Uyğur Türklərinə işgəncə verilirmi?
Paylaşılma tarixi: Jul 05, 2015 5:43:11 PM
Bir neçə gündür sosial şəbəkələrdə "Çində uyğur türklərinə qarşı qətliam olur" başlıqlı xəbərlər oxuyuruq. Müxtəlif işgəncə fotoları yayımlanır. Hələ ki, bircə dənə də video rastıma çıxmayıb, düzü.
Bu fotoların bəzilərini biz "Myanmarda qətliam var" mövzularında da görmüşdük. Bu baxımdan bir balaca bu mövzunu araşdırmağa cəhd etdim. Qeyd edim ki, Şəkillərin bir çoxu əsasən müharibələrdən, Vyetnam, Hindistan, Pakistan, İndoneziya və Yaponiyadakı qəzalardan və cinayətlərdən çəkilən fotolardır.
Şəkil 2013-cü ilə aiddir. Çində anası tərəfindən döyülərək pis hala salınmış çinli uşaq - Mənbə
Bu da ən çox paylaşılan və uyğurlara edilən işgəncələr kimi sırıdılan növbəti anası tərəfindən döyülərək bu vəziyyətə salınan bir uşaq. Özüdə foto Filippinə aiddir - Mənbə
Bu və bənzəri fotolar 2004-cü ilə aiddir. Çində bir müxalif fəal öz hakimiyyətlərinin polis bölməsində xalqa verilən əziyyətləri ictimaiyyətə göstərmək üçün öz üzərində bunu canlandırır və öz bloqunda paylaşıb -Mənbə
Bu fotolardan sosial şəbəkələrdə kalandır. güya Çindəki müsəlman-uyğur qardaşlarımızı oruc tutmağa qoymurlarmış və onlara məcbur su içirib, oruclarını açdırırlarmış. Amma bu fotolara bənzər hadisələr 2003-cü illərə aiddir. Çin polisinin işgəncəsi nəticəsində Henan Çin Evi Kilsəsinin nümayəndələrinə edilən işgəncələrdir. Oruc tutan uyğur müsəlmanlarla heç bir əlaqəsi yoxdur - Mənbə
Çin olimpiya oyunlarına çox ciddi cəhdlə hazırlaşdığı üçün yuxarıdakı foto da məhz olimpiya oyunlarına hazırlaşdırılan uşaqlar üzərində işgəncələri əks etdirir. Bu kimi fotoların uyğur xalqı ilə heç bir əlaqəsi yoxdur - Mənbə
Bu şəkil isə 1950-ci illərdə Cənubi Vyetnamda sağçı hökümət dövründə çəkilib. Ramazan ayında müsəlmanların inancı, orucu üzərindən yalan danışaraq siyasət yürüdən saxtakarlara inanmayın.
Maraqli bir qeyd də edim. Çində uyğurlara, uyğur dilində danışmaq yasaqdır deyirlər. SSRİ dövründə, Azərbaycanda, azərbaycanlılar necə öz ana dillərində danışırdılarsa, orada da vəziyyət eynidir. Hətta Çin milli valyutası Yuan üzərində digər etniklərlə bərabər uyğurca da sözlər yer alıb.
Çin milli pul vahidi Yuan
Çində kommunist bir rejimin mövcud olduğunu hamı yəqin ki, bilir. Belə olduğu təqdirdə əlbəttə ki, orda bir çox yasaqların, qanunsuzluqların mövcudluğunu danmaq mümkünsüzdür. Amma bu milli, dini kimlikdən aslı omlayaraq hər kəsə şamil edilir.
Foto: Associated Press - Çin'in paytaxtı Pekin'dəki Niujie məscidində iftar
Əgər sən bir zülmü, haqsızlığı göstərmək istəyirsənsə, bunun üçün başqa bir haqsızlıq etmək, yalan danışaraq, saxtakarlıq edərək buna nail olmaq olmaz. Bəlkə də həqiqətən Şərqi Türkistanda nələrsə baş verir amma 21-ci əsrdə, texnologiyanın pik inkişafını yaşadığımız çağda, nə üçün yeni və aktual fotolar yox, 5-10 il öncənin, özüdə mövzu ilə əlaqəsi olmayan fotoları paylaşılır?
Hələ işin ən absurd və rüsvayçı tərəfi isə dünən İstanbulda uyğur türklərinə dəstək olmaq üçün, koreyalı turistləri "çinli" zənn edib döyüblər. Bakıda və dünyanın bir çox şəhərlərində də uyğurlara dəstək aksiyaları keçirilir, qətliamın olub-olmaması isə böyük sual altındadır.
Bir daha deyirəm ki, fotoların saxta olması da o mənaya gəlmi ki, orda hər şey əladır və ya cənnətdir. Çində 56 etnik yaşayır və onlar hər biri Çin Xalq Respublikasının kommunist qanunlarına tabedirlər. Amma yuxarıda paylaşdığım və bu mövzuda sosial şəbəkələri ağuşuna alan fotoların biridəmi düz olmaz? əgər orada həqiqətən işgəncə, qətliamlar varsa, nə üçün bu qədər saxta fotolar yayılır?
Əgər oralarda çox ciddi problemlər varsa belə, bu qədər saxta paylaşımlar o ciddiliyə kölgə salır. Mənasız millətçilik etməkdənsə, daha dəqiq və tutarlı məlumatlar öyrənib, paylaşmaq lazımdır.
Texnologiya inkişaf etdikcə, təssüflər olsun ki, məlumat kirliliyini də bərabərində gətirir. Biz dəfələrlə öz vətənimizlə bağlı da kirli məlumatlar, saxta foto və videoların şahidi olmuşuq. Siz də çalışın hər gördüyünüz, sizə sırınmağa çalışan propoqanda niyyətli xəbərlərə aldanmayasınız və imkan verməyin ki, sizin dini və milli hislərinizi istismar etsinlər, sizinlə məzələnsinlər.
Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.