İran və Azərbaycan dəmir yollarını birləşdirir: Bakı Tehranı Avropaya çıxarır

Paylaşılma tarixi: Sep 18, 2015 6:15:34 PM

İran və Azərbaycan iki ölkənin dəmiryolu şəbəkəsinin birləşdirilməsi barədə danışıqlar aparır.Strateq.az İRİB-ə istinadən bildirir ki, bu barədə İranın Gilan vilayətinin valisi Məhəmməd Əli Nəcəfi açıqlama verib.Məhəmməd Əli Nəcəfi bildirib ki, iki ölkənin dəmiryol şəbəkəsi Azərbaycanın Astara şəhəri ilə İranın Astara şəhəri arasında bir-birinə qovuşacaq.“Ötən avqust ayında Bakıda İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan müştərək komissiyasının həmsədri Mahmud Vaizinin iştirakı ilə keçirilən İranın dəmiryol şəbəkəsinin Azərbaycana birləşdirilməsi üzrə koordinasiya iclasında Azərbaycan iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün dəmiryolu şəbəkəsinin Azərbaycanın Astara şəhərindən İranın Astara şəhərinə qədər uzadılmasını təklif edib”.Nəcəfi bu dəmiryolu xəttinin İranı Avropaya, Rusiya və Qafqaz ölkələrini isə Fars körfəzinə birləşdirəcəyini deyib: “Astara-Astara dəmiryolunun uzunluğu 7 kilometr olacaq . Bunun 2 kilometri İran ərazisində, qalan 5 kilometri isə Azərbaycan ərazisində quraşdırılmalıdır”.

Gilan valisi deyib ki, Bakıda keçirilən iclasda həmçinin İran Astarasında böyük bir yük terminalı da quraşdırılması qərara alınıb.

X. SƏFƏROĞLU