İlham Əliyevin qara siyahısı: - icra başçıları dəyişdirilir

Paylaşılma tarixi: Feb 15, 2015 3:33:36 PM

 Rayon icra hakimiyyəti başçılarının qanunsuz əməllərindən Prezident Administrasiyasına edilən şikayətlərin monitorinqi aparılıb. Hazırda monitorinqin nəticələri ümumiləşdirilir və yaxınlarda siyasi rəhbərliyə təqdim ediləcək. Bu barədə“istiqlal.az”a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.  Məlumatda bildirilir ki, belə monitorinqlər vaxtaşırı aparılır və siyasi rəhbərliyə məruzə edilir: “Siyasi rəhbərlik də məruzə əsasına icra başçılarını cəzalandırır, işdən çıxarır. Ancaq bu il seçki ili olduğundan monitorinq daha ətraflı aparılıb etimadı doğrultamayan icra başçılarının siyahısı müəyyən edilib. Seçkiyə qədər onların yeniləri ilə əvəzlənəcəyi gözlənilir”.  Mənbə bildirir ki, Quba və İsmayıllı hadisələrindən sonra rayonlardan gələn şikayətlərə diqqət xeyli artırılıb: “Nazirlərin rayonlarda qəbullar keçirməsi də narazılıqların yerində öyrənilməsinə xidmət edir. Nazirlərin rayonda keçirdikləri qəbulların nəticələri də monitorinqin yekununa əlavə edilib. Bütün bunlara rəğmən bəzi rayonlar üzrə şikayətlər kəsilmək bilmir. Ona görə də onların dəyişdirilməsi ilə bağlı siyasi qərar var. Eyni narazılıqları səngitmək üçün daxili işlər və prokurorluq orqanlarına xüsusi göstəriş verilib ki, şikayətləri operativ araşdırıb, vətəndaşlara rəsmi məlumat versinlər”.

 Mənbə ən çox şikayət olunan rayonların da adını açıqladı:

1. İmişli – icra hakimiyyətinin başçısı Vilyam Hacıyev

2. Şirvan – icra hakimiyyətinin başçısı Mərdan Camalov

3. Goranboy – icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev

4. Laçın - icra hakimiyyətinin başçısı Akif Səlimov

5. Biləsuvar - icra hakimiyyətinin başçısı Mahir Quliyev

6. Lənkəran - icra hakimiyyətinin başçısı Taleh Qaraşov

7. Masallı - icra hakimiyyətinin başçısı Rafil Hüseynov

8. Nərimanov - icra hakimiyyətinin başçısı Abidin Fərzəliyev

9. Binəqədi – icra hakimiyyətinin başçısı Xaləddin İskəndərov

10. Oğuz - icra hakimiyyətinin başçısı Evyaz Qurbanov

11. Zaqatala – icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə

12. Ağstafa – icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev

13. Abşeron – icra hakimiyyətinin başçısı Zakir Fərəcov

14. Astara – icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev

15. Lerik – icra hakimiyyətinin başçısı Rövşən Bağırov

 Adı çəkilən rayonlar həm korrupsiyanın, dövlət vəsaitlərinin ifrat dərəcədə mənimsənildiyi, iş adamlarının incidildiyi bölgələrdir. Bu rayonları potensial “İsmayıllı” hesab etmək olar. Mənbə onları əvəzləyəcək şəxslər barədə də maraqlı məlumat verib: “Yeni icra başçıları ənənəvi olaraq oliqarxın nümayəndələri olmayacaq. Yenilər YAP fəalları arasından seçiləcək. Eyni zamanda bu il keçiriləcək parlament seçkisində YAP-ın namizədləri siyahısına düşməyəcək şəxslərin də bir qisminin icra başçısı təyin ediləcəyi gözlənilir”.

istiqlal.az