“Neftin hər dollarına görə milyonlar itiririk”

Paylaşılma tarixi: Jan 23, 2015 5:36:23 PM

  Axar.az-ın “Millətin vəkilləri” layihəsinin qonağı millət vəkili, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimlidir.

  Manatın məzənnəsi qorunacaq

  - Əli müəllim, son zamanlar dünya bazarında neftin qiymətinin düşməsi ölkədə narahatlıqla izlənilir. Sizcə, bu qiymət enməsi Azərbaycana necə təsir edə bilər?

 - Dünya bazarında neftin qiymətinin düşməsi nəticəsində 2014-cü ilin ikinci yarısından başlanan olaylar 2015-ci ildə də davam edir. Son illər Azərbaycan iqtisadiyyatında neft amilinin rolu bir qədər azalsa da, hələ də kifayət qədər yüksək olaraq qaldığından, neftin qiymətinin aşağı düşməsi Azərbycan iqtisadiyyatına təsirsiz ötüşmür. Bu il Azərbaycanın ümumi daxili məhsulunun 35 faizə qədəri, büdcə gəlirlərinin 65 faizi, xarici ticarətin 90 faizindən çoxu neft amili ilə bağlı olacağından, dünya bazarında neftin qiymətinin hər ucuzlaşan dollarına görə ölkəmizin ÜDM-si təqribən 226 milyon manat, ixrac 260 milyon dollar, büdcə gəlirləri 26,5 milyon dollar azalır. Bununla belə, dünya bazarında neftin qiymətinin aşağı düşməsi Azərbaycana Rusiya qədər dağıdıcı təsir göstərməyəcək. Çünki Rusiya ilə müqayisədə Azərbaycanın iqtisadi manevr imkanları daha güclüdür. Bütün xarici konyukturanın pisləşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı makroiqtisadi tarazlığını qoruyub saxlaya bilir. Özündən əvvəlki illərdə olduğu kimi, ötən il də Azərbaycan tədiyyə balansının cari hesabını profisitlə başa vurdu. 2014-cü ildə tədiyyə balansının cari hesabında profisit 11 milyard dollardan çox oldu. Azərbaycanın ixracının həcmi idxalı 2,6 dəfə üstələyir. Bununla yanaşı, Azərbaycanın 50 milyard dolların üstündə olan strateji valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizinə çatır. Strateji ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir və 3 illik əmtəə və xidmət idxalını örtür. Həmin göstəricilər belə bir fikir söyləməyə əsas verir ki, hökumət və Mərkəzi Bank 2014-cü ildə olduğu kimi, 2015-ci ildə də ümumiyyətlə makroiqtisadi sabitliyi, eləcə də valyuta bazarında çevik tənzimləmə tədbirlərini davam etdirməklə makroiqtisadi sabitliyin çox mühüm komponenti olan manatın nisbi sabitliyini qoruyub saxlaya biləcək. Əsas çox itkilərimiz daha çox neft gəlirləri ilə bağlı olacaq.

  Prezident ədalətli qərar verdi

  - Neftin ucuzlaşması fonunda benzinin 2 qəpik də olsa, qalxmasını və Prezidentin müdaxiləsi ilə yenidən enməsini necə izah edərdiniz?

  - Neftin qiymətinin aşağı düşməsi neft hasil edən ölkələrə mənfi, neft istehlakçısı olan ölkələri iqtisadiyyatlarına isə müsbət təsir göstərir. Yəni neftin qiyməti aşağı düşəndə neft hasil edən ölkələrin neftdən əldə etdikləri gəlir azalır. Ölkə iqtisadiyyatında neftin payı nə qədər yüksək olarsa, gəlirlər də bir o qədər çox azalır. Ona görə də neft hasil edən ölkələr belə şəraitdə neftin qiymətinin aşağı düşməsindən doğan itkiləri azaltmadqan ötrü müxtəlif manevrlər edir. Bunlardan biri vergiləri, ikincisi isə benzinin qiymətini qaldırmaqdır. Məsələn, neftin qiyməti kəskin surtdə aşağı düşməyə başlayanda Rusiyada benzinin qiymətini bahalaşdırdı. Türkmənistan da belə addım atdı. Lakin Azərbaycanda benzinin qiymətinin 2 qəpik artırılması Rusiya və digər ölkələrdən fərqli səbəbdən oldu, yəni bu, yol vergisinin yığılma qaydasındasındakı dəyişikliklə bağlı idi. Bu elə bir ciddi rəqəm olmasa da, bunun hansı məqsəd daşımasından asılı olmayaraq, əhali səbəbinin açıqlanmasını istədi. Amma aidiyyəti hökumət strukturı öz addımlarını əhaliyə yetərincə izah edə bilmədiklərindən, benzinin qiymətinin artırılması ciddi narazılıq doğurdu. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, yanvarın 14-də Tarif (qiymət) Şurasının növbədənkənar iclasında neft məhsullarının qiymətlərinə yenidən baxıldı və 12 yanvar tarixli qərar ləğv edildi.

  Əgər yol vergisinin ləğv edilməsi müqabilində benzinin qiymətinin artırılmasından il ərzində 2015-ci ilin büdcəsinə cəmi 78 milyon manat vəsait daxil olacağını nəzərə alsaq, belə kiçik məbləğdən heç nə itrmirik, yəni yeni variantda da büdcə həmin məbləği götürəcək. Amma məsələ bundadır ki, prezidentin təklif etdiyi variant daha ədalətlidir. Çünki bu variantda həm büdcə uduzmur, həm də əhali ən azı 78 milyon manat uduşlu olur.

  - Sizcə, neftin qiymətinin aşağı düşməsindən sonra 2015-ci ilin büdcəsinə yenidən baxılmasına ehtiyac varmı?

  - Azərbaycan büdcəsində neft amilinin payı 65 faiz təşkil etsə də, onun 53 faizindən çoxu birbaşa Dövlət Neft Fondundan götürüldüyündən və deməli, bir növ sığortalanmış məbləğ olduğundan, neftin qiymətinin aşağı düşməsi büdcəmizə 11-12 faizlik xüsusi çəkiyə görə təsir edə bilir. Belə ki, Azərbaycanın 2015-ci il büdcəsinin 19,4 milyard manatlıq gəlirlərinin 53 faizindən çoxu birbaşa Dövlət Neft Fondundan, 35 faizə yaxını qeyri-neft sahələrindən, 12 faizə qədəri və ya 2,3 milyard manatı isə birbaşa Vergilər Nazirliyi xətti ilə neft sektorundan daxilolmalar təşkil edəcək. Ona görə də neftin qiymətinin hazırkı 50 dollar ətrafında qalması bir il davam edərsə, 1.060 milyon manat ziyan vuracaq. Yəni bir aylıq ziyan büdcə gəlirlərinin təqribən 0,5 faizi, 1 illik ziyan isə 5,3 faizi qədərdir. Belə şəritdə isə müəyyən ikinci, üçüncü, dördüncü dərəcəli layihələrin bir hissəsini ertələmək lazım gələcək, vəssalam, yəni xüsusi təsir etməyəcək. 2015-ci ilin əsas layihələri dayandırılmayacaq. Çünki bu layihələr daha çox Azərbaycanın Birinci Avropa Oyunlarına ev sahibliyi etməsi və Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətinin təmin edilməsi ilə bağlı çox zəruri layihələrdir. Ona görə də neftin qiymətindən asılı olmayaraq, bu layihələr mütləq həyata keçiriləcək. Həm də neftin qiymətinin aşağı düşməsinin törətdiyi fəsadlardan Azərbaycan ən az itki ilə çıxan ölkələrdən biri olacaq. Amma ən pessimist variantda belə 2015-ci ildə büdcə xərclərinin kəskin surətdə ixtisar edilməsinə, tikintiləri kütləvi surətdə saxlamağa, bəzi ölkələrdə olduğu kimi, maaş və pensiyaların verilməsini ləngitməyə və sairə ehtiyac olmayacaq. Manatın məzənnəsi nisbi sabitliyini saxlaya biləcək, inflyasiya MDB ölkələrinin orta statistik səviyyəsindən aşağı olacaq.

  Bu, gələcəyə qoyulan sərmayədir

  - Bu il Avropa Olimpiya oyunları ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Bu tədbir Azərbaycan iqtisadiyyatına nə verəcək?

  - Beynəlxalq idman tədbirlərindən yüksək gəlir götürmək heç bir ölkədə əsas məqsəd deyil. Belə tədbirlr gəlir naminə yox, idmanı inkişaf etdirmək, həmin tədbirə ev sahibliyi edən ölkənin imicini qaldırmaq baxımından əhəmiyyətlidir. Avropa Oyunları Azərbaycanın dünyaya yeni keyfiyyət halında təqdim olunması üçün çox önəmli tədbirlərdən biridir. Birinci Avropa Oyunları Avroviziya mahnı müsabiqəsindən sonra Azərbaycanda keçiriləcək ən böyük tədbir olacaq. Birinci Avropa Oyunları üçün 2015-ci ilin büdcəsində 1,3 milyard manat vəsait nəzərdə tutulub. Bu, həmin oyunları vaxtında və dünya standartlarına uyğun səviyyədə keçirməyə imkan verəcək. Birinci Avropa Oyunları üçün ayrılan vəsaiti gələcəyə yatırılan sərmayə kimi özünü daha geniş səpkidə təsdiq edəcək. Birinci Avropa Oyunları çərçivəsində Bakıda köhnə binaların bərpası, təmir işləri, yolların bərpası, yeni yolların çəkilməsi və s. hazırlıqlar görülür. Şəhərimizdə yeni stadionlar, idman obyektləri inşa olunur, ümumilikdə beş yeni obyekt tikilib: Bakı Su İdmanı Mərkəzi, Milli Gimnastika Arenası, BMX Veloparkı və Bakı İdman Zalında müvafiq idman yarışları keçiriləcək. Bundan əlavə, tikilməkdə olan Milli Stadionda yüngül atletika yarışları, eyni zamanda möhtəşəm açılış və bağlanış mərasimləri keçiriləcək. Bununla yanaşı bir sıra mövcud obyektlər də rekonstruksiya edilir. İnşa və təmir olunan idman qurğularının tikintisi zamanı xeyli sayda Azərbaycan vətəndaşları işlə təmin olunur ki, bu da məşğulluğa müsbət təsir göstərir. Oyunlar zamanı ölkəyə çoxlu sayda turist gələcək ki, bu da həm Azərbaycana əlavə pul qoyuluşudur, həm də Azərbaycanın dünyada tanıdılması, təbliği üçün önəmlidir.

  Seçicilərin əhvali-ruhiyyəsi əsas versə…

  - Əli müəllim, qarşıdan parlament seçkiləri gəlir. Namizədliyinizi bir daha irəli sürəcəksiniz?

  - Milli Məclisə seçkilərə hələ 10 aya qədər vaxt qalır. Bu müddət ərzində seçkidə iştirak etmək arzusunda olan hər kəs öz gücünü, bacarığını, ictimai və siyasi potensialını, cəmiyyətin ona münasibətini və cəmiyyətə real fayda vermək imkanlarını obyektiv dəyərləndirmklə hərəkət etməlidir. Platformamı və həmin istiqamətdə gördüklərimi və görə bildiklərimi obyektiv dəyərləndirməklə, əgər seçicilərin əhvali-ruhiyyəsi növbəti dəfə də namizədliyimi irəli sürməyə əsas versə, onda parlament seçkilərinə qatılacam.

  - Bu beş ildə Əli Məsimli öz seçicilərinə nə verib?

  - Milli Məclis hakimiyyətin yalnız qanunvericiliklə məşğul olan qoludur. Amma deputata münasibətdə bu prinsip çox vaxt arxa planda qalır. Bu baxımdan reallıq hisslərini itirməyən hər kəsə məlumdur ki, mövcud qanunvericilik çərçıvəsində və Azərbaycan reallıqları şəraitndə deputat nələri etməlidir, nələri edə bilər, nələri isə bacarmaz. Deputatların xeyli hissəsi çalışır ki, bu prinsipə əməl etsin. Bunu nəzərə alaraq mən seçicilərlə görüşlərimdə səmimi surətdə bildirdim ki, insan həyatda daha çox 3 halda yalan danışır: ovdan qayıdanda, əsgərlikdən qayıdanda, seçkiqabağı kampaniya zamanı.

  Seçkiqabağı təbliğat kompaniyası zamanı bəzi namizədlər öz üzərlərinə ölkə prezidentinin, baş nazirinin səlahiyyətlərinə aid məsələlər səviyyəsində öhdəliklər götürürlər və təbii ki, seçiləndən sonra öz əsassız vədlərinin altından çıxa blmirlər. Çox təəssüf ki, belə əsassız vədlər millət vəkili haqqında mənfi fikirlər formalaşmasında ciddi rol oynayır. Ona görə də mən seçicilrimə bildirmişəm ki, səlahiyyətlərim çərçivəsində əlimdən gələni əsirgəməyəcək, bacardığımı edəcəyəm. Belə də edirəm.