MİLLƏTİMİZİN ROMALI QIZI..
Paylaşılma tarixi: Apr 12, 2015 6:11:30 PM
və yaxud, BÜTÜN YOLLAR ROMAYA APARIR...Nədənsə,mənim Avropadaki azərbaycanlı dostlarımın əksəriyyəti məhz İtaliyada yaşayır. Bəlkə də bunda da bir sirr var. Və bəlkə də mən də enində-sonunda yolumu bu
ölkədən salacam,qos-qoca Roma imperiyası
və bütün xristianlığın paytaxtı sayılan
qədim Roma şəhərinin daşını,
divarını,insanlarını öz
gözlərimlə görəcəm.
Bu,həm tarixçi və jurnalist marağımdan irəli gəlir,həm də ki,
xristianların baş şəhərinin mənfi-müsbət energetikasını
canlı-canlı duymaq istəyirəm.Papanın özünü
görmək və papalığın fəlsəfəsini dərk
etmək istəyirəm.
Həmçinin,bu suala da cavab tapmaq istəyirəm ki,axı niyə
bütün yollar Parisə,Londona,Berlinə,Sürixə,Brüsselə
deyil,məhz Romaya aparır ?
Və nədən bizim azərbaycanlılarda bu ölkəyə və bu şəhərə
qarşı bu boyda maraq var ?
Özü də bu maraq təkcə bu son illərdə yaranmış maraq deyil aa...
Bu maraq həmişə olub.Və həm də qarşılıqlı olub.Hələ taa
Marko Polonun vaxtından tutmuş axır zamanlara kimi...
Şah İsmayılın zamanında isə italyanların Azərbaycana
maraqları lap üst zirvəyə çatmışdı.Elə Şah babamızın o məşhur
portreti də italyan əsilli bir rəssamın fırçasının məhsulu idi.
Həmin rəssam Şahımızı naturadan - yəni öz gözləriylə
görərək çəkmişdi...
Yəni demək istədiyim odu ki,İtaliya ilə Azərbaycanı bir-birinə
bağlayan çox tellər var.
Amma ən başlıca tellər isə insan ilişkiləridir.
İtaliyada yaşayan azərbaycanlılar və Azərbaycanda yaşayan
italyanlar əslində bu iki ölkəni və iki mədəniyyəti bir-birinə
bağlayan canlı körpülərdi.
Mən indi bu yazımda Bakıda yaşayan italyanlar haqqında yox,
Romada yaşayan bir soydaşımızdan bəhs etmək
istəyirəm.Və bu yazı mənim "ROMADAKİ ÜÇ
AZƏRBAYCANLI..." silsilə yazılarımdan
üçüncüsüdür.
Bundan əvvəlki yazılarımda "La Skala"da oxuyan Azər
Rzayev haqqında və İtaliyada rəssam-dizayner
təhsili almış Ləman Hüseynli haqqında
yazmışdım.
Amma üçüncü yazını yazmağım isə bir xeyli gecikdi.
Bu mənim özüm də istəmədən belə oldu.Çünki bu
aralar işlərim lap başımdan aşıb-daşırdı.
Hərçənd ki,bəzi dostlarım mənim bu
arqumentimə inanmaq istəmirlər
və hesab edirlər ki,guya,mən
bu yazını qəsdən yubatmaq
istəmişəm.
Amma Allah da şahiddir ki,mən bu yazını ilk növbədə məhz
vaxt azlığı üzündən yaza bilmirdim.Odur ki,xaltura
eləmək,tələm-tələsiy bir yazı yazıb yola
vermək də istəmirdim.
Nə isə.
İnanıb-inanmamaq öz işinizdir.
Mən keçid alıram əsas mətləbə. Qəhramanımdan yazmaq
istəyirəm.Bu yazının qəhramanını sizlərə də tanıtmaq
istəyirəm.
Söhbət Aysel xanımdan gedir.
Aysel Həmidovadan...
Peşəkar və təcrübəli hüquqşünasdan...
Bəlkə də sizlərdən kimlərsə də artıq bu xanımın adını
eşitmisiz. Amma bu xanım öz doğma vətənində -
Azərbaycanda az tanınsa da,lakin onu
Avropada çoxları tanıyır.
İstər əcnəbilər,istərsə də Avropada yaşayan azərbaycanlılar
bu qızın Avropa televiziyalarındaki cəsarətli çıxışlarını
hələ də yaxşı xatırlayırlar.
Aysel xanım dəfələrlə Avropa teleanallarında çıxış etmiş
və ermənilərin vəhşiliklərindən danışaraq onların
iç üzünü açmışdır.
Aysel xanımı poliqlot da hesab eləmək olar.
Çünki ən azı 5-6 xarici dil bilir və hələ bununla da
kifayətlənmək fikri yoxdur.O başqa əcnəbi dilləri də
öyrənməyə çalışır.
Çünki bunu onun işi tələb edir.
Aysel xanım İtaliyada dövlət qulluğunda çalışır.
Və kifayət qədər nüfuzlu bir post tutur.
Aysel xanım İtaliya dövlətinin rəsmi nümayəndəsi kimi
çox tez-tez dünyanın müxtəlif ölkələrinə səfərlər
edir,danışıqar aparır,müqavilələr imzalayır,
beynəlxalq tədbirlərə qatılır.
Onu az qala dünyanın hər yerində tanıyırlar.
Bəlkə də səfər etmədiyi bir ölkə də qalmayıb.Bu xanım
həftənin ən azı 3-4 gününü yollarda,təyyarələrdə,səfərlərdə
keçirir.
Onun hədsiz çoxlu xarici dostları var.
O rəğbət qazanmağı bacarır.Hamı onu çox istəyir.
Bunun bir səbəbi də budur ki,o,hər kəslə onun
öz dilində danışır.İngilislə ingilis dilində,
ispanla ispan dilində,almanla alman
dilində,yəhudi ilə ivrit dilində və s.
Amma Aysel xanım hər şeydən əvvəl bir azərbaycanlı olduğunu da
heç vaxt unutmur və Azərbaycanı hər yerdə qürur hissilə
tanıtmağa çalışır.
Maraqlıdır ki,bu xanım Azərbaycanda doğulmayıb.
O Norveçdə dünyaya göz açıb.Sonra isə onun
valideynləri İtaliyaya köçüblər.Və hal-hazırda
da düz Romanın mərkəzində ev sahibidilər.
Amma buna baxmayaraq,Aysel xanım Ana dilimizdə bizim
Bakıda yaşayan bir çox rusdilli və ingilisdilli vətəndaşlarımızdan
qat-qat yaxşı danışır.
Romada yaşayan Aysel Həmidovanın Bakıda yaşayan və
özünü müasir sayan,avropalı hesab edən Aysellərdən
bir fərqi də ondadı ki,Romadaki Aysel öz dinini və
millətini danmır və Avropanın göbəyində
yaşamasına baxmayaraq süni surətdə
avropalaşmağa,özünü elit təbəqənin
nümayəndəsi kimi göstərməyə də
can atmır.
Çünki bu xanım görməmiş deyil !!!
Bizim Bakıdaki bəzi gözəlçələr soyunmağa və yarımlüt
yaşamağa meylli olduqları halda,Romadaki Aysel
isə özünün həm də bir müsəlman olduğunu da
unutmur.
Aysel xanım Həcc ziyarətində də olub və hər gün beş dəfə
namazlarını da qılır.
Siz heç təsəvvür edirsiz bu nə deməkdir ?
Avropada doğulan, Avropada yaşayan,avropalı kimi böyüyən
və Avropa dillərində sərbəst danışan bu gənc azərbaycanlı
xanım Bakıdaki bəzi qızlardan fərqli olaraq millətini
unutmur və İslamın qədrin-qiymətini bilir.
Mən bu yazını həm də bu məqsədlə yazdım ki,qoy bu
qızımız Bakıdakı avropapərəstlərə,ateistlərə,
deistlərə,emolara,kosmoplitlərə və post-
modernistlərə dərs olsun,örnək olsun.
Və bəzi kar və kor adamlarımız, beyinsizlərimiz anlasınlar ki,
avropalaşmaq heç də öz milli və dini kimliyindən
imtina etmək deyil...
Aysel Həmidova həm də şəhidlərimizə çox yüksək dəyər
verən və onları tez-tez xatırlayan bir xanıməfəndidir.
Xüsusən də şəhid-qəhraman Fərid Əhmədovun
xatirəsini daim əziz tutur.
Yəqin ki,xatırladınız, söhbət Mübariz İbrahimovun cəsədini
ermənilərin nəzarət etdiyi ərazidən çıxarıb Vətənə
gətirmək üçün gecə döyüşünə çıxan və
qəhramancasına həlak olan Fərid
qardaşımızdan gedir.
Mən Ayselin şəhidlərimizə bu qədər yüksək dəyər verdiyini
biləndə şok oldum,çox təsirləndim...
Çünki indi Bakının özündə,eləcə də Feysbukda erməniləri
müdafiə eləyən nə qədər qanı pozuq dırnaq arası
"azərbaycanlı"lar varkən,uzaq İtaliyada
yaşayan bir qızın şəhidlərimizi əziz
tutması istər-istəməz insanı
duyğulandırır.
Bax belə...
Feysbuk uzun yazılar yazmaq meydanı deyil.
Burdaki insanların çoxu səbrsizdilər və darıxırlar.
Odur ki,mən bu yazını burda tamamlamaq istəyirəm ki,
insanlarımız hələki bu qədərini oxuyub Aysel xanımı
heç olmasa az da olsa tanısınlar.
Çünki belə insanlarımızı tanımaq bizim borcumuzdur.
Belə insanlar bizim xoş məramlı səfirlərimiz sayılırlar.
Axı onlar hər yerdə bizi təmənnasız-filansız təmsil
edir və tanıtmağa çalışırlar.
Odur ki,bizi tanıdanları biz də tanımalıyıq.
Həm də ki,bu cür insanlarımzı tanımaqla millətimizlə də
qürur duymalıyıq.Çünki millətimiz çox istedadlı
millətdir. İstedadlı olmasaydıq,aramızdan
bu cür insanlar da çıxmazdı.
Sadəcə,bizim başımıza onda daş düşüb ki,biz öz
millətimizi yaxşı tanımırıq və ona layiqincə
dəyər verməyi də bacarmırıq.İngilisi,ərəbi
özümüzdən daha dəyərli hesab edirik...
Bu qədər.
Bütün yolların Bakıya aparacağı ümidi ilə salamat qalın.
_ _ Beybala Mirzeyev _ _
Aysel xanım məqaləni oxudum çox xoşuma gəldi sizin icazənizlə bu məqaləni Şəki bələdiyyə qazetində çapa verərdim.Çox qürur duydum bəli sizin kimi insanlarla xalqımız fəxr etməli əsil vətənpərvər insanlarını tanımalıdır.Beybala müəllimədə təşəkür edirəm ki,sizin kimi insanları xalqa tanıdır.