ZİYA MƏMMƏDOV CAVİD QURBANOVDAN YAXA QURTARDI
Paylaşılma tarixi: Feb 10, 2015 5:56:13 PM
Fevralın 10-da «Azadlıq» qəzeti «Ziya Məmmədovun nazirliyində müəmmalı yerdəyişmə»dən yazır: Prezidentin sərəncamı ilə «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Arif Əsgərov tutduğu vəzifədən azad edilib. Onun yerinə «Azəryolservis» ASC-nin sədri Cavid Qurbanov təyin edilib. Arif Əsgərov isə nəqliyyat naziri Ziya Məmmədova müavin gəlib. Qəzet yazır ki, Arif Əsgərov Ziya Məmmədov üçün başağrısına çevrilmişdi: «Dəmiryolçuların etirazları nəqliyyat nazirini hansısa addımlar atmağa məcbur etmişdi. Lakin Ziya Məmmədov yaxın adamı olan Arif Əsgərovu güdaza verməklə problemi həll etmək istəmirdi. Ziya Məmmədov ən optimal variant kimi Arif Əsgərovun yerini dəyişməyi məqsədəuyğun sayıb. Cavid Qurbanovun təyinatına gəlincə, ««Azəryolservis»in artıq keçmiş sədri ilə Ziya Məmmədov arasında münasibətlər o qədər də ürəkaçan deyildi. Hakim ailə ilə yaxınlığı olan Cavid Qurbanov nazirlə hesablaşmırdı. O, «Azəryolservis»i müstəqil quruma çevirmək istəyirdi. Ziya Məmmədov isə bununla razı ola bilməzdi».
Qəzet ehtimal edir ki, nazir Cavid Qurbanovun «Azərbaycan Dəmir Yolları»na sədr gətirilməsinə razılıq verməyi optimal variant kimi baxıb.