Əhalini çətin günlər gözləyir

Paylaşılma tarixi: Jan 13, 2015 5:43:3 PM

    Dün. ya bazarında neftin qiymətinin kəskin şəkildə ucuzlaşması dünya iqtisadiyyatına ciddi təsir göstərib   “Qafqazinfo” “Azadlıq” qəzetinə istinadən xəbər verir ki, əksər dövlətlər neftin qiymətilə əlaqədar iqtisadiyyatda yaranan müəyyən kataklizmləri nəzərə alaraq, müvafiq addımlar atsa da, Azərbaycan neftdən asılı ölkə kimi, çətin bir durumla üz-üzədir. Dövlət büdcəsinin gəlirlərinin əsasən neft üzərində qurulduğunu nəzərə alsaq, qiymətin ucuzlaşması Azərbaycan iqtisadiyyatına birbaşa təsir göstərir. Neftin qiymətinin düşməsi demək olar ki, heç bir sahəyə təsirsiz ötüşmür. Əhali iqtisadiyyatın belə ağır durumunda “Nə etməli?” sualıyla baş-başa qalır. Belə bir vəziyyətdə analitiklər 2015-ci ildə əhalinin daha çox ərzaq mallarına üz tutacağını proqnozlaşdırır.

   İqtisadçı-ekspert Qubad Ibadoğlu "Turan"a açıqlamasında bu durumun qeyri-ərzaq ticarətində böhranla nəticələnəcəyini bildirib. Ekspertin fikrincə, bu, neftin ucuzlaşması ilə bağlıdır. Nəticədə hökumət verginin artırılması, avtomobil, mənzil, qiymətli daşlar, siqaret və spirtli içkilərin bahalanması yolu ilə əhalinin cibinə girəcək.

   Qubad Ibadoğlunun sözlərinə görə, ötən il dekabrın 1-i üçün dövlət büdcəsinin qeyri-neft sektorundan gəlirləri 3,9 mlrd manat (5 mlrd. dollar) olub. Qalan 75 faiz neft-qaz sektorunun payına düşür: “2015-ci ilin dövlət büdcəsində 19,5 mlrd (24,8 mlrd dollar) gəlirlər və 21 mlrd manat (26,7 mlrd dollar) xərclərdə Neft Fondundan transfertlər 15,5 mlrd. manat (19,7 mlrd dollar) olacaq. Yəni neft ucuz olanda iqtisadiyyat risklə üzləşəcək”.

   Ekspertin sözlərinə görə, əhalinin rifahı yeni şəraitə uyğunlaşmasından asılı olacaq: “Əks təqdirdə, bundan həm istehlakçılar, həm kiçik və orta biznes ziyan çəkəcək”.

    Digər iqtisadçı-ekspert Oqtay Haqverdiyev də “Azadlıq”a açıqlamasında bildirib ki, indinin özündə əhali ailə büdcəsini qeyri-normal formada sərf edir. Ekspertin sözlərinə görə, əhalinin həyat səviyyəsi o qədər aşağıdır ki, ailə büdcəsinin ən azı 50 faizi ərzağa sərf olunur: “Hətta bundan çox da ola bilər. Ailə büdcəsinin 60-70 manatı qeyri-ərzağa sərf olunursa, qalan məbləğ ərzağa xərclənir. Hazırda bu səviyyə Avropa ölkələrilə müqayisədə qeyri-normal hesab olunur. Beynəlxalq Valyuta Fondu, Dünya Bankı hesab edir ki, ailə büdcəsinin cəmi 30-35 faizi ərzağa xərclənməlidir. Bizdə isə bu faiz yuxarıdır. Qalan hissə istirahət, mədəni tədbirlərə və s. sərf edilməlidir. Əsasən, ərzaq ehtiyacı ailə büdcəsinin 35 faizini keçməməlidir. Bizdə isə təəssüf ki, bu məsələ tamam başqa formadadır”.