Yunanıstan səfirindən şok addım - Prezident Bakıya gəlməkdən imtina etdi

Paylaşılma tarixi: Jun 05, 2015 6:32:2 PM

Avropa İttifaqının (Aİ) Bakı ofisinin və Yunanıstanın Azərbaycandakı səfirinin Azərbaycana qarşı işbirliyi ortaya çıxıb.  Arqument.Az APA-ya istinadən xəbər verir ki, Yunanıstan prezidenti Prokopis Pavlopulos Bakıda keçiriləcək l Avropa Oyunlarında iştirak etmək qərarından daşınıb. Buna səbəb isə Yunanıstanın Azərbaycandakı səfiri Dimitris Sunqasın bu ölkənin Xarici İşlər Nazirliyinə ötürdüyü dezinformasiya xarakterli məlumatlar olub.  Belə ki, səfir mayın 21-də Yunanıstan XİN-ə göndərdiyi məlumatda iddia edib ki, l Avropa Oyunlarının açılışında heç bir dövlət və hökumət başçısı iştirak etməyəcək. Səfir öz iddiasını həm də Avropa İttifaqının Bakı ofisindən səfirliyə daxil olan və guya l Avropa Oyunlarının dünya liderləri tərəfindən "boykot” ediləcəyi haqqında məlumat ilə əsaslandırıb. Səfir məktubunda hətta iddia edib ki, Rusiya və Türkiyə prezidentləri də açılışda iştirak etməyəcəklər. Məhz bundan sonra Yunanıstan hökuməti səfirin yanlış iddiasını əsas tutaraq, açılış mərasimində idman nazirinin müavini Stavros Kontonis səviyyəsində təmsil olunmaq barədə qərar qəbul edib.

 Diplomatik mənbə onu da bildirib ki, Yunanıstan XİN-i formal olaraq bu qərarını Prezident Prokopis Pavlopulosun mayın 9-da Qələbə günü münasibətilə Moskvada keçirilən hərbi paradda iştirak etməməsi və buna görə də balans saxlamaq zərurəti ilə əsaslandırıb.

 O da məlum olub ki, son günlər Avropa İttifaqı və onun Bakıdakı ofisi ayrı-ayrı ölkələrin rəhbərliyinə və Azərbaycandakı səfirliklərinə müraciətlər edərək, onları l Avropa Oyunlarının açılış mərasimində iştirakdan çəkindirməyə çalışır.

 Aİ-nin Bakı nümayəndəliyindən isə APA-ya daxil olan xəbərdə qeyd olunub ki, "bu barədə mediada verilən informasiya heç bir şəkildə düzgün deyil": "Aİ-a üzv dövlətlərin Avropa Oyunları kimi idman tədbirlərində iştirak etməsinə dair tövsiyə vermək Aİ nümayəndəliyinin səlahiyyətinə daxil deyil".

 Aİ Nümayəndəliyi onu da xatırladıb ki, 21-22 may tarixində Şərq Tərəfdaşlığı Sammitinin Riqadakı birgə bəyanatında sammit iştirakçılarının "iyun ayında Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını səbirsizliklə gözlədikləri" vurğulanıb.

 Yunanıstanın Bakıdakı səfirliyi isə "məqalənin bütün məzmununu qəti şəkildə təkzib edib": "Yunanıstan tərəfi rəsmi mövqeyini bildirəcək".

Arqument.Az