Əhali kredit borclarını qaytara bilmir

Paylaşılma tarixi: May 15, 2015 10:25:17 AM

Problemli kreditlərdə fantastik artım2014-cü ilin mart ayı ilə müqayisədə verilmiş kreditlərin sayı 32% artıbAzərbaycanda kredit götürənlərin sayı 2 milyon 400 min nəfərə çatıb. Mərkəzi Bankın məlumatına görə, bu rəqəm ilin əvvəlində 2 milyon 316 min nəfər olub. Kredit götürənlərin böyük əksəriyyəti - 2 milyon 300 minə yaxını fiziki şəxslərdir. Son 1 ildə banklardan borc alanların sayı ötən ilin yanvar ayı ilə müqayisədə təxminən 370 min nəfər artıb.Kredit üçün banklara müraciət edən, lakin ala bilməyənlərin sayı da az deyil. Təkcə ötən ilin dekabr ayında Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) müraciətlərin sayı 325 min nəfər olub. Lakin, müraciət edənlərdən cəmi 26 min nəfərinə kredit verilib.

21 milyard kredit

2015-ci ilin mart ayına olan statistikaya görə, maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 21 milyard manat məbləğində kredit ayırıb. Bu kreditlərdən 16 milyardı uzunmüddətlidir.

Mütəxəssislərin bildirdiyinə görə, maliyyə-kredit təşkilatlarının əhaliyə ayırdığı kreditlərin həcmi ildən-ilə artır. 2014-cü ilin mart ayı ilə müqayisədə verilmiş kreditlərin sayı 32% artıb. Bu da təxminən 7 milyard manata yaxın edir.

Kredit götürənlərin sayı ilə müqayisə etsək, əhalisi 10 milyon civarında olan Azərbaycanda hər 4 nəfərdən birinin banklara borcu var. Bu rəqəmi ölkədəki ailələrin sayı ilə müqayisə etsək, ortalama hər ailənin ən az bir üzvünə kredit borcu düşər.

Bahalı kreditlər...

 Mərkəzi Bankın pul-kredit siyasətində etdiyi korrektələrə baxmayaraq, bankların problemli kreditlər məsələsinin daha da dərinləşməsinin şahidi olduq. Xüsusilə, fevral ayındakı devalvasiyadan sonra daha kritik vəziyyət aldığını görürük. Əgər ilin əvvəlində müştərilərin banklara qaytarılmayan vəsaitlərinin həcmi 976,3 milyon manat idisə, mart ayında 1 milyard 213 milyon manata qədər yüksəlib. Təkcə fevral ayı ilə müqayisədə mart ayında vaxtı keçmiş borcların həcmi 6,5 faizdən yuxarı artıb. Ilin əvvəli ilə müqayisədə 270 milyon manatdan çox yüksəlib. Iqtisadçılar problemin dərinləşməsinin səbəbini bankların bahalı kredit siyasəti yürütməsi, əhalinin sosial-iqtisadi vəziyyətinin aşağı olması və devalvasiya nəticəsində dollarla qaytarılan borclarda problemlərin yaşanması ilə izah edirdilər.ÿ

Martın 2-də Mərkəzi Bankın problemli kreditlərlə bağlı qəbul etdiyi qərar əslində hazırda problemli kreditlərin durumunu yaxşılaşdırıb. Əvvəlki şərtlərin qalması bu statistik göstəriciləri daha acınacaqlı edə bilərdi.

Bəs, əhali kreditləri hansı məqsədlə götürür? Problemli kreditlərin dərinləşməsi maliyyə sisteminə nə vəd edir?

Statistikadan da görünür ki, borc alanların böyük əksəriyyəti - 90%-dən çoxu fiziki şəxslərdir. Mütəxəssislərin bildirdiyinə görə, həmin şəxslərin banklardan götürdüyü pullar istehlak məqsədli kiçik kreditlərdir.

Ölkədə sosial durumun ağırlığı ona gətirib çıxarıb ki, bir çoxları bu kreditlərdən toy etmək, cehizÿəşya almaq, hansısa borcunu ödəmək üçün istifadə edir.

Məhəmməd Talıblı: “Növbəti aylarda problemli kreditlərin xüsusi çəkisi daha da artacaq”

Iqtisadçı Məhəmməd Talıblı vurğuladı ki, banklardan kredit asılılığı bir il bundan öncə 2 milyon nəfərdən azca çox idisə, hazırda bu rəqəm 2,4 milyonu ötüb. Bu kreditlərin tərkibində isə istehlak kreitlərinin xüsusi çəkisi yenə də üstünlük təşkil edir. Təxminən 400 min vətəndaş banklardan kredit götürüb: “Nəzərə alaq ki, bu mərhələdə kredit götürənləri fərqləndirən əsas cəhət onların daha ağır şərtlərlə və istəmədiyi valyuta növündə kredit götürmək alternativsizliyi fonunda baş verib. Bu isə növbəti aylarda problemli kreditlərin xüsusi çəkisinin daha da artacağı ilə müşahidə ediləcək. Kredit ala bilənlərlə yanaşı ala bilməyənlərin də xüsusi payı artıb. Bu isə onu göstərir ki, hətta ağır şərtlərlə belə kredit götürənlərin əlçatanlığı təmin edilməyib. Çünki, kreditə olan tələb artan xətlə davam edir. Demək, kredit üçün müraciət edənlərin cəmi 8 faizi krediti əldə edə bilib. Bu heç hər 10 nəfərin 1 nəfərində kredit almaq imkanının olmamasını göstərir”.

M.Talıblının fikrincə, burada ziddiyyət ondan ibarətdir ki, həm kredit şərtləri ağırlaşır, həm kredit almaq istəyənlərin sayı artır, həm də problemli kreditlərin xüsusi çəkisi yüksəlir. Ekspert hesab edir ki, bu tendensiya onu göstərir ki, problemli kreditlərin xüsusi çəkisi 1 ildən sonra təxminən ikirəqəmli həddə yaxınlaşacaq. Bu isə beynəlxalq normalar baxımından yanaşsaq, təhlükəli hədd deməkdir: “Artıq mövcud gediş həmin proqnozu xeyli yaxınlaşdırır. Onda hələ devalvasiya qərarı yox idi. Devalvasiya qərarı isə həmin prosesi xeyli sürətləndirəcək. Burada problemli kreditlərlə bağlı bir təhlil imkanını diqqətdən qaçırmaq olmaz. Uzunmüddətli kreditlər ümumi kredit portfelinin 76 faizini təşkil edib. Ümumi kredit portfelinin isə 32 faizini problemli kreditlər təşkil edib. Bu isə o deməkdir ki, qısamüddətli kreditlərin, demək olar, hamısını problemli kreditlər təşkil edib və ya uzunmüddətli kreditlərin ödənişində də problemlər indidən yaranmağa başlayıb. Yəni qısamüddətli kreditlər 5 milyard manat, ancaq problemli kreditlər 7 milyard manat təşkil edib”.

Ekspertin fikrincə, baş verənlər bank sektorunda çox ciddi və növbəti illərlə həlli olduqca mürəkkkəb olan problemlərin əsaslarını qoyur. M.Talıblının sözlərinə görə, istehlak kreditlərinin artması da ondan xəbər verir ki, vətəndaşlarımız sadəcə mövcud gəlirləri istehlak büdcəsinə uyğun deyil: “Bu kəsri aradan qaldırmaq üçün banklardan istehlak kreditləri götürüb problemlərini həll etmir, əksinə, bahalı faizlərlə onu daha da ağırlaşdırır və müxtəlif şiddətli forma aldırır. Beləliklə, vətəndaşlar problemlərini həll etmirlər, onları ertələyirlər. Problemin ”istisin" soyudurlar. Bu yalançı ümidlər və özünü aldatma yolu ilə vətəndaşlarımızı özlərinin ümidlərinin sönməsəsinə imkan vermirlər".

Xəyal     http://www.azadliq.info