Böhran “Sədərək” və “Binə”ni də vurdu - REPORTAJ

Paylaşılma tarixi: Feb 16, 2015 5:11:10 PM

 Satıcılar artıq köç etməyə başlayıb; xeyli mağaza bağlanıb...  Bir vaxtlar bu ticarət mərkəzlərində alıcılar o qədər çox olurdu ki, sıralarda gəzmək belə çətin idi. Ancaq indi həmin məkanlarda, necə deyərlər, “lələ köçüb, yurdu qalıb”. Söhbət “Binə” və “Sədərək” ticarət mərkəzlərindən gedir. Burada çalışan satıcıların əksəriyyəti neçə aylardır ziyanla işlədiklərini bildirirlər. Buna səbəb isə Rusiyadakı ağır iqtisadi vəziyyət, rublun dəyərdən düşməsi, həmçinin neftin dünya bazarında qiymətinin kəskin ucuzlaşmasıdır.  Bəlli səbəblərdən yaşanan krizis qonşu ölkələrdən - Dağıstan, Çeçenistandan - Azərbaycana alış-veriş üçün gələnlərin də sayının kəskin azalmasına səbəb olub."Binə" və “Sədərək” bazarlarından Rusiya Federasiyasının tərkibinə daxil olan Şimali Qafqaz respublikalarına da mal göndərilir. Bu bölgədən gələnlər yerli ticarətçilər üçün yağlı müştərilər sayılırdı. Hətta “Binə” və “Sədərək”də ancaq Dağıstana mal satmaqla məşğul olan şəxslər var. Son vaxtlar rublun dəyərdən düşməsi şimali qafqazlıların Azərbaycandan ayaqlarının kəsilməsinə səbəb olub. Burada satıcılar artıq bir müştəri görəndə sevinirlər...

 Hazırda ticarətçilər mövsüm dəyişikliyi olacağı üçün qış paltarlarını dəyər-dəyməzə satırlar.

“Binə” Ticarət Mərkəzində paltar satan Əfqan Əliyev deyir ki, artıq malları maya dəyərinə satır: “Çünki alıcılar yoxdur. Rayondan gələn alverçilər əvvəllər çoxlu paltar alırdılarsa, indi hər paltardan bir neçə ədəd alırlar, rayonlarda da alıcı yoxdur”.

 Söhbətə qatılan digər satıcı Musa Qəniyev icarə haqqını verməkdə belə çətinlik çəkdiklərini bildirdi: “40 kvadrat metr yerə görə 3 min 500 manat pul ödəyirəm. Ancaq heç 2 min manat qazana bilmirəm. Şəhərdə o qədər ticatrət mərkəzləri açılıb ki, bura gələn də yoxdur. Borcumu ödəyən kimi buradan çıxıb gedəcəm. Çünki yerhaqqı bahadır, alver yoxdur, ziyana işləyirəm”.

 Elə söhbətin bu yerində bir alıcı gəldi. Alıcını görcək sevinən satıcıya mane olmamaq üçün ondan aralaşdıq.

 Bir az irəlidə isə bir bölümdəki mağazalar tamamilə boşaldılmışdı. Bu yerlərin satıcılarının harada olduğu ilə maraqlandıqda isə yaxınlıqdakı satıcılar alver olmadığı üçün həmkarlarının buranı tərk etdiklərini dedilər: “Neyləyək, ziyana işləməkdənsə çıxıb getmək yaxşıdır. Yer pulu, vergi, hər ay 90 manat işıq pulu adamı təngə gətirib. Yenə əvvəlki kimi alver olsaydı, dözmək olardı. İnsaf edib icarə haqqını bir az azaltmırlar”.

 “Dağıstan malları” adlanan sıradakı ticarətçilər daha böyük ziyandadırlar. Onlar dağıstanlı, çeçen müştərilərini itirdiklərindən əllərində qalan malları sata bilmək üçün yollar axtarırlar. Satıcıların dediyinə görə “Binə”də satıcılara reklam xarakterli elanların asılmasına və velosipedlə hərəkət edilməyə icazə verilmir. Bu qadağaların səbəbini öyrəndikdə isə satıcılar bunun pul tələsi olduğunu bildirdilər: “Əlacları olsa, ”burada nəfəs almaq da pulludur" deyərlər. Biz mağazamızı və satdığımız malların reklam elanını asmaq üçün gərək rəhbərliyə müraciət edək. Onlar bizim müraciətimizə baxdıqdan sonra əgər qəbul edərlərsə, ödəniş etdikdən sonra elanı asa bilərik"...

 Alıcılar da “Sədərək” və “Binə”yə gəlməyi lüzumsuz hesab edirlər. Alıcı Fəridə Abdulayeva “Binə”yə gəlməyi vaxt itkisi hesab etdiyini dedi: “Eyni geyimlər buradakı qiymətə şəhərdə də var. Bura gəlmək adamın bir gününü aparır. Yalnız hansısa böyük malları, cehizlik əşyaları, xalça və başqa şeyləri nisbətən ucuz almaq üçün gəlmək olar. İnsanların pulu da yoxdur”.

 “Sədərək” Ticarət Mərkəzində də durum ürəkaçan deyil. Burada da alıcılar əvvəlki kimi aşıb-daşmır. “Sədərək”də də xeyli mağaza qapadılıb, sahibkarlar alver edə bilmədikləri üçün yarmarkanı tərk ediblər.

                                                                                                                         Günel MANAFLI

                                                                                    http://musavat.com/      Fotolar                                                                                                                                           müəllifindir