Broyler toyuqlarını yeyək, yeməyək?

Paylaşılma tarixi: Feb 13, 2015 1:1:34 PM

 Adil Qeybulla: “Onlara vurulan maddələr insan səhhətinə də ciddi təsir edir” ; Yolçu Xanvəli: “Tez ərsəyə gələn broylerlər geni modifikasiya olunmuş toyuqlar deyil” Eyyub Hüseynov: “Broyler fabriklərinin heç biri təhlükəsiz qida istehsalı səviyyəsində deyil”  Qida rasionumuzda ən çox yer tutan məhsullardan biri də mal və quş ətidir. Bazarlarda, mağazalarda broyler toyuqları haqqında ilginc faktlar ortaya çıxıb. Onlara vurulan dərmanlar, kəsimdə gigiyena və halallıq qaydaları haqda məlumatlar hamıda narahatlıq doğurur. Bugünlərdə sosial şəbəkədə yayılan bir video broylerin keyfiyyəti ilə bağlı məsələni yenidən gündəmə gətirdi. Hansı broyler şirkətində çəkilməsi aydın olmasa da, Azərbaycanda çəkildiyi iddia edilən videoda görünür ki, hər bir toyuğa kəsimdən sonra 400 qram naməlum maye vurulur.

 Görünən odur ki, bu maye toyuğun şiş formada saxlanılması və həm də çəkisinin artırılması üçündür. Qeyd edək ki, bir sıra broyler təsərrüfatları yem məhsulu kimi genetik modifikasiya olunmuş məhsullara, kimyəvi maddələrə üz tuturlar. Ölkə qanunvericiliyi heyvan yemləri üçün genetik modifikasiya olunmuş məhsulların, yəni yemlərin gətirilməsini qadağan etmədiyindən, fabriklər bundan yararlanırlar. Qidaları isə əsasən Ukrayna, Rusiya, Qazaxıstan, Baltikyanı ölkələrdən gətirirlər.

 Bir sıra hallarda yem kimi quş peyinlərindən də istifadə edirlər. Quş peyini kimyəvi olaraq neytrallaşdırılır, gübrə şəklində toyuqlara verilir. Bundan başqa, yemlərə yüksək dozada dioksin qatırlar. Həmin maddəni qəbul edən heyvanların əti kəsildikdən sonra uzun müddət xarab olmadan qalır. Qeyd edək ki, dioksin insan orqanizmi üçün olduqca zərərli kimyəvi maddədir. Əslində isə broyler toyuqlarının normal yetişdirilməsi üçün tərkibində 40-a yaxın vitamin olan xüsusi yemlərdən istifadə edilməlidir. Ancaq bu vitaminlər baha olduğundan sahibkarlara onları almaq sərfəli görünmür. Bu səbəbdən də bəzən heç belə vitaminlərdən istifadə olunmur. Xatırladaq ki, Azərbaycan bazarında İran, Türkiyə və Braziliyadan gətirilən toyuq ətləri də var. Məlumdur ki, broyler toyuqları əksərən geni dəyişdirilmiş toyuq cinsidir. Bu cins toyuqlar aldığı qida maddələrinin hamısını ətə çevirirlər. Broyler toyuğunun 4-5 həftəyə kökəlməsinin səbəbi onun genetikası ilə bağlıdır. Bu zaman onlara vurulan hormonal preparatlar da ətə çevrilir. Hormonal preparatlardan heyvandarlıqda yeni cinsin yaradılmasında istifadə edilir. Maraqlıdır, broyler toyuqları haqda yayılan video və məlumatlar haqda rəsmi qurumlar nə deyir?

 Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli onların nəzarətində olan obyektlərin heç birində belə bir texnologiyanın tətbiq edilmədiyini bildirdi: “Yayılan məlumatlara və videoya biz də baxdıq. Amma o videonun hansı sexdə və harada çəkildiyi bəlli deyil. Dövlət Baytarlıq Xidmətinin nəzarətində olan obyektlərin heç birində belə bir texnologiya tətbiq olunmayıb. Yəni bu texnoloji bir prosesdir. Biz ancaq heyvanların sağlamlıqlarına nəzarət edirik. Hansısa maddələrin toyuğa vurulması artıq texnoloji bir prosesdir. Ümumiyyətlə, bir sıra ölkələrdə rassol deyilən bir məhlul var ki, onu quşlara yeridirlər ki, bu quşlar 1-2 il keyfiyyətini, insan qidası üçün yararlılığını saxlasın. Bu məhlulun tərkibində şəkər, duz və digər məhlullar var. Amma çəkilən o epizodda toyuqlara yeridilən o maddənin nə olduğu bizə qaranlıqdır”.

 Ölkədə istehsal olunan və ölkəyə gətirilən broyler toyuqların heç birində belə bir texnologiya tətbiqinə rast gəlmədiklərini deyən Y.Xanvəli həmin videonun Azərbaycanda qeyriqanuni və gizli yolla fəaliyyət göstərən hansısa sexdən də ola biləcəyi ehtimalını bildirdi: “Bəzən belə fikirlər səslənir ki, bu geni dəyişdirilmiş toyuqlar insan qidası kimi yararsızdır və müxtəlif xəstəliklər yaradır. 45-48 günə qidalılıq dəyəri həddinə çatdırılan toyuqların geni dəyişir. Yəni bu heç bir narahatçılıq doğurmamalıdır, çünki bu toyuğun cinsinin əlaməti belədir. Bu bütün dünyada istifadə olunan toyuq çeşidləridir. Kənd toyuqlarında xüsusi xromosomlar olur. Həmin xromosomlara dəyişiklik edilməsi nəticəsində yaradılmış toyuqlar qısa bir vaxtda öz çəkilərini alırlar. Bir daha qeyd edirəm ki, tez ərsəyə gələn bu broylerlər geni modifikasiya olunmuş toyuqlar deyil. Düzdür, onların geninə xüsusi dəyişiklik əlavə olunub. Bunun isə insan səhhətinə heç bir mənfi təsiri yoxdur”.

 Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov broyler toyuqlarının arzu olunan bir qida olmadığını bildirdi: “Televiziyada toyuqlarla bağlı göstərilən sujetlərə mənim baxışım birmənalı deyil. Burada hansısa şirkətin təxribat amili də ola bilər. Lakin onu da qeyd edim ki, broyler toyuqları arzuolunan qida deyil. Broyler fabriklərində quşlara genemodifikasiya olunmuş yemlər verilir. Tez yetişdirmək üçün müxtəlif preparatlardan istifadə olunur. Bu sahə həddindən artıq qaranlıq qalıb. Azərbaycanda fəaliyyət göstərən broyler fabriklərinin heç biri təhlükəsiz qida istehsalı səviyyəsində deyil. Ona görə də biz onlara ilk dəfə dünyada təcrübədən keçirilən qida təhlükəsizlik nişanını şamil edə bilmirik”.

 Broyler toyuqlarının insan səhhətinə zərərlərinə gəlincə, tibb elmləri doktoru, professor Adil Qeybullatərkibinə bilinməyən maddələr vurulan toyuqların insan səhhəti üçün zərərli olduğunu dedi: “Broyler toyuqları genetik modifikasiya olunmuş quşlardır. Onlara xüsusi qidalar verildiyi üçün 40 günə yetişdirilir. Ancaq onların tərkibinə şişməsi üçün müxtəlif dərmanların, maddələrin vurulması qadağandır. Bu standartlara uyğun deyil. Broyler toyuqlarına yeridilən maddələr insan səhhətinə də ciddi təsir edir. Biz o toyuqlara vurulan maddələri dəqiqliyi ilə bilsəydik, səhhətə hansı ziyanları vurduğunu da daha dəqiq deyə bilərdik”.

 Qeyd edək ki, bir neçə ərzaq mağazasına da baş çəkib broyler toyuqlarının satışı ilə maraqlandıq. Yayılan məlumatlara baxmayaraq toyuğun əvvəlki kimi alıcılarının olduğunu deyən satıcı dondurulmamış toyuqların alıcılarının artdığını da bildirdi: “Dondurulmamış toyuqları alanların sayı artıb. Onların qiyməti 5 manatdır. Dondurulmuş broylerin qiyməti isə 3 manatdan başlayır”.

                                                                                               Musavat.com   Günel MANAFLI