Gəncədə 500 min manatlıq yığım başladı
Paylaşılma tarixi: Jul 03, 2015 5:58:6 PM
Bu biabırçılıq nə vaxt bitəcək..? Avropa oyunları dövründə ölkədəki bir çox neqativ hallar sanki dondurulmuşdu. Bir çox məmurlar ölkə başçısının qəzəbinə tuş gəlməmək üçün öz əməllərindən sanki əl çəkmişdilər. Ancaq beynəlxalq tədbir başa çatan kimi bəzi məmurlar tələm-tələsik “boş qalan” günlərin hesabını doldurmağa çalışırlar.
Belə məmurlardan biri də Gəncə ŞİH-nin başçısı Elmar Vəliyevdir.
Qafqaz Xəbər Agentliyi bildirir ki,Oyunlar bitən kimi Elmar Vəliyev məmurları və iş adamlarını toplayaraq tapşırıq verib. Ki, Gəncədəki yataqxana binalarına üzlük döşəmək və Gəncədə çay qırağında bulvar salmaq üçün mənə təcili 500 min manat pul lazımdır.
Beləliklə icra başçısının pul yığımı mexanizmi işə salınıb. Şəhərdəki müəssisələrdən və məktəblərdən təcili pul yığımı baslayıb. Bütün sahibkarları, iş adamlarını bir-bir çağırıb pul tələb edirlər.
Şəhərin memarı Azad Əliyev başçının tapşırığı ilə obyekt sahiblərini çağırtdırıb hər birindən pul tələb edir, əks təqdirdə obyekti sökdürməklə hədələyir. Şəhərdə iş adamları həyəcan və təşviş içərisindədir.
İcra başçısı şəhərdəki bütün məmurları və idarə rəhbərlərini şəxsən özu çağırtdırıb təhdidlə bildirir ki, “ get pul gətir”. Kim “pul yoxdur” desə, başçı “get, tap, işçilərdən yığ” əmrini verir.
Hazırda məktəblərdə iş olmadığı üçün məktəb müdirləri pis vəziyyətə düsüblər. Müəllimlər təcili işə çağrılır və onlardan pul tələb olunur. Bu isə əmək haqqları onsuz da aşağı olan müəllimlərdə ciddi narazılıq yaradır.
Beləliklə idarə rəhbərləri açıq-aşkar cinayətə sövq edilir, gündə neçə kərə təhqir olunurlar.
Hər dəfə iclaslarda eyni mövzu təkrarlanır, “pul gətirməyənlər cəzalandırılacaq”.
Bütün dünyada maliyyə böhranı olduğu bir vaxtda icra başçısı qaz vurub qazan doldurmaq eşqinə düşüb. Beləliklə şəhərdəki iş adamları, sahibkarlar başçının hərəkətlərindən bezib şəhərdən didərgin düşürlər, iş yerləri bağlanır, adamlar işsiz qalır və cəmiyyətdə narazılıq baş qaldırır.
Ölkənin ikinci böyük şəhərində əhali sürətlə azalır, obyektlər və müəssisələr fəaliyyətini dayandırır.
Qafqaz Xəbər Agentliyinə verilən məlumata görə icra başçısı Hacıkənd qəsəbəsindəki Mixaylovka kəndinin demək olar ki, yarısından çoxunu alıb, orada böyuk bir mülk tikib, ucu-bucağı olmayan fazenda-plantasiya salıb. Orada işləyən ustaların və fəhlələrin maaşlarını Gəncədəki idarələr verir.
İcra başçısı şəhərin mərkəzində Kəpəz rayon icra hakimiyyətinin binasının arxasında böyük bir bazar, Qafqazda ən böyük alıs-veriş mərkəzi tikdirir.
Bunlar azmış kimi Gəncə küçəsinin başında böyük bir ticarət mərkəzi inşa etdirir. Həmin yeri icra başçısı müxtəlif biabırçı yollarla xırda sahibkarların (fotoqraf, Eleganse kafe, ayaqqabı və dəri sexi və böyük iaşə obyekti) əlindən alıb.
Şəhərdə fəaliyyət göstərən institutlar və universitetlərdə görülən təmir işlərini ancaq İH-ə tabe olan tikinti briqadaları icra edirlər və 3 dəfə baha qiymətə. Bir 1 kv. m tametin alışı və vurulması üçün məktəblərdən 70 manat pul alınır, hansıki bunu məktəb rəhbərləri 10-13 manata həll edə bilərlər.
İcra başçısı məmur və idarə rəhbərlərini cəmiyyət arasında təhqir edir.
Mətbuatda barəsində gedən yazılardan sonra icra başçısı az bir müddət susur, şəhərdə nisbi sakitlik olur. Ancaq sonra yenidən başlayır.
Hamı fikirləşir ki, bu biabırçılıq nə vaxt bitəcək? / http://qafqaznews.az/2015/07/g-nc-d-500-min-manatliq-yigim-basladi/
Xeberlent.az- See more at: http://xeberlent.az/index.php?do=xeber_inner&id=13094#sthash.2Z8BeSba.dpuf