Turan Agentliyi Vergilər Nazirliyinin iddialarını qanunsuz hesab edir
Paylaşılma tarixi: Aug 10, 2017 5:39:37 PM
Turan Agentliyi Vergilər Nazirliyinin iddialarını qanunsuz hesab edir
2017 Avqust 10 ( Cümə axşamı ) 11:33:07
Siyasət
Bakı/10.08.07/Turan: Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti 7 avqsut 2017-ci il tarixində Turan İnformasiya Agentliyinə qarşı cinayət işi açıb və ibtidai istintaqa başlayıb. Eyni zamanda, həmin departament avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlayıb.
Adı çəkilən departamentin qərarı başqa bir departamentin (Bakı Şəhəri Lokal Gəlirlər Departamenti) agentliyə 2014-cü ildən etibarən təxminən 27 min manat (16 200 dollar) əlavə gəlir vergisi, əlavə avans ödənişləri və faiz borcları ilə birlikdə isə 37 min manatdan çox borc hesablanması haqqında qərarına əsaslanır.
Hər iki departament agentlikdən bütün vergi sənədlərini tələb ediblər (müvafiq olaraq 5 və 15 gün ərzində).
Agentlik vergi orqanlarının gəlir ölçüsünün kiçildilməsi ilə bağlı iddialarını qətiyyətlə təkzib edir, adı çəkilən qurumların əməllərini qanunazidd və açıq-aşkar qərəzli hesab edir, bununla əlaqədar 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. Agentlik Vergilər Nazirliyinin hər iki departamentini cavabdeh qismində cəlb edib.
İddia ərizəsində agentlik məhkəmədən:
Vergilər Nazirliyi yanında Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin 7 avqust 2017-ci il tarixli gəlir vergisinin hesablanması haqqında qərarını ləğv etməyi;
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin agentlikdə səyyar vergi yoxlaması keçirilməsi haqqında qərarının qanunsuz və etibarsız sayılmasını xahiş edir.
Digər dəlillərlə yanaşı, iddia ərizəsində məhkəmənin diqqəti Lokal Gəlirlər Departamentinin avqustun 08-də Turan Agentliyinə 7 avqust 2017-ci il tarixli 2014-cü il üçün 7991,70 manat, 2015-ci il üçün 9829,20 manat, 2016-cı il üçün 9086 manat məbləğlərində gəlir vergisinin hesablanması haqqında üç qərarını təqdim etməsinə, bu zaman buna qədər elə həmin qurumun artıq Agentliyə 2016-cı il üçün 3744,36 manat ölçüsündə əlavə gəlir vergisi məbləği hesabladığını, nəticədə agentliyin bank hesablarından 5 min manat çəkildiyini gizlətdiyinə çəkir. Ən əsası isə, həmin qərar agentliyin inzibati şikayəti əsasında Vergilər Nazirliyi tərəfindən ləğv edilib! Lokal Gəlirlər Departamenti, birincisi, əvvəlki yoxlama faktını gizlədir, ikincisi, "gəlir vergisi" məbləğini 3 dəfəyə yaxın şişirdir, üçüncüsü isə öz səlahiyyətlərinə uyğun olmayan addımlar atır - 30 iyun 2017-ci il tarixində Vergilər Nazirliyi Agentliyin gəlir məbləğini kiçiltmədiyini hesab edərək, Lokal Gəlirlər Departamentinin qərarını (o vaxt "cəmi" 3744,36 manat) ləğv edir. Yəni yuxarı orqanın qanuni qüvvəsi olan qərarı olduğu halda, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tamamilə buna zidd qərar qəbul edib.
Ərizədə həmçinin qeyd edilir ki, avqustun 8-də Turan Agentliyinə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin nümayəndəsi gəlib və növbədənkənar səyyar vergi yoxlaması keçirilməsi haqqında qərarı təqdim edib, bu qərarın surətini belə agentliyə verməkdən imtina edib, yalnız Agentliyin Nəzarət Kitabçasında Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinadla qeyd yazmaqla kifayətlənib. Amma sözügedən maddəyə əsasən, növbədənkənar səyyar vergi yoxlaması yalnız vergi orqanının məlum mənbədən vergi ödəyicisinin öz gəlirlərini və ya vergi qoyulan obyektini gizlətdiyi (kiçiltdiyi) haqqında əldə etdiyi məlumatlar əsasında həyata keçirilə bilər. Belə məlumatlar yox idi və olmadığına görə, qərar Agentliyə təqdim edilə bilməzdi.
Dəhşətli hüquqi nihilizmə bərabər olan və yuxarı orqana, onun qərarına tabesizliyi, habelə Konstitusiya və Vergi Məcəlləsinə etinasızlığı nümayiş etdirən tələskənlik həm də bu əməllərin və qərarların sifariş xarakterli olmasının, KİV orqanı kimi Turan Agentliyinin fəaliyyətinə mane olmağa, onun işinin iflic vəziyyətinə salınmasına yönəldiyinin göstəricisi ola bilər. İki departamentin sinxron addımları və açıq-aşkar əsassız olaraq açılmış cinayət işi də bu şübhələri gücləndirir.
Agentlik qeyd edir ki, vergi orqanlarının hərəkətləri Azərbaycan qanunvericiliyi ilə yanaşı, Avropa İnsan Hüquqları Konvensiyasının 7, 10, 13, 14, 17 və 18-ci maddələrində nəzərdə tutulmuş hüquqları, habelə 1 saylı Protokolun 1-ci və 7 saylı Protokolun 4-cü maddələrini pozur.
İddia ərizəsini Turan Agentliyinin direktoru Mehman Əliyev imzalayıb. Məhkəmədə Agentliyin hüquqlarını məşhur vəkil Fuad Ağayev müdafiə edəcək. -06D-