Böyük bahalaşmanın anonsu verildi
Paylaşılma tarixi: Mar 12, 2015 4:49:56 PM
"Azərsun Holdinq"in rəhbəri qiymətləri 50 faiz civarında qaldıracağını açıqladı "Azersun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Goozal manatın devalvasiyası və bu hadisənin biznes sektoruna təsiri barədə fikirlərini açıqlayıb. "Marja"nın məlumatına görə, III Beynəlxalq "Caspian Energy Forum-2015"də çıxış edən Abdolbari Goozal bildirib ki, Azərbaycanda devalvasiya birdən oldu: "34 faiz devalvasiya az deyil. Acını hər kəs hiss etdi. Hazırda biz də bu acını çəkirik. Təməl qida məhsullarının istehsalı üzrə "Azersun" xaricdən orta hesabla 50% asılıdır. Bu, bəzi məhsullarda 60%, bəzi məhsullarda isə 10%-dir. Məsələn, duz kimi. Bunun yükünü biz və idxalçı firmalar çəkir. Bu, inşallah yavaş-yavaş düzələcək. Bu şoku Azərbaycan çox rahatlıqla keçirdi". Abdolbari Goozal qeyd edib ki, devalvasiya yerli istehsal olan məhsulların qiymətlərinin 34% deyil, 15-17% civarında artmasına səbəb olacaq: "Bəzi xaricdəki dostlarımız bizə zəng vuraraq qiymətləri sabit saxladığımızı soruşurlar. Əlbəttə, devalvasiya yerli məhsulların qiymətinin artmasına öz təsirini göstərəcəkdir. Devalvasiya, yəni manatın 34% ucuzlaşması yerli istehsal olan məhsullarda 100% deyil, 50% əks olunacaq. İdxal mallarının isə devalvasiyanın 100 faizi qədər, yəni 34% bahalaşması qaçılmazdır".
Abdolbari Goozal deyib ki, Azərbaycanda tekstil və kənd təsərrüfatında böyük potensial var. Dövlət və özəl sektor bu sahələrə diqqəti artırmalıdır.
Neft şirkəti xərclərini azalda bilər
Xoşbəxt Yusifzadə: "Neft 60 dollara satılır, bu, elə də kiçik rəqəm deyil"
Dövlət Neft Şirkətinin (SOCAR) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə dünya bazarlarında neftin qiymətlərinin azalmasına münasibət bildirib.
"APA-Economics"in məlumatına görə, X.Yusifzadə deyib ki, 1994-cü ildə "Əsrin müqaviləsi" imzalananda neftin bir barelinin qiyməti 16 dollar olub: "Bir ara isə neftin qiyməti 16 dollardan 100 dollara qədər artdı. Neftin qiymətinin qalxan vaxtı varsa, düşən vaxtı da olacaq. Neftin qiyməti bir gün qalxır, bir gün düşür. Bu gün neftin bir barelinin qiyməti 60 dollardır, bu, elə də kiçik rəqəm deyil". X. Yusifzadə əlavə edib ki, SOCAR müəyyən xərclərini azalda bilər. "Amma o quyular ki qalmalıdır, o işlər ki görülməlidir, onlar mütləq görüləcək. Bu layihələr dayandırılmayacaq".
Avro sürətlə dəyərini itirir
Dünən də Azərbaycanda 1 ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi cüzi bahalaşıb.
"APA-Economics"in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) martın 11-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkədə dolların rəsmi məzənnəsi 1,0492 manat səviyyəsində müəyyən edilib. Bu martın 10-da olan məzənnədən 0,0001 manat və ya 0,01% çoxdur. Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0119 manat və ya 1,05% ucuzlaşaraq 1,1208 manat olub.
SOCAR büdcəyə 108 milyon manat ödəyib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) fevralda dövlət büdcəsinə 108 milyon 227 min manat vəsait ödəyib.
Məlumatı SOCAR-ın rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, bu ilin yanvar-fevral aylarında SOCAR tərəfindən büdcəyə ödənilən məbləğ 226 milyon 729 min manat olub. SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, fevralda şirkət Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 534 min manat vəsait köçürüb ki, bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 211 min manat və ya 1.9 faiz çox olub. Ümumiyyətlə, cari ilin yanvar-fevral aylarında SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 23 milyon 465 min manat təşkil edib.
http://bizimyol.info/