"Bandotdel" 70 nüfuzlu iş adamını saxladı, aralarında sabiq icra başçısı da var - SİYAHI

Paylaşılma tarixi: May 12, 2015 3:32:13 PM

12 May 2015 [00:56]Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ("Bandotdel”) Azərbaycan Beynəlxalq Bankından milyardlarla manat vəsaitin kreditlər yolu ilə mənimsənilməsi işi üzrə kütləvi həbslər aparır.Mia.az xəbər verir ki, bu sensasion məlumat virtualaz.org saytına DİN-dəki mənbələrdən daxil olub.Məlumatda deyilir ki, iş üzrə artıq 70-ə yaxın nüfuzlu iş adamı həbs olunub. Həbslərin davam edəcəyi gözlənilir. Həbs olunanlar Beynəlxalq Bankdan iri həcmdə kreditlər götürərək fırıldaqçı sxemlər əsasında mənimsəyən, yaxud kreditləri alıb qaytarmayan iş adamlarıdır. Onların əksəriyyətinin Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə əlaqələri var.Məlum olub ki, bu proses prezident İlham Əliyevin ölkənin bank sektorundakı maxinasiyalara son qoyulması barədə qəti göstərişindən sonra başlayıb. Prezident bank sektorundakı özbaşınalıqlara son qoyulması vəzifəsini DİN-ə və şəxsən nazir Ramil Usubova həvalə edib.

Belə ki, fevral ayında həyata keçirilən devalvasiyadan sonra iri bankların əksəriyyətinin acınacaqlı vəziyyətdə olduğu üzə çıxıb. Bankirlər maliyyə göstəricilərinin kəskin pisləşməsini devalvasiya ilə əsaslandırmağa çalışsalar da araşdırma zamanı məlum olub ki, əslində uzun illərdir yüksək faizlər sayəsində böyük gəlirlər əldə edən bankların vəziyyəti devalvasiyadan sonra bu cür pisləşməli deyildi.

Məlum olub ki, problemin kökü əslində devalvasiyada yox, iri həcmdə kredit maxinasiyalarında, milyardlarla manatlıq geri qaytarılmayan kreditlərdə və digər korrupsiya əməllərindədir.

Ən ağır vəziyyət isə Beynəlxalq Bankda hökm sürürmüş və Cahangir Hacıyevin "könüllü” istefasının səbəbi də məhz budur.

Mənbələrin məlumatına görə, araşdırma zamanı üzə çıxıb ki, Beynəlxalq Bankdan verilən və geri qaytarılmayan kreditlərin həcmi 6 milyard manata (!) yaxındır. Bu vəsaitlər müxtəlif illərdə Cahangir Hacıyevlə bağlı olan iş adamlarına, yerli və xarici şirkətlərə kredit şəklində verilib, yaxud kommersiya perspektivi şübhəli olan layihələrə yatırılıb.

Məsələn, Beynəlxalq Bankın Nehrəmli Hacı İbrahimin mifik "Xəzər adaları” layihəsinə 850 milyon dollar kredit verdiyi bəllidir.

Saytımıza bildirildiyinə görə, Beynəlxalq Bankın işi ilə bağlı tutulanlar arasında"Azərinşaat” MMC-nin Direktorlar Şurasının rəhbəri Mehdi Əliyev də yer alır.

Əslində "Azərinşaat” MMC 2012-ci ilə qədər Nəqliyyat Nazirliyinin rəhbərliyinin və oliqarx Hafiz Məmmədovun ("Hafka”) kurasiyasında olub. Ötən 10-12 ildə Azərbaycanda həyata keçirilən, dövlət büdcəsindən, beynəlxalq maliyyə institutlarından, Dövlət Neft Fondundan maliyyələşdirilən yol-infrastruktur layihələrinin əksəriyyətini podratçı kimi bu şirkət həyata keçirib.

Lakin 2012-ci ildə bu şirkət ətrafında müəmmalı proseslər başladı. Şirkətin rəhbəri, Türkiyə vətəndaşı Bülent Karani qəfildən, gecə ilə Azərbaycandan qaçdı.

Mətbuatda xəbərlər yayıldı ki, Beynəlxalq Bankın rəhbərinin adamları ertəsi gün şirkətə gələrək onun bütün əmlakını, Dərnəgüldə yerləşən ofisini, ərazisini ələ keçiriblər.

Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyev həmin vaxtdan şirkətə öz adamı Mehdi Əliyevi rəhbər təyin edib. Bu şirkətdə "Hafka”nın da 285 milyon dollarlıq yatırımı olub. Hazırda o, pulunu Cahangir Hacıyevdən geri ala bilmir.

Mənbələrimiz bildirir ki, Cahangir Hacıyevin şirkətə nəzarəti ələ almasından sonra "Azərinşaat” MMC-nin fəaliyyəti iflic olub, şirkət faktiki olaraq dağılıb.

ərinşaat” MMC rəhbərinin Beynəlxalq Bankdan nə qədər vəsait götürdüyünü və geri qaytarmadığını hələlik dəqiqləşdirə bilməmişik. Həmçinin bu şirkətin sahibinin dəyişməsi ətrafında baş verənlər ayrıca araşdırmanın mövzusudur.

Ancaq hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə M.Əliyev barədə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Bundan başqa Beynəlxalq Bankın işi üzrə həbs olunanlardan daha birinin adı məlum olub Bu, 90-cı illərin sonları-2000-ci illərin əvvəllərində məşhur olan Əli Ansuxski adlı iş adamının oğlu Abdul Ansuxskidir.

Abdul Ansuxskini "Bandotdel” əməkdaşları xarici ölkələrdən birindən qayıdanda aeroportda saxlayıblar. Ancaq o, banka olan borcunu ödəyə bilib və buraxılıb.

Bu işlə bağlı həbs olunanlardan biri isə Şəkinin keçmiş icra başçısı Murad CabbarlıDIR. Bakıda həbs olunan sabiq icra başçısı barədə məhkəmə 4 aylıq həbs-qətimkan tədbiri seçib. Bir çox tanınmış biznesmenlər kimi Murad Cabbarlı Beynəlxalq Bankdan götürdüyü kreditləri mənimsəməkdə ittiham olunur.

M.Cabbarlı Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevə yaxın şəxslərdən hesab olunur. M.Cabbarlı Şəkinin icra başçısı postuna da C.Hacıyevin dəstəyi ilə təyin olunmuşdu.

Məlumatda o da bildirilir ki, M.Cabbarlı C.Hacıyevin yaxından köməyi ilə Beynəlxalq Bankdan 200 milyon manata kredit götürmüşdü. Sabiq icra başçısı bu pula Şəkidə kərpic zavodu tikdirmişdi. Lakin bankdan götürülən pulların böyük hissəsi sabiq icra başçısı tərəfindən mənimsənilmişdi.

Beynəlxalq Bankdan götürdüyü kreditləri mənimsəməkdə ittiham olunlardan biri də oliqarx Nizami Piriyevdir. Hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, məhkəmə oliqarx barədə 4 aylıq həbs-qətimkan tədbiri seçib. Hüquq-mühafizə orqanları hal-hazırda Beynəlxalq Bank tərəfindən verilmiş bir neçə milyard manatlıq kreditlərin azərbaycanlı biznesmenlər tərəfindən mənimsənilməsi faktı üzrə araşdırma aparırlar.

Məlumata görə, digər tanınmış biznesmenlər kimi N.Piriyevin də adı "Cahangir Hacıyev işi”ndə keçir. Onlar Azərbaycan Beynəlxalq Bankından kredit şəklində götürülmüş pulların mənimsənilməsində ittiham olunurlar.

Hüquq-mühafizə orqanları hal-hazırda Beynəlxalq Bank tərəfindən verilmiş bir neçə milyard manatlıq kreditlərin azərbaycanlı biznesmenlər tərəfindən mənimsənilməsi faktı üzrə araşdırma aparırlar.

Qeyd edək ki, Nizami Piriyev "PNN Group” şirkətinin təsisçisi və sahiblərindən biridir. Şirkətin digər sahibi onun oğlu Nəsib Piriyevdir.

"PNN Group” şirkətinin əsas aktivləri neft kimyası sənayesində və metanol istehsalı sahəsində fəaliyyət göstərən "AzMeCo” şirkətindədir.

Bundan əlavə "PNN Group” şirkəti "De Beers” və "Hamley's” brendlərinin tərəfdaşıdır. Piriyevlər bu şirkətin Azərbaycan və Ukraynada mağazalarını açıblar. "KFC” qəlyanaltıxanalar şəbəkəsi də bu ölkələrdə Piriyevlərin idarəçiliyi ilə fəaliyyət göstərir. Onlar iki ölkədə artıq 50 "KFC” obyekti açıblar.

"PNN Group” öz maliyyə aktivlərinin həcminin 650 milyon dollar olduğunu rəsmən bəyan edib.

Qeyd edək ki, Nizami Piriyev və oğlu Nəsib Piriyev 2011-ci ildə Britaniyanın keçmiş baş naziri Toni Bleyeri Bakıya gətirən iş adamları kimi tanınır.

Piriyevlər Toni Bleyeri Bakının Qaradağ rayonunda metanol zavodunun təməlqoyma mərasiminə dəvət etmiş və ona yüz minlərlə dollar qonorar ödəmişdilər. Bu qonorara görə Bleyer ölkəsində kəskin tənqidlərə məruz qaldı.

ABŞ-ın Texas ştatından alınan köhnə zavodun Qaradağda quraşdırılıb başa çatması 2012-ci ildə baş verdi. Piriyevlər bildirirdi ki, zavodun istehsal etdiyi metanolun əsas müştərisi BP şirkəti olacaq. Lakin bu günlərdə gözlənilmədən məlum oldu ki, SOCAR Piriyevlərin zavodunun xammalını - təbii qazı dayandırıb. Nəticədə zavod fəaliyyətini dayandırmalı olub.

İndi isə növbə ata Piriyevə çatır. Sən demə, o, Beynəlxalq Bankdan götürdüyü yüz milyonlarla dollarlıq krediti qaytarmayıbmış...