BORÇALILARA DAYAQ OLMAQ LAZIMDIR, BADALAQ VURMAQ YOX!

Paylaşılma tarixi: Dec 27, 2014 5:57:8 PM

 Bu gün tia.az saytında bir xəbər oxudum... Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) sədri Daşqın Gülməmmədov adlı şəxs Zəlimxan Məmmədlinin Gürcüstana buraxılmaması səbəbinin onun Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli olduğunu deyirdi... Məlumatsızlar üçün bir sitat: : “ Zəlimxan Məmmədlinin Rusiya xüsusi xidmət orqanlari ilə təmasi gizli bir məlumat deyildir və bu barədə məlumat həm Azərbaycan, həm də Gürcüstan hüquq-mühafizə orqanlarında var. Z.Məmmədlinin Gürcüstana buraxılmamasının əsl səbəbi onun Rusiya xüsusi xidmət orqanları ilə təmasları olmasıdır. Z.Məmmədlinin Türkiyəyə girişinin yasaqlanması üçün də bu həftə ərzində Türkiyə Daxili İşlər Naziri Əfqan Alanın və Milli İstihbarat Təşkilatı Başçısı Hakan Fidanın adına xüsusi müraciət təqdim ediləcək. Ən yaxşı halda yaxın 20 gün ərzində Zəlimixan Məmmədlinin Türkiyəyə girişi də yasaqlana bilər”.

Zəlimxan Məmmədli isə çox səbrli davranaraq Dağqın Gülməmmədovun onu Rusiyaya cəsusluqda ittiham etməsi ilə bağlı danışarkən deyib ki, bu cür əhəmiyyətsiz ittihamlara fikir vermək düzgün deyil: “Daşqın Gülməmmədovun dediyi sözlər əgər həqiqətdirsə, qoyun onları sübut etsin. Bununla bağlı mənim deyəcəklərim bu qədər. Gec tez həqiqət öz yerini tapacaq!”

***

 Bəs, əslində, nə baş verir? Bilməyənlərin bilməsi hava-su kimi lazımdır, ona görə ki, ortada "Borçalı" Cəmiyyətinin gördüyü işlərə bir qısqanclıq var... Amma Dövlətini və qəriblikdə olan, neçə illər əvvəl ermənilərin barmağı və bəzi gürcülərin ağılsız hərəkətləri ilə gözüqıpıq edilmiş Borçalıları sevən kəs bunu etməməlidir, ürəyindəki kini kənara atmalıdır. Axı indi söhbət Borçalıdakı insanların birliyindən və bundan doğan taleyindən gedir... Kim bilməsə də, şəxsən bu sətirlərin müəllifi olaraq bilirəm ki, Zəlimxan Məmmədlinin təkcə son 6 ildə Borçalıda Elat bayramını təşkil etməsi tarixi bir hadisədir və bu illər ərzində (Elat bayramı son 6 ildə hər il keçirilir) Borçalı türkləri özlərində Azərbaycanın onların taleyi və mövcudluğu ilə bağlı narahatlıq yaşadığına inam yaranıb. Təkcə son 6 ildə Borçalını tərk edərək Azərbaycana gəlmiş yüzlərlə ailənin doğma yurduna qayıtdığının Ormeşəndə, Dmanisidə şəxsən şahidiyəm... Bu evlərdə olmuşam... Borçalıdakı Elat bayramlarında iştirak etmiş bir Qarabağlı kimi o insanların bizləri görəndə necə kövrəldiklərinin şahidiyəm... Elat Mədəniyyəti günləri hər il o insanların birliyi və Azərbaycanla həmrəyliyi bayramına çevrilib. Hətta onlar bizə Azərbaycandan əziyyət çəkib bu qədər məsafəyə gəldiyimizə, onlara həyan olmağımıza görə təşəkkür edəndə, biz məlumatsızlara deyirdik ki, bizə yox, Azərbaycanın Prezidentinə minnətdar olun ki, sizinlə maraqlanmaq və qayğınızı çəkmək Dövlət siyasətinin tərkib hissəsidir! Biz nə ediriksə, onu Dövlətimizin adından edirik. Bu bizim vətəndaşlıq borcumuzdur! (Amma həm də deyə bilmirdik ki, kaş bu işi Diaspora Komitəmiz edəydi, onda daha çox iş görmək olardı!).

O ki qaldı Zəlimxan Məmmədlinin Rusiya Xüsusi Xidmət orqanları (XXO) ilə guya təmas qurmasına, kim bilməsə də yüz illərdir Rusiyanın etnik siyasətindən qaynaqlanan və erməni zülmü ilə divara dirənən Azərbaycan yaxşı bilir ki, Rusiya heç vaxt Azərbaycanın nəinki öz ərazisində, həmçinin bölgədə əhalisinin həmrəyliyini, birliyini istəməyib. Əgər Z.Məmmədli, iddia edildiyi kimi, Rusiya XXO ilə təmasdadırsa, onda ona necə icazə verirlər ki, Borçalıların həmrəyliyinə və birliyinə, Azərbaycan-Gürcüstan dövlətləri və xalqlarının dostluğuna birbaşa xidmət edən Elat Mədəniyyəti günlərini, özü də hər il can qoyaraq Gürcüstanda keçir??? Hansı ki, hər il bu bayrama Türkiyədən, Orta Asiya respublikalarından, Tatarıstandan, Krımdan... həmrəylik naminə yüzlərlə tanınmız insanlar-siyasətçilər, millət vəkilləri, diplomatlar qatılırlar. Və hesab edirəm ki, bu ittihamlar olduqca əsassızdır!

 Əksinə, yəqinki "Borçalı" Cəmiyyətinin gördüyü işləri özləri heç bir vəchlə görə bilməyənlər (bəzilərinin vəzifə borcu olsa da) qısqanclıq hissini boğa bilmirlər və belə əsassız ittihamlara qol qoyurlar... Buna təəssüf edirəm. Ən azı ona görə ki, əksinə, bu missiyası ilə (qərib ölkədə hüquqları qəribliyə salınmış Borçalıların birliyi üçün təmənnasız, dövləti zəhmətə salmadan, pul-para istəmədən, yalnız təəssüfkeşliklə) Dövlətimizə, deməli Prezident İlham Əliyevin Azərbaycanla Gürcüstanın dostluğuna, Gürcüstanda yaşayan soydaşlarımızın yurdunu məcburən tərk etməsinin (90-cı illəri xatırlayın) qarşısının alınması siyasətinə əlindən gələn işləri gücü çatan qədər edə bilən "Borçalı" Cəmiyyətinə və onun rəhbərliyinə kömək edilməlidir, nəinki onu həvəsdən və gözdən salmağa xidmət edən əsassız şayiələr yaymağa könül vermək! Atalarımız da yerində deyib ki, könlü balıq istəyən, suya girməlidir... Bu mənada, könlü Borçalıların birliyini istəyən belə nağıla bənzəməyən nağılları uydurmamalıdır! Əksinə, faydalı işi ilə meydana girməlidir. O meydana ki, orda Borçalılara arxa-dayaq olmaq dayanır!

Asif Mərzili