Qarabağ indi qaytarılmalıdır

Paylaşılma tarixi: Feb 01, 2015 5:24:33 PM

 “Dağlıq Qarabağ problemi ATƏT-in Minsk qrupunun indiyə qədərki yarıtmaz fəaliyyəti üzündən heç bir şəkildə nəticə verməyib. Niyə nəticə vermədi? Çünki bir tərəfdə Rusiya, bir tərəfdə Fransa, o biri tərəfdə də ABŞ var. Bu üçündə də güclü erməni diasporu var. Bu üç ölkə də ermənilərin təzyiqi altında olduğu üçün heç bir şəkildə bu problemi həll etməyə çalışmadı”.

Bu barədə Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan deyib.

 S.Oğan hesab edir ki, indiki mərhələdə problemi həll etmək lazımdır. Bunun üçünsə güclü beynəlxalq təşkilata ehtiyac var: “ATƏT-in Minsk qrupu təəssüf ki, hörmətini tamam itirib. Bu təşkilatın yenidən nüfuzlu olması üçün millət vəkili Azay Quliyevin təklif etdiyi “5-lik Sədrlər Şurası” ideal bir formuldur. Niyə idealdır? Bir tərəfdən Avrasiya coğrafiyasının lideri Türkiyə, o biri tərəfdə Avropa coğrafiyasının lideri olan Almaniya var. Bu iki ölkə bu qrupda yer alsa, tarazlıq əmələ gələcək. Və ATƏT-in Minsk qrupu, ümumiyyətlə, ATƏT-in bu anlamda problemi həll etməkdə göstərəcəyi təşəbbüs olacaqdır. Bu problemin ilk dəfə bu formulla həll edilməsi məsələsi üzə çıxacaqdır”.

 Onun sözlərinə görə, Türkiyənin Minsk qrupunda olması “Olmazsa olmaz” prinsipidir. Bu, Avropanın iqtisadi lideri olan Almaniyanın burada olmasına da aiddir: “Almaniya və Türkiyə də bu işə böyük həvəslə qatılmaq istəyəcəklər. Bu, Azərbaycan və Türkiyə adına vacib, düşünülmüş, hesablanmış, önəmli bir strateji addım olacaq. Çünki biz bu məsələni sadəcə Azərbaycanın problemi olaraq yox, həm də Türkiyənin problemi olaraq görürük. Bilirsiniz ki, Almaniyada güclü türk diasporu var. Almaniya iqtisadi cəhətdən çox güclüdür, amma siyasət olaraq təəssüf ki, bu tip qurumlarda ön plana çıxmayıb. Bu, Almaniyanı da Azərbaycanın yanına çəkəcək, Almaniyanı da bu məsələdə ön plana çıxaracaq. Düşünün ki, Azərbaycan bu planı ilə əslində Almaniyanın beynəlxalq siyasətdə də qarşısını açacaq, bu baxımdan da Almaniya bu işə sahib çıxacaq. Əminəm ki, Almaniya öz imkanlarından istifadə etməyə başlayacaq ki, Almaniyanın bu mövzuda imkanı açılsın”.

 Türkiyəli millət vəkili bildirib ki, Türkiyə də buna razı olacaq. Bu mövzu Türkiyədə də ciddi qarşılanır: “Və bundan sonra məsələ daha çox səs-küy qaldıracaq. İnanıram ki, Almaniyada da bu vəziyyətdir. Yəni ilk dəfə bəlkə də bu formulla ATƏT-in Minsk qrupu bir şey edə biləcəkdir. Sadəcə, Dağlıq Qarabağ problemini yox, bu formul ətrafda meydana gələcək, regionumuzdakı digər problemlər üçün də bəlkə bir çarə ola biləcəkdir. Bu, çox önəmli təklifdir, bu təklifi dəstəkləyirik. Bunu bundan sonrakı müddətdə də dəstəkləyəcəyik”.

 S.Oğan qeyd edilən məsələ ilə bağlı təkliflər də irəli sürüb: “Bu təklif də Türkiyə XİN tərəfindən işlənməlidir. Türkiyə öz imkanları ilə bu mövzunun üzərində çalışmalı, Almaniya tərəfdən də bu məsələnin işlənməsinə çalışmalıyıq. Azərbaycanın da geniş diplomatik missiyaları var. Türkiyə ilə Azərbaycan birgə bu mövzunu beynəlxalq səviyyəyə çıxarmalıdır. Azərbaycanın Türkiyə ilə deyil, Almaniya ilə də çox gözəl münasibətləri var. Azərbaycanın Rusiya ilə də xüsusi münasibətləri var. ABŞ və Fransa ilə əlaqələri də var. Hər iki ölkə öz imkanlarını dövriyyəyə salaraq bu yeni formulu beynəlxalq arenaya çıxarmalıdır. İnanıram ki, bu mövzuda bacarıqlı olacağıq. Əgər bacarıqlı olsaq, Dağlıq Qarabağ problemini ədalətli şəkildə həll etmək imkanına malik olacağıq. Çünki artıq dəqiq şəkildə bəllidir ki, mövcud fəaliyyəti ilə ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemini həll etmək iqtidarında deyil. Bu yeni formul daha balanslı, daha tarazlaşdırılmış bir quruluşla problemi həll edəcək. Sadəcə, bu problemi deyil, bölgədəki bir çox münaqişələri də - Ukrayna, Krım - həll edəcək”.

 Qeyd edək ki, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, deputat A.Quliyev mediaya ATƏT PA-nın gələn ay Vyanada keçiriləcək qış sessiyasında həm Almaniyanın, həm də Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk həll prosesinə yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək “5-lik Sədrlər Şurası” (SŞ) ilə əvəz olunması haqqında məsələ qaldırmağı planlaşdırdığını açıqlayıb.

Tez xeber