Neftin ucuzlaşması əmlak bazarını «donduracaq» - EKSPERT
Paylaşılma tarixi: Aug 04, 2015 3:59:38 PM
Dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşması davam edərsə, bu Azərbaycanın daşınmaz əmlak bazarını faktiki olaraq donduracaq. Bu barədə fins.az-a əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov bildirib. Neftlə əmlak arasında qiymət asılılığı Onun sözlərinə görə, Azərbaycanda neftin qiyməti ilə daşınmaz əmlakın qiyməti arasında birbaşa asılılıq var. Belə ki, neft bahalaşandan 6-8 ay sonra əmlakın da qiyməti artır. Neft ucuzlaşanda isə əks proses baş verir – yəni 6-8 ay sonra əmlakın qiyməti düşməyə başlayır: «Hazırda biz bu prosesin şahidiyik».Əmlak bazarı dayanıbN.İbrahimov bildirib ki, hazırda daşınmaz əmlak bazarına, xüsusilə də təkrar (köhnə mənzillər) bazarına sərmayə yatırılması demək olar ki, dayanıb: «Əhali əlindəki vəsaitləri fevral-mart ayında bazara yatırdı və bununla da qiymətlərin kəskin enməsinin qarşısı alındı. Amma indii belə imkan yoxdur. Bankda pulu olanlar onu ya xaricə çıxarmağa çalışırlar, ya da bu proseslər başa çatanadək qoruyub saxlamağa cəhd edirlər, yəni bu gün daşınmaz əmlaka yatırmırlar».
İlin sonunadək köhnə mənzillər daha 4-5-% ucuzlaşacaq
Ekspert bildirir ki, belə vəziyyətdə neftin qiymətinin enməsi əmlakın ucuzlaşmasını bir az da sürətləndirə bilər: «Çünki bəzi layihələrə pul ayrılmır, investisiyalar azalır, bankların kredit imkanları məhdudlaşır, eləcə də Rusiyadan gələn vəsaitlər azalır». N.İbrahimovun sözlərinə görə, belə vəziyyətdə əhali daha qənaətcil olmağa başlayıb: «Əhalinin gəlirlərinin artımı dayanıb, hətta əlində pul olanlar da vəziyyətin düzələcəyini gözləyərək əmlaka pul yatırmağa tələsmirlər, başqa sözlə, mənfi gözləntiər əhalini daha qənaətcil olmağa vadar edib».
Bu vəziyyət 2018-ədək davam edəcək
Ekspert bildirir ki, daşınmaz əmlak bazarında, xüsusilə də köhnə mənzillər bazarındakı bu vəziyyət - bazara ciddi müdaxilə olmasa - hələ 2-3 il davam edəcək: «İnanmıram ki, bu vəziyyət davam etsə, yaxın 2-3 il ərzində əmlak bazarına ciddi pul qoyulsun. Əlavə vəsaitlər ayrılmasa daşınmaz əmlak bazarı 2018-ci ilədək belə vəziyyətdə olacaq». «Yeni tikililərin də ucuzlaşmasının vaxtı çatıb» Nüsrət İbrahimovun sözlərinə görə, təkrar bazardakı qiymət azalmaları özünü ilkin (yeni tikililər) bazarda da göstərəcək. Ekspert bildirir ki, bir qayda olaraq təkrar bazarda dəyişikliklər özünü bir neçə aydan sonra ilkin bazarda göstərir. Eləcə də ilkin bazar əsasən bir neçə iri tikinti şirkəti tərəfindən tənzimləndiyinə görə, burada dəyişikliklər sürətli olmur: «Ona görə də indiyədək yeni tikililərin qiymətində ciddi dəyişiklik olmayıb. Amma fikrimcə bu bazarda da qiymət enməsinini vaxtı çatıb».
İpoteka pulları yeni binalara xərclənəcək
Qeyd edək ki, Nazirər Kabinetinin 2015-ci ilin ilk yarım ilinin nəticələrinə həsr edilmiş iclasında prezident İlham Əliyev əmlak bazarının canlandırılması üçün ipoteka kreditləri məqsədilə 200 milyon manat həcmində vəsaitin ayrılması barədə tapşırıq verib. Ekspert bildirir ki, bu vəsaitlər bazara təsirini göstərə bilər, amma onlar əsasən yeni tikilən binalardakı mənzillərin alınması üçün yönəldiləcək: «Hazırda Mərkəzi Bankın da hazırlıqları bundan ibarətdir ki, həmin vəsaitlərlə yeni tikilən binalardakı mənzillərin alınması üçün mexanizm yaradılsın. Bu, tikinti sektorunu dəstəkləmək üçün lazımdır. Deməli təkrar bazardakı vəziyyət olduğu kimi qalacaq».
Vergilərin tutulması da satışları azaldıb
Ekspertin sözlərinə görə, əmlak bazarında aktivliyin azalmasının əsas səbəblərindən biri də əmlak satışından əldə olunan gəlirlərə görə, vergilərin tutulmasının tətbiqi olub. Qeyd edək ki, bu qaydanın tətbiqinə fevral-mart aylarından başlanıb. Yeniliyin məğzi əmlakın alış və satış qiyməti arasındakı fərqdən gəlir vergisinin tutulmasıdır. Bu qayda yalnız daimi yaşayış yeri olmayan əmlaklara tətiq olunsa da, Nüsrət İbrahimovun sözlərinə görə, onun tətbiqi əmlak bazarınan aktivliyini azaldıb: «Əgər aktivliyin azalması 50% iqtisadi vəziyyətlə əlaqədardırsa, 50% də vergilərlə bağlıdır. Çünki gəlirlərin azalması alıcıların aktivliyini azaldır, vergi qaydası isə satıcıların və əmlak biznesi ilə məşğul olanların aktivliyini aşağı salır».
http://www.fins.az/