Ukrayna “KQB” arxivlərini açdı

Paylaşılma tarixi: Apr 10, 2015 4:29:2 PM

Ölkədə kommunist və nasist rejimlərin təbliğatı, simvolları qadağan edildi; ABŞ Ukraynaya hərbi yardım ayırır

 Ukrayna Ali Radası ölkə ərazisində kommunist və nasist rejimlərin cinayətkar sayılması, onların təbliğatının və simvollarının qadağan edilməsi haqqında qanun qəbul edib. edib. Parlament müzakirələrində qanunun lehinə 307 deputatdan 254-ü səs verib.

 Qanunda bildirilir ki, bu rejimlər dövlət terroru ilə məşğul olaraq çoxsaylı insan haqları pozuntusuna yol verib, kütləvi insan qətlləri, həbslər, işgəncələr törədib, siyasi azadlıqları məhdudlaşdırıb. Buna görə də həmin rejimlərin təbliğatının aparılması və simvollarının yayılması qurbanların xatirəsinə həqarət sayılaraq qadağan edilir.

Ali Rada eyni zamanda kommunist dönəmindəki “KQB” arxivlərinin açılmasına qərar verib. Aprelin 9-da qəbul edilən qanunla dövlət arxivindəki 1917-91-ci illəri əhatə edən sənədlər

açıq elan edilib. Qanun hər bir vətəndaşa kommunist rejiminin repressiya orqanlarının arxivinə giriş imkanı verir.

ABŞ Konqresi Ukraynaya hərbi yardım ayırmasını dəstəkləyib. Senator Robert Portman bu haqda xəbəri Ukrayna Mili Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinovla aprelin 9-da Kiyevdə keçirdiyi görüşdə verib.

Ukrayna-ABŞ fraksiyalararası qurumun toplantısında çıxış edən senator Portman deyib ki, ABŞ siyasi, iqtisadi, mədəni işbirliyinin gücləndirilməsi ilə yanaşı Ukraynaya hərbi-texniki yardım göstərmək fikrindədir: “Biz Demokrat Partiyasından olan senator Dik Durbinlə birlikdə Ukrayna ilə işbirliyi fraksiyası yaratmışıq. Hər kəs anlayır ki, bu gün Ukraynanın özünü müdafiə etməsi üçün ölkəyə hərtərəfli yardım edilməlidir. ABŞ Konqresi Ukraynaya hər sahədə dəstək verməyə hazırdır”.

Aygün Muradxanlı, musavat.com