Hökumətdə kim yola salınacaq?
Paylaşılma tarixi: Feb 27, 2015 7:27:32 PM
Azərbaycan hökuməti post-neft dövrünə hazırlaşır. 2015-ci il başlar-başlamaz struktur islahatlarının aparılması, manatın devalvasiya olunması kadr islahatlarını da şərtləndirib. Hökumətin komanda dəyişikliklərinə gedəcəyi istisna olunmur. “Qafqazinfo” xəbər verir ki, “Yeni Müsavat” qəzetinin hazırladığı məqalədə bildirilir ki, Baş nazir Artur Rəsizadənin siyahının başında getdiyi bildirilir. Qəzet yazır ki, 80 yaşlı baş nazirin “Şöhrət” ordeni ilə təltif olunması da onun təntənəli yola salınmasına hazırlıq kimi qiymətləndirilə bilər. Bu dəyişikliyə gedilməsini şərtləndirən mühüm amil Azərbaycan hökumətinin də etiraf etdiyi kimi, iqtisadi böhrandır. İqtisadi böhran dövründə isə komandaya yeni nəfəs lazımdır - daha çevik, enerjili və təravətli... Hər halda, hakimiyyət gənc məmur ordusu ilə ağrılı prosesi daha sürətli keçə bilər. Mümkündür ki, köhnə məmurların bəzilərinin rəhbərlik etdiyi sahələr “yeni iqtisadiyyata keçid” səbəbindən ya ləğv edilsin, ya da səlahiyyətləri və işçiləri əhəmiyyətli dərəcədə azaldılsın.
Belə bir qərar “köhnə”lərdən sayılan “Azərenerji” prezidenti Etibar Pirverdiyev və Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovla bağlı artıq verilib. Ən qısa zamanda Prezident Administrasiyasında da ciddi kadr dəyişiklikləri gözləniləndir...
Milli Məclisin Sosial-iqtisadi komitəsinin üzvü, deputat Vahid Əhmədov neftdən sonrakı dövrlə bağlı hansı addımlar atılmalı olduğu haqda “Yeni Müsavat”a danışdı. Deputatın sözlərinə görə, manatın kursu ilə bağlı tədbirlər planı hazırlanıb və işlər görülməkdədir. V.Əhmədov onu da qeyd etdi ki, neftin qiymətinin bu dərəcədə ucuzlaşması gözlənilən deyildi: “Neft 55-60 dollar səviyyəsində idi. Biz istehsalın və ixracın azalmasını görürdük. Artıq 5-6 faiz azalma var idi. Qeyri-neft sektorunun inkişafı üçün texnoparklar yaradıldı. Ancaq qeyri-neft sektorunun inkişafı üçün işlər davam etməlidir”.
Deputat struktur islahatlarının davamı kimi kadr islahatlarının olmasını istisna etmədi: “Struktur islahatlarının aparılması vacibdir. Bundan sonra da olmalıdır. Bəzi qurumlar bir-birini təkrarlayır, onlar birləşdirilməlidir, bəziləri ləğv olunmalıdır. Məsələn, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi səlahiyyətlərini çoxdan bitirmişdi. Artıq torpaqlar paylanmışdı, özəlləşdirilmişdi. ”Azərişıq" ASC-nin yaradılması da vacib idi. Çünki işığın satışı və istehsalı ilə bir təşkilat məşğul olmalıdır.
Əvvəl “Bakıelektrikşəbəkə” paytaxtın işıq satışını təşkil edirdisə, indi bütün respublikada elektrik enerjisinin satışı və istehsalını bir təşkilat həyata keçirəcək. Hesab edirəm ki, bu islahatlar davam etməlidir. Bunun davamı kimi kadr islahatları da ola bilər. Bu ölkədə gedən iqtisadi proseslərdən asılıdır. Eyni zamanda dövlət başçısının səlahiyyətlərinə daxil olan məsələdir".
Deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə hökumətdə kadr islahatları olub-olmayacağından məlumatsızdır. Onun sözlərinə görə, özü hakimiyyətdə olsaydı kiminlə işləyəcəyini müəyyən edərdi. Deputat “Yeni Müsavat”a komandanı müəyyən etməyin birinci şəxsin səlahiyyətində olduğunu bildirdi: “Belə bir yanaşma yoxdur ki, prezidentə kimi postunda saxlayıb-saxlamayacağını göstərəsən. Bu baxış düzgün deyil. Ölkə başçısı özü bilir ki, kiminlə işləmək lazımdır. Artıq kim neçə il eyni vəzifədə qalıbsa, buna da özü qərar verib. Bu komanda ilə işləmək istəyibsə, biz ona deyə bilmərik ki, filan vəzifəyə filankəsi təyin et. Xalq və müxalifət narazı ola bilər. Bu narazılığa görə seçkilərdə hökuməti dəyişə bilər. Hansı komanda ilə işləyəcəyini birinci şəxs özü müəyyən edir”.
“Turan” İnformasiya Agentliyinin direktoru, siyasi icmalçı Mehman Əliyev kadr islahatlarının olacağını düşünür. Siyasi ekspert bütün sahələr üzrə islahatların olacağını proqnozlaşdırır. Onun fikrincə, bütövlükdə gedən islahatlarda məmur-oliqarxiya sıradan çıxarılacaq, yeni idarəetmə sistemi yaradılacaq.
M.Əliyevin sözlərinə görə, yeni şəffaf sistem olacağı gözləniləndir və dövlət vəsaitlərinin mənimsənilməsi prosesində məhdudiyyət tətbiq olunacaq: “Bu dəyişikliklər bütün sahələri əhatə edəcək. Monopoliyanın qismən aradan qaldırılması da ola bilər. Mən ötən ilin yayında bu proqnozları verirdim. Çünki iqtisadi proseslər, neftin istehsalının azalması vəziyyətin bu yerə gələcəyinə işarə idi. Hökumət manatın kursunun saxlanması üçün 300 milyon xərcləyirdisə, artıq milyard yarımı keçmişdi. O baxımdan islahatlar qaçılmazdır”.
Siyasi analitik kadr islahatlarının olacağını təkcə proqnozlarına istinad etmir: “Müəyyən məlumatlar daxil olur və bu informasiyalar təsdiqləyir ki, hakimiyyət islahatlara getməli olacaq. Amerika ilə də müştərək komissiya yaradılıb və dəyişikliklərin olması haqda müzakirələr aparılacaq. Ölkənin modernləşdirilməsi, islahatlar barədə söhbətlər gedəcək. Əgər may ayından bu islahatlara start verilirsə, iqtisadi proseslə sürətlə gedəcək. Hakimiyyət indi daha çox tələsir və çevik olmağa çalışır. Əli Həsənovun prezident köməkçisi təyinatı də o deməkdir ki, QHT, media və müxalifətlə danışıqlar davam edəcək. Bu dəfə artıq prezidentin köməkçisi prezidentin adından müxalifətlə danışacaq”.
Müsahibimiz A.Rəsizadənin postundan gedəcəyini də istisna etmir: “Ölkədə gedən iqtisadi proseslərə görə indi baş nazir postuna daha cavan kadr lazımdır. Bu dəyişikliklər prosesi başlasa, Nazirlər Kabinetinin yeni komanda və rəhbərə ehtiyacı olacaq”.