Taxta “Oskar”, olimpiya oyunları və Obama
Paylaşılma tarixi: Mar 02, 2015 5:29:47 PM
Məhəmməd Talıblı Çox bədxərc və bivec insanlardırlar. Ictimai vəsait anlayışı və onun müqəddəsliyi haqqında diletant anlayışları var. Xalqa münasibətdə yumurtadan “yun qırxmaq”la büdcə gəlirlərini artırmaq haqqında düşünə bilirlər, amma bu yollarla vətəndaşından qazandığı pulları da əcnəbi qonaqlara yüksək səxavətlə xərcləyə bilirlər. Öz vətəndaşlarına nə qədər sayğısızdırsa, əcnəbi qonaqlara bir o qədər lütfkardırlar. Xarici vətəndaşları özlərinin təpələrinə çıxarırlar. Bunların əcnəbi vətəndaş sevgiləri, vallah, fövqəladə və cahanşümul münasibətdir. Bunun izahını normal insan ağlı izah etməyə imkan vermir. Avropa Olimpiya oyunları üçün 3,2 milyard manat azmış kimi 5 min idmançı qonağın bütün xərclərini Azərbaycan tərəfi qarşılayacaq. Bu (5000X39000) 195 milyon manat qədər vəsait edir. Cəmi 12 günlük tədbirdə bu qədər gündəlik xərci öz üzərinə götürən hökumət ölkədə heç bir sahəyə bu qədər həvəslə yardımlar etmir. Bu nə deməkdir? Bu məbləği görəcək heç bir normal dövlət Olimpiya oyunlarının keçiriləcəyi növbəti yarışmalara ev sahibliyi etməklə razılaşa bilməz. Dünyada resursla zəngin ölkələr azalan gəlirləri fonunda hansı yollarla qənaət etmək haqqında fikirləşdiyi halda biz populist layihələrə fantastik məbləğlər xərcləmək uğrunda sanki yarışa girmişik. 2015-ci ilin ev sahibini tapan Avropa indidən növbəti ilin ev sahibini əlində “çıraq” axtarır. Tapan olsa və razılığını almağı bacaran olsa, Olimpiya Komitəsinə məlumat verər.
Ölkələrin tarixində tərəqqi və tənəzzül zamanları olur. Sərvətinin yoxluğundan əziyyət çəkən dövlət olduğu kimi milli gəlirin yoxluğundan əzab çəkən dövlətlər də olub. Onların bəzilərinin bundan başları itməyib. Çünki, zəmanənin qarmaqarışıq olması qəbahət deyil. Bu bütün dövrlərdə olub. Amma biz həmin dövrün gerçəkliklərini həmin zamanın şəraiti baxımından qiymətləndirə bilmədiyimiz üçün ancaq çətin sınaqların yalnız bizim dövrün qismətinə düşdüyünü düşünürük. Amma müharibə illəri də olub... Ikinci dünya müharibəsi illərində vəziyyətin kritik olması hamıya aydın idi. Ona görə bütün dövlətlər daha çox vəsaitlərinə qənaətlə yanaşırdılar. Həmin illərdə xırda xərclərə belə çox həssaslıqla yanaşılaraq hətta “Oskar” mükafatını metaldan yox, taxtadan hazırlayırdılar. Həmin illərini qənaətlə və qara günlərlə keçirən dövlətlər hazırda dünyada ən yüksək milli sərvəti olan ölkələr sayılır. Yəni həmin dünya ölkələrində adambaşına düşən illik ÜDM-in səviyyəsi 80-90 min dollardır. Onlar indiki səviyyəyə həmin günlərdən keçərək gəlib çıxıblar.
Dünyanın ən qüdrətli ölkəsi sayılan ABŞ-ın yaxın tarixindəki addımlar da bu baxımdan təqdir olunasıdır. 2008-ci ildə ABŞ-da ipoteka bazarından start götürən qlobal iqtisadi böhran zamanı bütün Amerika xalqını antiböhran tədbirlərinə hazırlayan Obama hökuməti ilk addımı dövlət məmurlarının əməkhaqqılarının azalmasında gördü. Obama administrasiyası başa düşürdü ki, əvvəlki illərdən heç bir fərqi həyatında hiss etməyən məmur hansı böhrana qarşı səfərbər ola bilər? Qənaətlə yaşamağı bacarmayan insan və dövlətlər uğurlu gələcəyə qovuşa bilməzlər. Bu pis keyfiyyət deyil. Bu neqativ keyfiyyət olsaydı, dünyada Beynəlxalq Qənaət Günü keçirilməzdi.
Düşünə bilərik... Səxavətlə xaricilərə veriləcək 200 milyon manat həcmində olan vəsait bizim üçün nə deməkdir? Bu bizim hansı ehtiyaclarımızı təmin edə bilər? Sadə müqayisələr vermək istərdim. Bu bizim 1 illik elm xərclərimizdən 50 milyon manat çoxdur. Bu bizim 1 illik səhiyyə xərclərimizin 30 faizi deməkdir. Bu məbləğlə biz ölkədə 1,2 milyon pensiyaçının pensiyalarını 170 manat artıra bilərdik. Qısaca, biz bu həddə olan vəsaitlə çox ciddi sosial layihələrin maliyyələşdirməsinə nail olardıq. Amma biz rasional-praqmatik maraqlara cavab verən uzunmüddətli insana yönəlik sosial proqramları yox, daha çox avantürist-populist layihələrə üstünlük verməkdə davam edirik. Mən inanıram ki, postneft dövrü yaxınlaşdıqca biz keçmişdə və indiki səhv qərarlarımıza görə qınanacağıq.
Gözün aydın, Azərbaycan!
Səni artıq dünyada da tanıyacaqlar. Ancaq şəkillərdə, heykəllərdəki və yalançı uğur hekayələrində deyil, gerçək simada və güzgüdə. Yazdan sonra yaydır. Çox az qaldı...
http://www.azadliq.info/