilərək satılırdı. Sonra  "Şəki-İpək" ASC-nin bütün inzibati xərclərini atdılar xalçanın üstünə, xalçanın 1 m2-nin qiyməti oldu 1400 dollar, alan olmadı, anbarlarda yığılıb qaldı, satılmadı. Axı bu xalçanın m2-i niyə 1400 dollara başa gəlməlidir ki? İpək ucuz, ucuz işçi qüvvəsi, cəmi 120 manat maaş alırdılar, benzin işlətmir, yağ işlətmir, quru taxtanın üstündə oturub xalça toxuyurdular, 120 manata qane idilər... İpək yoxdur, yun xalça toxusunlar. Heç bir halda xalça sexinin işi dayana bilməzdi. Prezidentin göstərişi var, hər yerdə yeni iş yerləri açılır, hər il neçə-neçə xalça sexi açılır. Burada isə xalça sexi var, xalça toxuyan mütəxəssislər var, yer var, xammal var, təcrübə var, dəzgah var, amma sex işləmir. Niyə?! "Şəki-İpək" ASC İdarə heyəti sədrinin müşaviri Teymur Musayev  sexin işləmədiyini  təsdiqləsə də səbəbini izah etmək istəmədi. 

Sadıq Fətəliyev