Sevil Əliyeva: “Prezidentin bacısı kimi öz məsuliyyətimin hüdudlarını dərk edirəm”
Paylaşılma tarixi: Jun 17, 2015 5:39:47 PM
Bir neçə ay əvvəl facebook sosial şəbəkəsində mərhum prezident Heydər Əliyevin qızı Sevil Əliyevanın səhifəsi yaradılmışdı.Onun tərəfindən həmin səhifəyə yerləşdirilmiş bir neçə fotoşəkil təkcə Azərbaycanda yox, onun hüdudlarından kənarda da facebook istifadəçilərinin marağını dərhal cəlb etmişdi. Minlərlə istifadəçi həmin şəkillərэ şərhlər yazmışdı.S.Əliyevanın facebook səhifəsi çox qısa müddət ərzində böyük populyarlıq qazandı. Həmin səhifə Sevil Əliyevanın Azərbaycanda tanıdığımız obrazını - xeyirxah, güclü, ciddi, sadə və mehriban obrazını bir daha əks etdirir və təsdiqləyirdi.Lakin haqqin.az və virtualaz.org saytlarına Sevil Əliyevanın özündən daxil olan məlumata görə, bu facebook səhifəsində minlərlə oxucu və sosial şəbəkə istifadəçisi öz qeyd və şərhlərini yazsa da həmin səhifəni o, özü idarə etmir.
“Təəssüf ki, bu səhifəni mən yaratmamışam. Lakin həmvətənlərimin, dostlarımın, mənə tanış olan və olmayan insanların arzularını, fikirlərini, rəylərini orada oxumaq mənə çox xoş idi. Ona görə də mən İnstagram sosial şəbəkəsində öz səhifəmi yaratmaq qərarına gəldim” - deyə Sevil Əliyeva haqqin.az saytına bildirib.
S.Əliyevanın sözlərinə görə, sosial şəbəkədəki bu səhifə ondan ötrü özünüifadənin və yaradıcılığın bir forması olmalıdır: “Əlbəttə ki, mən Azərbaycan prezidentinin bacısı olaraq mən öz məsuliyyətimin hüdudlarını dərk edirəm. Anlayıram ki, öz fikirlərimi ifadə edərkən ölçü-biçili davranmağa borcluyam. Lakin istənilən halda mən öz həmvətənlərimlə, dostlarımla və yaxınlarımla ünsiyyət saxlamağı çox istəyirəm. İnternet isə təkcə kommunikasiyada yox, ümumən insani münasibətlərdə kifayət qədər unikal və keyfiyyətcə yeni ünsiyyət formasıdır. Bu, bütün dünyanın, o cümlədən bizim daxili aləmimizin inikas olunduğu məkandır.
Bilirsinizmi, mən çox diqqətcil adamam. İnsanların müraciətlərinə, rəğbətinə, xoş münasibətinə məhəl qoymamağı özümə heç vaxt rəva görmərəm. Lakin həmvətənlərimin bu qədər çox saydakı müraciətlərinin hamısına cavab vermək məndən ötrü çox çətindir. Xüsusilə də ona görə ki, facebook səhifəmi özüm idarə etmirəm”.
S.Əliyeva oxucuları İnstagram səhifəsini açması barədə saytımız vasitəsilə məlumatlandırdı.
Azərbaycan prezidentinin bacısı “izləyicilər bu səhifədə sizin yeni yaradıcılıq layihələrinizi görə biləcəkmi” sualına belə cavab verdi: “Mənim keçmişim və indiki həyatım bu böyük dünyada olacaq. Əlbəttə ki, yaradıcılığım da orada olacaq. Səhifəmdə artıq bir neçə fotoşəkil var - valideynlərimin, qızımın, mənim şəkillərimiz...”
http://strateq.az