Bakıda taksi sürücüsü özünü yandırıb

Paylaşılma tarixi: Jan 28, 2015 4:40:4 PM

  Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə yanvarın 28-də “20 Yanvar” dairəsinin yaxınlığında baş verib.

  Bakı şəhər sakini taksi sürücüsü, 39 yaşlı Arzuman Hümbətov üstünə benzin tökərək özünü yandırıb. O, yanıq xəsarətləri ilə Yanıq Mərkəzinə yerləşdirilib.

  Yanıq Mərkəzindən verilən məlumata görə Arzuman Hümbətov üçüncü dərəcəli yanıq xəsarətləri alıb, vəziyyəti ağırdır.

  Hadisə yerində olan şəxslərin köməkliyi ilə alov söndürülüb və yaralı xəstəxanaya aparılıb.

  Hadisə şahidlərinin dediyinə görə, Arzuman Hümbətov Nəqliyyat Nazirliyinin müfəttişlərinə etiraz olaraq bu addımı atıb.

  Yasamal rayon Polis İdarəsindən Avtolent.az-a bildirilib ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri aparılan araşdırmalardan sonra məlum olacaq.

  Hələlik Nəqliyat Nazirliyinin bu hadisə ilə bağlı hər hansı mövqeyi səslənməyib.