Üzeyir Cəfərov hökumətə səsləndi

Paylaşılma tarixi: Feb 22, 2015 7:3:27 PM

“Hərbi Jurnalistlər” İctimai Birliyinin rəhbəri, hərbi ekspert Üzeyir Cəfərov facebook səhifəsində maraqlı status paylaşıb.Moderator.az həmin statusu təqdim edir: “Dəyərli dostlar, hörmətli həmkarlarım! Çox düşündüm, götür-qoy etdim və bəlkə heç bu haqda danışmayım idi qərarım. Amma, görürəm ki, yox, susmaq ən azından özüm-özümə, doğmalarıma, yaxınlarıma xəyanətə bərabər bir addım olar deyə fikirlərimi sizlərlə bölüşürəm, dəyərli dostlar. Vallah, istəmirəm ki, kimlərsə yazacağım qeydləri başqa istiqamətə yönəltsin. Amma, bilirəm ki, yəqin ki, məni qınıyan və ittiham edənlər də tapılacaq. Qoy olsun. Biz, cəmiyyətin azdan-çoxdan tanınmış şəxsləri kimi belə məsələlərdə mövqe nümayiş etdirməsək, vay onda halımıza. Hamımızın bildiyi məsələdən bəhs etmək istəyirəm. Fevralın 21-dən başlayaraq ərzaq mağazalarında bəzi məhsullarda sürətlə bahalaşma baş verir. Bütün respublika üzrə market və mağazalarda məhsullar yığışdırılaraq yeni qiymətlər müəyyənləşdirilir. Təkcə bir sutka ərzində məişət əşyaları bir neçə dəfə bahalaşıb. Aviabiletlərin qiymətləri artıb, tütün məhsulları, siqaretin qiymətində xeyli artım baş verib. Bu sətirləri mən bazar günü yazdığımdan, hələ yeni həftənin ilk iş günündən başlayaraq ərzaq dükanlarında, marketlərdə, ümumilikdə ölkə üzrə daha nələrin artacağını düşünmək mənə elə gəlir ki, çətin deyil. Hörmətli adı olub, özü şəkərbura kimi ildə 3-4 dəfə görünən qos-qocaman Baş nazirimiz Artur müəllim Rəsizadə və hökümətin üzvləri və ölkənin idarə edilməsinə cavabdeh rəsmi şəxslər, haradasınız? Məgər bu proseslər Azərbaycan adlı məmləkətdə baş vermir? Müharibə şəraitində yaşayan bir dövlətin belə bir formada idarə olunması, Allah göstərməsin sabah fors-major hadisələr baş verəcəyi təqdirdə, təsəvvürünüzə gətirə bilirsiniz baş verə biləcək xaotik prosesləri? Siz məni nə qədər inandırmağa çalışsanız da, mən çox, həddindən çox narahatam. Baxın, adicə bir yağış yağır, Bakı kimi strateji bir şəhər, yağış sularına təslim olur. Qış balaca bir sərt üzünü göstərir, şəhər təsərrüfatı az qala iflic vəziyyətə düşür. Budurmu sizin boğazdan yuxarı söylədiniz "şəhər və respublika hər şeyə tam hazırdır" bəyanatlarınız? Bakının küləklər şəhəri olmasını, onun hansı fəsadlar yarada biləcəyini, çox çətindirmi proqnozlaşdırmaq? Məgər Bakı kimi, elə ölkənin şəhər və rayonları kimi dünyada yerlər yoxdurmu ki, orada da qar da yağır, yağışlar da olur, amma oralarda həyat iflic vəziyyətinə düşmür. Konkret misallar gətirirəm. Bakı-Şamaxı-Yevlax magistiral yolu hər iki istiqamətdə bağlanıb. Şamaxı-Pirqulu yolu, eləcə də Şamaxı və Ağsu rayonlarını birləşdirən magistral yol buz bağlayıb Ağsu aşırımında nəqliyyatın hərəkəti məhdudlaşıb. Lənkəran-Lerik yolu tamamilə bağlanıb. Bu səbəbdən həmin ərazidə həyat iflic vəziyyət düşüb. Rayon mərkəzilə kənd arasında əlaqə kəsilib. Enerji təsərrüfatı iflic hala düşüb. Lerikə artıq 2 sutkadan artıqdır ki, elektrik enerjisi verilmir.

 Nədir orada yaşayan insanların günahı? Niyə əlaqədar qurumlar vaxtında və hərtərəfli sürətdə öz işlərini düzgün qura bilmirlər? Mənə elə gəlir ki, artıq yetər. Korrupsiyaya Qarşı Mübarizə İdarəsi və Hesablama Palatası rayonları və Bakını idarəetməz həddə çatdıran bütün qurumları gecə-gündüz yoxlamalı və milyonlarla vəsaiti göyə sovuran vəzifəli şəxsləri ən sərt formada cəzalandırmalıdır. Nə vaxta kimi, məsuliyyətsiz vəzifəli şəxslərin səriştəsiz idarəeteməsinin qurbanı biz sadə vətəndaşlar olmalıyıq? Nə vaxta kimi hər şeyi bu ölkədə Prezident göstəriş verəndən sonra həll edəcəklər? Elə hər şeyi dövlət başçısı həll edəcəksə, mənə elə gəlir ki, bu qədər harınlamış məmur ordusunu saxlamağa qətiyyən ehtiyac yoxdur. ixtisara salmaq lazımdır bir çox idarə və komitələri, nazirlik və konsernləri.

Bir qədər əvvəldən də qeyd etdim ki, Azərbaycan müharibə şəraitində olan bir ölkədir. Bizim sağımızda da, solumuzda da bizim büdrəməyimizi istəyən, buna çalışan kifayət qədər bədhaxqlar var. Belə olan halda, başda baş şəhərimiz olan Bakı olmaqla, niyə regionlarda belə ciddi problemlər və çətinliklər yaşanmalıdır? Görün idarəetmədə özbaşınalıq hansı həddə çatıb ki, kimin keyfi nə istəyir onu da etməyə çalışır. Bəs hanı müvafiq hüquq-mühafizə orqanları, cavabdeh qurumlar? Kim ixtiyar verib ki, 2 gün ərzində bütün dünyaya car çəkdiyimiz, inkişaf edən Azərbaycan ilə bağlı çox da ürək açan olmayan bir fikirin formalaşmasına? Kənardan çox eybəcər bir mənzərə var ortalıqda. Tam səmimi və ciddi deyirəm.

Bu bir qədər çaşqın, xaotik vəziyyətin yaranmasında birbaşa günahı olan Milli Bankın rəhbəri Elman Rüstəmov da hesab edirəm ki, ciddi şəkildə cəzalandırılmalıdır. İnsanlar illərlədir ki, idarəetmə sistemində çalışırlar və ən xırda ehtiyatsızlıq edərək, ölkədə olmazın bir süstlüq yaradırlar. Məncə indi məhz elə bir mənzərə var ortalıqda. Ədalət naminə onu da qeyd edim ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndiriləcəyi və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bəyan edilsə də, faktiki heç kim dövlət qurumlarını vecinə almır. Proses isə sürətlə pisləşməyə doğru gedir.

Allah bizi pis vəziyyətdən və özbaşınalıqlardan qorusun!!”