Bu azərbaycanlıya görə Brejnev niyə bütün SSRİ-ni ayağa qaldırıb? - MARAQLI

Paylaşılma tarixi: Jul 13, 2015 5:17:6 PM

1966-cı ilin yazında baş vermiş bu hadisə Kreml tarixində ən yaddaqalan olaylardan birinə çevrilib. Belə ki, SSRİ-nin, Baş katib Leonid İliç Brejnevin Fransa prezidenti, general Şarl De Qollu qarşıladığı bir ərəfədə Kreml və onun məmurları böyük həyəcan yaşayıblar. Modern.az saytı Kremlin gərginlik keçirdiyi həmin anlarla bağlı yazını təqdim edir. Həmin ərəfədə Fransa prezidentinin Moskvaya rəsmi səfəri ilə bağlı bütün hazırlıq işləri sona çatdırılıb, ən xırda detallar belə, dəfələrlə nəzərdən keçirilib. Gün ərzində bir neçə dəfə görülən işlərlə bağlı Leonid İliçə məruzə edilib. Səfər müddətinə çox qısa bir müddət qalan vaxtda isə Fransa prezidentinin protokol xidmətindən Kremlə növbəti teleqram daxil olub. Teleqramda göstərilib ki, Şarl de Qoll səfəri zamanı SSRİ vətəndaşı olan, özünə dost və silahdaş saydığı Armed Mişellə görüşməyini arzulayır və istəyir ki, hava limanında qarşılanma mərasimində bu şəxs də iştirak etsin. Bu haqda Brejnevə məlumat verilib və Baş katib köməkçisinə həmin şəxsin Kremlə dəvət olunmasını tapşırıb. Elə bu tapşırıqdan sonra da Kremldə əməlli başlı gərginlik yaranıb. Armed Mişelin axtarışı ilə əvvəlcə təkcə bir nəfər məşğul olubsa, sonradan bütün Kreml məmurları bu işə cəlb olunub. Daha sonra isə ali qonağın arzuladığı insanın tapılması üçün bütün SSRİ-ni ayağa qaldırıblar, Dövlət Təhlükəsizlik Komitəsinin, Daxili İşlər Nazirliyinin yerli orqanları, bütün icra strukturları Armed Mişelin axtarışına başlayıb. Ancaq heç bir nəticə hasil olmayıb. Xarici işlər naziri bu haqda Brejnevə məlumatlandırıb:

- Leonid İliç, SSRİ-də Armed Mişel adlı vətəndaş yoxdur.

 Breynev həyəcanlı şəkildə təklifini söyləyib:

 - Əgər SSRİ “KQB”si bu şəxsi tapa bilməyibsə, deməli ad və soyadda yanlışlıq var. Təcili olaraq Fransa prezidentinin protokol xidməti ilə əlaqə yaradın və həmin şəxsin ad və soyadını bir daha dəqiqləşdirin.

Moskvadan Fransaya təcili teleqram göndərilib. Protokol xidmətindən göndərilən “SSRİ vətəndaşı Armed Mişel” cavabı isə Moskvanın yüksəkçinli məmurlarını yenidən çətinliyə salıb.

 Nəticəsiz axrarışlar davam edib, çaş-baş qalan vəzifəlilər Brejnevə nə cavab verəcəklərini düşünüblər. Gərginlik saatbasaat artıb. Nəhayət Mərkizə Komitədə çalışan adi bir makinaçı kiçik bir ipucu ilə bu gərginliyi aradan qaldıra bilib. Makinaçı üç il öncə 1963-cü ildə belə bir ad və soyad olan hansısa bir sənədi çap etdiyini söyləyib və qeyd edib ki, həmin sənədi ona Nikita Xruşovun köməkçisi verib. Daha bir təsadüf məsələyə bir az da aydınlıq gətirib. Məhz bu ərəfədə Xruşovun komandasından qalan köməkçinin sonuncu iş günü olub. Makinaçının sözündən sonra tez-tələsik köməkçinin iş otağına gələn məmurlar onu sorğu-suala tutmağa başlayıblar. İşdən çıxarıldığına görə incik olan köməkçi suallara könülsüz cavab verərək bildirib ki, o Armed Mişeli tanımır, sadəcə Xruşovun tapşırığını yerinə yetirib, onun verdiyi sənədi makinaçıya çatdırıb. Ondan Xruşovla görüşüb bu adam haqqında dəqiq məlumatlar əldə etməyi xahiş edəndə köməkçi bundan imtina edib.

 Nəhayət məsələyə Leonid İliç qarışıb və köməkçiyə bildirib ki, bu olduqca ciddi məsələdir. Baş katib onun Xruşovla görüşməsini xahiş edib və bunun müqabilində onu Mərkəzi Komitədə işlə təmin etməyini də vəd edib.

 Görüş baş tutub. Xruşov sabiq köməkşisinə Armed Mişel haqqında danışıb:

- Hə belə bir insan var. O Azərbaycanda yaşayır. Çox qəribə adamdır. Müharibə vaxtı farnsızların partizan dəstələrində olub, qəhrəmanlıq göstərib. Günlərin birində farnsızlar ona 100 min dollar pul göndərmişdilər. Bu azərbaycanlı da bu pulları qəbul etmək istəmirdi. Mən onu təcili Kremlə çağırtdırdım. Dedim ki, səni başa düşürəm, qürurlusan, pulu götürmək istəmirsən, amma onu geri qaytarmaq da düzgün deyil. Nəhayət onu razı saldım ki, pulları Sülh Fonduna köçürək. Razılaşdı. Daha doğrusu mən onu razılığa gətirdim. Mən onu nahara dəvət etdim. Elə bu ərəfədə də Sülh Fondundan lazımi sənədləri gətirdilər və o bu sənədlərə imzasını atdı.

 Köməkçi bu şəxsin əsl adını soruşanda Xruşov özünəməxsus əsəbləşib:

- Nə məni sorğu-suala tutmusan? Onun əsl adını xatırlamaq üçün ən azı yarım litr içmək lazımdır. Həm də bunu bilməyə nə var? Sülh Fondunun mühasibatlığındakı sənədləri qaldırın, vəssalam.

Yarım saatdan sonra Sülh Fondunun mühasibatlığında bütün sənədlər qaldırılıb, azərbaycanlı Armed Mişelin kim olduğu müəyyənləşdirilib: Əhmədiyyə Cəbrayılov.

Elə həmin gün Şəkinin Oxud kəndinə qara “Volqa”lardan ibarət maşın karvanı üz tutub. Əhmədiyyə Cəbrayılov Moskvaya dəvət olunub.

 Əhmədiyyə Cəbrayılovu “Moskva” mehmanxanasında 2 otaqlı “lyuks” nömrədə yerləşdiriblər. Səhər tezdən isə onu SSRİ paytaxtında o dövrdə ən iri ticarət mərkəzi sayılan “QUM”un 200-cü seksiyasına aparıblar. Bu seksiya SSRİ-nin ən yüksək vəzifəli şəxslərinə xidmət edib. Onun üçün bir neçə kostyum, köynək, qalstuk və digər paltarlar seçilib. Hətta ona Moskva yağışından qorunmaq üçün çətir də alınıb.

 Bundan sonra Əhmədiyyə Cəbrayılovun Brejnevlə görüçü təşkil olunub. Leonid İliç onu doğma adamı kimi qarşılayıb. Sözsüz ki, yağlı öpüşlərinə də qərq edib.

 Qısa söhbətdən sonra Brejnev Əhmədiyyə Cəbrayılova deyib ki, indi onunla iki nəfər söhbət edəcək və xahiş edib ki, onlara diqqətlə qulaq assın.

 Əhmədiyyə Cəbrayılovu başqa bir otağa aparıblar. Burda onu çox böyük mehribanlıqla iki nəfər qarşılayıb və aramla fikirlərini ifadə etməyə başlayıblar:

 - Bildiyiniz kimi Fransa prezidenti Şarl de Qoll SSRİ-yə rəsmi səfərə gəlir. Səfər zamanı prezidentin iştirak edəcəyi tədbirlər və hərəkət marşurtları əvvəlcədən planlaşdırılıb və təsdiqlənib. Amma buna baxmayaraq ola bilsin ki, Şarl de Qollun öz yaxın dostunun yaşadığı kiçik kəndə səfər etmək istəyi də olsun. Artıq Azərbaycanın Şəki rayonunun Oxud kəndinə gedən yollarında asfaltlaşdırılma işinə başlanıb. Ancaq biz belə düşünürük ki, bu kifayət deyil. Sizin razılığınızla cəmisi 2-3 sutka ərzində yaşadığınız ərazinin abadlaşdırılmasını, fərdi yaşayış evinizin ikinci mərtəbəsinin tikilməsini, avtomobil və texnikanız üçün xüsusi yerlərin hazırlanmasını və digər işləri də həyata keçirmək istəyirik. Sizin ali qonağımıza özünüzü sıravi aqronom kimi deyil, ilk sovet fermeri kimi təqdim etməyiniz də məsləhət görülür.

Əhmədiyyə Cəbrayılov

 Əhmədiyyə Cəbrayılov onları səbr və diqqətlə dinlədikdən sonra deyilənlərə çox qısa cavab verib və otağı tərk edib:

- Mən heç nə eşitmədim, siz isə heç nə demədiniz.

 Nəhayət Şarl de Qollun səfər günü yetişib. “Vnukovo 2” hava limanında SSRİ rəhbərləri ali qonağı qarşılamaq üçün sıraya düzülüblər. Fransa prezidenti ilk olaraq Brejnevlə görüşdükdən sonra ətrafa göz gəzdirib. “Armed Mişel”i görən kimi tələsik addımlarla ona tərəf irəliləyib. O cümlədən Əhmədiyyə Cəbrayılov da qollarını açaraq irəli keçib, cəbhə dostunu bağrına basıb. Protokol qaydaları çərçivəsindən kənara çıxan bu mənzərə hamının təəcübünə səbəb olub, həmcinin Leonid İliç Breynevin də...

 Xatırladaq ki, Əhmədiyyə Cəbrayılov Fransa müqavimət hərəkatının, kapitan Delplankın rəhbərlik etdiyi Tarn və Qaron departamentlərindəki 4-cü eskadronun üzvü olub. Partizanlar arasında şücaətinə görə fərqlənib, bir çox döyüşlərdə iştirak edərək ən mühüm tapşırıqları uğurla icra edib. Şarl de Qolla dəfələrlə eyni əməliyyatda iştirak edib. Sonralar saysız-hesabsız döyüş tapşırıqlarını yerinə yetirən Əhmədiyyə 1945-ci ilin mayında birinci fransız ordusunun tərkibində döyüşlərə qatılıb. Onun qəhrəmanlığı, şücaəti Şarl de Qollun diqqətindən yayınmayıb. Elə onların əsl dostluqları da döyüşlərdən başlayıb. Partizanlıq etdikləri vaxtlarda Şarl de Qolla Əhmədiyyə Cəbrayılov barmaqlarını çərtərək, qədim adət-ənənəyə uyğun qanlarını birləşdirərək qan qardaşı olublar.

Şarl de Qoll

 1946-cı ildə Əhmədiyyə Cəbrayılov Azərbaycana qayıtmağı qərar verib. Şarl de Qoll ona istənilən şəraitin yaradılacağını söyləsə də, Cəbrayılov fikrindən dönməyib. Beləliklə, 25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə SSRİ-yə qayıdıb. Burada o, vətən xaini kimi qəbul olunub və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınıb. Şarl de Qollun SSRİ-yə rəsmi səfərindən sonra Əhmədiyyə Cəbrayılovun üzərindən “vətən xaini” adı götürülüb.

 Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülüb – “Müharibə Xaçı”, “Hərbi şücaət xaçı”, “Fransa Müqavimət hərəkatı medalı”, “İgidliyə görə medal”ı, “Yaralanmağa görə medal”.

 O, 1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunub.

1994-cü il yanvarın 6-da Əhmədiyyə Cəbrayılova “Fəxri Legion” ordenini təqdim edilib.

Əhmədiyyə Cəbrayılov 10 oktyabr 1994-cü ildə Şəkidə yol qəzası zamanı həlak olub.

Xatırladaq ki, rejissor Ramiz Fətəliyevin Şarl de Qollun 1966-cı ildə SSRİ-yə səfəri ilə bağlı qələmə aldığı “Protokolun 3-cü bəndi” adlı ssenarisi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb.

İlham Cəmiloğlu