Hövsanda məktəb direktoruna qarşı aksiya: 21 yaşlı gənc öldü

Paylaşılma tarixi: Jan 19, 2015 2:35:59 PM

 Bakı Şəhəri üzrə Təhsil İdarəsi araşdırma aparır

  Bakının Hövsan qəsəbəsində kütləvi etiraz aksiyası keçirilir. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, etiraz aksiyasında iştirak edənlər bildiriblər ki, 118 saylı məktəbin direktoru Qardaşxan Səlimov məktəbdə təhsil alan şagirdlərin valideynlərini təhqir edib. Bundan hiddətlənən valideynlər isə məktəbin qarşısına toplaşaraq direktorun cəzalanmasını tələb ediblər.

  “Müəllimlərdən biri uzun müddətdir işə çıxmırmış. Şagirdlər bununla bağlı direktora müraciət edərək, onun başqa müəllimlə əvəz olunmasını istəyiblər. Direktor isə bunun cavabında “Atanız evə gəlməyəndə onu başqa kişi əvəz edir?” – deyə şagirdlərə təhqiramiz sözlər işlədib”. Bunu Lent.az-ın əməkdaşına valideynlərdən biri söyləyib.

  Direktorun şagirdləri təhqir etməsi qəsəbə sakinlərinin etirazına səbəb olub: “Ötən həftə sakinlər məktəbin qarşısına toplaşıblar. Onlar direktorun istefasını tələb ediblər. Bu gün səhər isə məktəb direktoru ilə qəsəbə sakinləri arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı qəsəbə sakini Əliyev Elmar Rəcəbəli oğlunun səhhəti pisləşib. Onu xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. Qəsəbə sakinləri E. Əliyevin 21 yaşında olduğunu və hərbi xidmətdən yeni qayıtdığını bildiriblər”.

  Hazırda qəsəbədə etiraz aksiyası davam edir.

  Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) də Hövsanda 118 saylı məktəbdə baş vermiş hadisəyə rəsmi münasibət bildirib. İdarədən Lent.az-a verilən məlumata görə, Şəhər Təhsil İdarəsinin səlahiyyətli şəxsləri sözügedən məktəbdədir: “İdarə tərəfindən araşdırma aparılır”.